Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:06

Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq 'fikri yoxdur'


Sergey Lavrov
Sergey Lavrov

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs bəyanatında Dağlıq Qarabağın statusuna toxunulmur. Lavrov deyib ki, status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib

Erməni hərbi əsirlərin məsələsi ilə Rusiya sülhməramlıları və şəxsən onların komandanı general Rüstəm Muradov məşğul olur.

Lakin Azərbaycanda neçə hərbi əsirin olduğu və onların nə vaxt qaytarılacağı bilinmir.

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə bu barədə məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də ilin yekunlarına həsr edilmiş mətbuat konfransında verib.

Erməni jurnalistin Dağlıq Qarabağın statusu barədə verdiyi sualın cavabında Lavrov deyib ki, bu məsələ son dərəcə mürəkkəb olduğuna görə 9 noyabr bəyanatına daxil edilməyib.

O deyib ki, bugün erməni tərəfində qalan ərazilər Rusiya sülhməramlılarının məsuliyyəti zonasına daxildir və bu, elə bugünə olan statusdur.

9 noyabr bəyanatının məxfi əlavəsi yoxdur

Lavrov habelə deyib ki, 9 noyabr bəyanatının heç bir məxfi əlavəsi yoxdur.

Azərbaycanlı jurnalistin Ermənistan rəsmilərinin Qarabağa səfər etmək və orada bəyənatlar vermək haqqının olub-olmaması barədə sualına cavab olaraq Lavrov deyib ki, “Ermənistanın Qarabağla əlaqəsi olmalıdır və bu məsələ indiyədək heç vaxt mübahisələndirilməyib”.

Nazirin sözlərinə görə humanitar fəaliyyətlə əlaqəsi olan məmurlar Ermənistandan Qarabağa səfər edə bilərlər və Laçın dəhlizi də elə bu məqsədlə saxlanıb.

Amma nazir xəbərdarlıq edib ki, Stepanakertə (Xankəndiyə - red) səfər edən rəsmilər gərginlik yarada biləcək “emosional bəyanatlar” verməkdən çəkinməlidirlər.

Sergey Lavrov deyib ki, bugün Ermənistanda azərbaycanlı hərbi əsirlər yoxdur, amma Azərbaycanda erməni əsirlər var.

10 noyabra qədər əsir düşənlərin hamısı qaytarılıb

Nazir məlumat verib ki, dekabrın əvvəllərində Ermənistan tərəfi Azərbaycan tərəfində ola biləcək mümkün əsirlərin yeni siyahısını təqdim edib:

“Əsirlər məsələsi Azərbaycan prezidenti və Ermənsitan baş naziri yanvarın 11-də Moskvada olarkən kifayət qədər uzun müzakirələrin mövzusu olub. Əvvəlcə ən çox problem erməni tərəfində idi, çünki hər iki tərəf – Azərbaycan və Ermənistan itkin düşənlərin və qaytarmaq istədikləri adamların siyahılarını tərtib edərək təqdim etmişdilər. Azərbaycan belə bir sıyahını verib və bu siyahıdakı say kiçik idi. Azərbaycanın siyahısında olanlar dərhal olmasa da qaytarılblar. Bundan başqa Azərbaycan tərəfindən itkinlər, əsirlər və saxlananlarla bağlı heç bir problem yaranmayıb. Erməni tərəfi siyahıları dərhal və tam təqdim etməyib”.

Lavrov əlavə edib ki, Ermənistan tərəfinə 10 noyabra qədər döyüş əməliyyatlarında iştirak etmiş bütün əsirlər qaytarılıb.

Onun sözlərinə görə bundan sonra ayrı situasiya yaranıb və Azərbaycan artıq atəşkəsdən sonra Hadrut rayonundakı məlum hadisələrdə iştirak edən 62 erməni əsir götürülüb.

Azərbaycan tərəfində əsirlər 62-dən çoxdur

Azərbaycan tərəfi bu hərbi əsirlərin 9 noyabr razılaşmasına dəxli olmadığını bəyan edib. Bakı bildirir ki, bu əsirlər barədə məsələyə ayrıca baxılmalıdır:

“Buna baxmayaraq, prezident Putin və mən hamkarlarımızla əlaqələr vaxtı hər halda bu məsələyə baxılmasının vacibliyini vurğulayırıq. Bu məsələni bağlamaq üçün əsirləri “hamını hamıya” prinsipi ilə dəyişmək lazımdır”.

Onun sözlərinə görə indi məlum olub ki, Azərbaycan tərəfindəki əsirlərin sayı 62-dən çoxdur.

Lakin Sergey Lavrov əsirlərin dəqiq sayı barədə məlumat verməyib. O əlavə edib ki, indi Ermənistanda dəqiq siyahı var və bu məsələ ilə Rüstəm Muradov məşğul olur.

Rusiya naziri Dağlıq Qarabağın statusu barədə suala cavab verərkən tövsiyə edib ki, bugün bu məsələdən danışılmasın.

Lavrov əmin olduğunu bildirib ki, bu məsələni gələcəkdə - Qarabağın erməni və azərbaycanlı icmaları dinc yanaşı yaşamağı bacarandan sonra daha asan tənzimləmək olar.

Lavrov “xatalı bəyanatlar” verməməyə çağırıb

Azatutyun yazır ki, “Qarabağda atəşkəs elan edildikdən sonra Rusiya da daxil, dünya sentyabrın 27-də Bakının Dağlıq Qarabağa qarşı genişmiqyaslı müharibə başlamasından danışmır”.

Sergey Lavrov hətta erməni tərəfini dolayısı ilə müharibə təxribatı törətməkdə irttiham edib:

“Erməni rəsmilərin Qarabağda kifayət qədər siyasiləşdirilmiş bəyanatlar verməsi gərginliyə səbəb olur. Mən hesab edirəm ki, bunu etməmək daha yaxşı olardı. Biz artıq Qarabağda Qarabağa dair verilmiş emosional bəyanatların maddi gücə çevrilməsinin şahidi olmuşuq. Bu halda isə hər iki tərəfdən verilən bəyanatlar çox mənfi maddi qüvvəyə çevrilib”.

Azatutyun yazır ki, Lavrov Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını nəzərdə tutub.

***

Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə qatmaq ‘fikri yoxdur’. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də illik mətbuat konfransında deyib.

Nazir Dağlıq Qarabağın statusunun Ermənistan daxil olmaqla heç kəs tərəfindən tanınmadığını vurğulayıb. “Bizim ümumiyyətlə belə fikrimiz yoxdur. Biz bu məsələlərin ölkələr tərəfindən, ilk növbədə Ermənistan və Azərbaycan tərəfdən həll olunmalı olduğunu düşünürük”, – Lavrov jurnalistin sualını belə cavablandırıb.

O, Moskvanın regionda sülhü və sabitliyi təmin edəcək həll variantına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Ötən il noyabrın 9-da imzalanmış atəşkəs bəyanatına görə Azərbaycanla Ermənistan öz mövqelərində qalıblar, təmas xəttinə Rusiya hərbi kontingenti yerləşdirilib. Azərbaycan 44 günlük müharibə nəticəsində 7 rayonuna və Qarabağın bir hissəsinə nəzarəti geri ala bilib.

Status məsələsi

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı atəşkəs bəyanatında Dağlıq Qarabağın statusuna toxunulmur. Lavrov deyib ki, status məsələsi ziddiyyətlidir və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaq qərarı verilib.

Onun sözlərinə görə, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olmalıdır və onlar bu yaxınlarda regiona təkrar səfər edəcəklər. Sonuncu səfər ötən dekabrda həyata keçirilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev 2-ci Qarabağ müharibəsi bitəndən sonra dəfələrlə Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, status məsələsinin gündəmdə olmadığını vurğulayıb. Ancaq Ermənistan rəsmiləri statusun müəyyənləşdilməsinin vacibliyindən danışırlar.

“Ermənistan rəsmilərinin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar verməsi yəqin ki, gərginlik yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar verməkdən qaçmaq daha yaxşı olar”. Bunu isə Lavrov “APA”nın Moskva müxbirinin sualına cavabında deyib. Nazir deyib ki, indi diqqət Azərbaycan və Ermənistan rəhbərliyi arasında təmasların qurulmasına, tərəflər arasında etimad mühitinin yaranmasına yönəldilir: “Bu, 11 yanvar Moskva görüşünün əsas məsələlərdən biri idi. Ümid edirəm ki, emosiyalar indi ikinci plana keçirilməlidir. İndi həm də Dağlıq Qarabağın statusunun prioritet məsələ kimi irəli sürülməsi üçün uyğun vaxt deyil. Sizə zəmanət verirəm ki, Rusiya sülhməramlılarının cavabdehlik daşıdığı zona, praktiki planda məhz Dağlıq Qarabağın statusu hazırda bu cür müəyyən olunub. Bu forma həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını təmin edəcək”.

Bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat da imzalayıblar. Bəyanat regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG