Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:24

Navalnı ya Rusiyaya qayıtmalıdır, ya da ‘həbs oluna bilər’


Aleksey Navalnı
Aleksey Navalnı

Ölkəsinə qayıdacağını söyləyən Navalnı isə deyir ki, bu tələb Rusiya hökumətinin onun zəhərləndiyini qəbul etdiyini göstərir

Rusiyanın Federal Cəzaların İcrası Xidməti Kremlin tənqidçisi və antikorrupsiya fəalı Aleksey Navalnıya deyir ki, Almaniyadan təcili qayıtsın, yoxsa Rusiyada həbs oluna bilər. Navalnı hazırda Berlində müalicə olunur.

Dekabrın 28-d yaydığı bəyanatda təcridxana xidməti Navalnını şərti cəzanın şərtlərini pozmaqda ittiham edib. Cəza 2014-cü ildə dələduzluq ittihamı və istintaqdan yayınmaqla bağlıdır.

Navalnı bu il avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis edib. Sibirdə xəstəxanaya aparılan müxalifətçi süni komaya salınıb, sonradan Almaniyaya göndərilib.

Şərti cəza həbslə əvəzlənə bilər

Avropanın üç ölkəsində laboratoriyalar Navalnının Noviçok qazıyla zəhərləndiyini üzə çıxarıb, Kimyəvi Silahların Qadağanı Təşkilatı da bunu təsdiqləyib. Sonradan Avropa Birliyi Rusiyanın altı məmuruna və dövlət tədqiqat institutuna sanksiyalar tətbiq edib.

Rusiya hakimiyyəti isə iddia edir ki, Navalnı Almaniyaya aparılanadək onun bədənində Noviçok izi tapılmayıb. Rusiya insident üzrə cinayət işi açmayıb. Navalnı isə zəhərlənməsinə görə birbaşa Rusiya Prezidenti Vladimir Putini ittiham edir.

Xidmət Britaniyanın “The Lancet” tibb dərgisində çıxmış məqaləyə istinad edir, Navalnının sentyabrda Berlinin “Charite” xəstəxanasından buraxıldığını, oktyabrın ortasınadək tam sağaldığını qeyd edir.

“Məhkum məhkəmənin onun üzərinə qoyduğu öhdəlikləri yerinə yetirmir, Kriminal Müfəttişliyin nəzarətindən yayınır”, – həbsxana xidməti bildirir.

Navalnının üç il yarımlıq şərti cəzasının sınaq müddəti dekabrın 30-da bitir. Putinin açıq tənqidçisi olan Navalnı işi siyasi motivli adlandırır. Rusiya rəsmiləri iddia olunan pozuntuları təsdiqləsələr, onun şərti cəzası real həbslə əvəzlənə bilər.

Dekabrın 28-də Navalnının vəkili Vadim Kobzev tvitində yazıb ki, Kriminal Müfəttişlik Navalnının dekabrın 29-da səhər idarəyə gəlməsinə göstəriş verib.

“O hələ də zəhərlənmədən müalicə alır”

Ölkəsinə qayıdacağını söyləyən Navalnı isə deyir ki, bu tələb Rusiya hökumətinin onun zəhərləndiyini qəbul etdiyini göstərir.

Müxalifətçinin sözçüsü Kira Yarmışın sözlərinə görə, Navalnının qoyulan vaxtadək Rusiyaya qayıtması mümkün olmayacaq, çünki o hələ də zəhərlənmədən müalicə alır.

Navalnı dekabrın 21-də Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı ilə telefon söhbətinin yazısını yayıb, həmin söhbətdə zəhərlənmə açıq müzakirə olunub. Konstantin Kudryavtsev olduğu bildirilən FSB əməkdaşı Rusiya təhlükəsizlik rəsmisi ilə danışdığını düşünərək zəhərlənmə şəraitini təsvir edir.

FSB səsyazısını saxta adlandırıb.

Navalnının çoxdankı həmkarı, Anti-Korrupsiya Fondunun (FBK) hüquqşünası Lyubov Sobol isə bu günlərdə başqasının mənzilinə “zorakılıqla girmək”də ittiham olunub. O, dekabrın 21-də Kudryavtsevin mənzilinə gedərək qapısının zəngini basmış, onu səsyazısı ilə bağlı sorğu-sual etmək istəmişdi.

Sobol dekabrın 25-də saxlanıb, mənzilində axtarış aparılıb, kompüterləri, telefonları müsadirə olunub. Ona dekabrın 25-də ittiham irəli sürülüb və buraxılıb. Təqsirli bilinərsə, iki ildən beş ilədək həbsə məhkum edilə bilər. Sobol özü ittihamların Navalnının zəhərlənmədən sağ çıxmasına görə “intiqam” olduğunu deyir.

XS
SM
MD
LG