Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:10

HRW: 'Hökumət fərqli düşünənlərə ədavətindən əl çəkməyib'


Bakıda 14 iyul orduya dəstək yürüşü
Bakıda 14 iyul orduya dəstək yürüşü

Hesabatın Azərbaycana aid hissəsində ötənilki 44 günlük Qarabağ müharibəsindən söz açılır, münaqişə tərəflərinin beynəlxalq humanitar hüququ pozduğu vurğulanır

“Human Rights Watch”un Baş direktoru Kennet Ros hesabatın təqdimatı zamanı AzadlıqRadiosu-nun sualını da cavablandırıb. Sual 44 günlük Dağlıq Qarabağ müharibəsi vaxtı beynəlxalq qurumların Azərbaycanda dinc sakinlərə Ermənistan tərəfdən hücumları yetərincə pisləməməsi ilə bağlı idi: “Ölkədə bir sıra insan haqları fəallarının mövqeyi belədir. “Human Rights Watch” bu hücumlarla bağlı əlavə araşdırma planlaşdırırmı?”

Ken Ros deyib ki, qurum hər iki tərəfdən dinc sakinlərə hücumlara, klastr bombalarından istifadəni araşdırıb, hər iki tərəfin pozuntulara yol verdiyini üzə çıxarıb. “Dağlıq Qarabağ məsələsində aşırı ziddiyyət var. Hər bir tərəf digərilə bağlı araşdırma istəyir”, – deyən Ros hər iki tərəflə bağlı araşdırma aparmağın, tərəflərin bunu pisləməsinə baxmayaraq, daha obyektiv yol olduğunu vurğulayıb.

Qurumun digər rəsmisi Hyu Uilyamson dekabrın 15-də qurumun yaydığı hesabatı yada salıb. Həmin hesabatda Azərbaycanda dinc sakinlərin Ermənistanın hücumlarına məruz qaldığı bildirilirdi, Bərdə və Gəncəyə raket hücumları detallı araşdırılmışdı. Uilyamson hesabatda şahidlərlə müsahibələrin, video dəlillərin yer aldığını qeyd edib.

***

Yanvarın 13-də “Human Rights Watch” insan haqları təşkilatı dünyada hüquq və azadlıqların durmuyla bağlı illik hesabatını yayıb.

Hesabatın Azərbaycana aid hissəsində ötənilki 44 günlük Qarabağ müharibəsindən söz açılır, münaqişə tərəflərinin beynəlxalq humanitar hüququ pozduğu vurğulanır. “Azərbaycan ordusu hücumlarda qadağan olunmuş klastr bombalarından istifadə edib”, – hesabatda deyilir.

Ancaq Azərbaycan rəsmiləri bu iddiaları dəfələrlə təkzib edib, döyüşlərdə qadağan olunmuş silahlara əl atılmadığını vurğulayıb.

Pandemiya qadağalarından sui-istifadə

Müharibədə humanitar hüququn daha bir ciddi pozuntusu kimi Azərbaycan əsgərlərinin erməni əsirlərlə pis rəftar etdiyi, bu hərəkətlərin çəkilərək internetdə yayıldığı yada salınır. Azərbaycan tərəfi həmin videolarla bağlı cinayət işi açdığını, dörd hərbi qulluqçunun həbs olunduğunu bildirib.

“Müharibə dövründə milli həmrəylik hökumətlə siyasi müxalifət arasındakı ixtilafı müvəqqəti dayandırsa da, hökumət fərqli düşünənlərə, narazı səslərə ədavətindən əl çəkməyib. Hakimiyyət Covid-19 pandemiyasını səngitməyi hədəfləyən qadağalardan tənqidçilərinə, özəlliklə Azərbaycan Xalq Cəbhəsi Partiyasına bağlı olanlara qarşı istifadə edib. Avropa İnsan Haqları Məhkəməsi 2020-ci ildə beş ayrı-ayrı iş üzrə bildirib ki, 2014-2016-cı illərdə hakimiyyət tənqidçiləri fəaliyyətlərinə görə qanunsuz olaraq həbs etdirib”, – hesabatda vurğulanır.

“Human Rights Watch” qeyri-hökumət təşkilatlarının (QHT) müstəqil fəaliyyət göstərməsini əngəlləyən məhdudlaşdırıcı qanunların qüvvədə qaldığını bildirir.

İlboyu saxlananlara işgəncə verilməsi, pis rəftar olunmasına dair xəbərlərin də ardı kəsilməyib.

Seçki, həbslər

Hesabatda fevralda vaxtından əvvəl keçirilmiş parlament seçkilərində pozuntularla bağlı mötəbər dəlillərin olduğu qeyd edilir. Seçki hakim partiyanın qanunverici orqanda üstünlüyünü saxlaması ilə sonuclanıb.

Ancaq hakimiyyət təmsilçiləri istər tənqidçilərin susdurulması, istərsə seçkilərdə saxtakarlığa dair indiyədək səslənən fikirləri rədd edir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Apreldə Ali Məhkəmənin iki siyasi məhbusa – siyasətçi İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərova bəraət verdiyi də qeyd olunur. Martda isə araşdırmaçı jurnalist Əfqan Muxtarlı gözlənilmədən həbsdən buraxıldı, Almaniyada yaşayan ailəsinə qovuşdu.

Hesabatda azı üç jurnalist və blogerin hazırda siyasi motivlərlə həbsdə olduğu deyilir. Azərbaycan hökuməti isə jurnalistlərin peşə fəaliyyətinə görə qisasçılıqla üzləşmədiyini, konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Qurum AXCP üzvlərinin qondarma ittihamlarla üzləşdyini qeyd edir. Onların içində zorla psixiatrik klinikaya yerləşdirilmiş Aqil Hümbətovun, partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudovun, 14 iyul yürüşündə saxlananlar qeyd edilir. Noyabrda partiya üzvlərinin əksəriyyəti ev dustaqlığına buraxıldı.

Tramp “fəlakət idi”

“Human Rights Watch” ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydeni Donald Trampın dörd illik prezidentliyindən sonra ölkənin insan haqları öhdəliklərini gücləndirməyə çağırır. Baydeni qlobal insan haqları sisteminə zərbə vuran Rusiya və Çin kimi “güclü oyunçulara” qarşı formalaşmış koalisiyalara qoşulmağa səsləyirlər.

Tramp həm ölkədə, həm də xaricdə “insan haqları üçün fəlakət” idi, qurumun baş direktoru Kennet Ros hesabatın girişində yazır.

Onun sözlərinə görə, hakimiyyətdən getməkdə olan prezident hüquqi öhdəliklərə etinasız yanaşıb, həyatları üçün əndişələnən insanlar sığınacaq axtarışını çıxıblar, miqrant uşaqları valideynlərindən ayırıblar, ağdərili irqçilərə meydan verilib, demokratik prosesə zərbə vuran addımlar atılıb, irqi, dini azlıqlara nifrət qızışdırılıb.

Bayden yanvarın 20-də and içəndən sonra ABŞ hökuməti bir sıra Qərb ölkələrinin, Latın Amerikasındakı demokratiyaların, əsasən müsəlmanlar yaşayan ölkələrin kollektiv cəhdlərinə “qoşulmalıdır, onları sıxışdırmamalıdır”, hesabatda vurğulanır.

HRW hesabatında Çində, Rusiyada ötən il repressiyaların artdığı, avtoritarizmin, qadağaların gücləndiyi də qeyd edir.

XS
SM
MD
LG