Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

Prezident: '…Bir qisim hələ də qalır və bizə qarşı terror törədir'


H.Akar və İ.Əliyev
H.Akar və İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

Prezident İ.Əliyev görüşdə işğaldan azad edilən Azərbaycan torpaqlarında görülən işlərdən danışıb: "Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra etməyə başlamışlar. Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq".

"...imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar"

Prezident deyib ki, qarşı tərəf ara-sıra atəşkəsi pozur: "Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirilib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir".

Prezidentin qeyd etməsinə görə, bütövlükdə atəşkəs saxlanılır: "Hesab edirəm ki, bu, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış bəyanatın müsbət tərəfidir. Bununla paralel olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır".

"Hələ də təhdidlər, təhlükələr var"

İ.Əliyev Ağdamda yerləşəcək Türkiyə-Rusiya Monitorinq Mərkəzindən də danışıb: "Azərbaycan bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa, o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər".

Prezidentə görə, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar: "Açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər... Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir".

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG