Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Bayden Qarabağda neyləyə bilər – Qərb mediası


Azərbaycan Prezidenti İlham Əliyev Şuşada
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada

Bayden komandasının bəzi üzvləri Azərbaycanda, Qazaxıstanda, Türkiyədə işləyiblər

Yanvarın 20-də ABŞ-da prezident andı içmiş Co Bayden sələfi Donald Trampın demək olar unutduğu Cənubi Qafqaza və Orta Asiyaya nə təklif edə bilər? “Intellinews” portalı yazır ki, Trampın bu ölkələr haqda nəsə dediyini yada salmaq çətin işdir. O, dünyanın hər yerində avtoritarların dostu idi. Bayden isə həm ölkə içində, həm də xaricdə Amerikanın demokratik etimadını qaytaracaq çox iş görməli olacaq.

Daha çox ərazinin geri alınması önlənə bilər

“İlk iş günündən təxirəsalınmaz böhranlarla üzləşən Baydenin diqqətini Rusiyanın arxa bağçasına yönəldəcəyi də inandırıcı görünmür. Amma onun xarici siyasət komandası iş başında olacaq və Sem dayının təsirini və yaxşı reputasiyasını bərpa etməyə müəyyən imkanlar açılacaq”, – məqalədə deyilir.

Bayden komandasının bəzi üzvləri Azərbaycanda, Qazaxıstanda, Türkiyədə işləyiblər. Məsələn, Milli Təhlükəsizlik Şurasında Rusiya və Orta Asiya üzrə direktor vəzifəsini tutacaq Andrea Kendall-Teylor uzun müddət Azərbaycan və Qazaxıstanla bağlı fəaliyyət göstərib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

“Baydenin seçki qərargahı münaqişəyə dair güclü bəyanat verdi, ancaq Moskva atəşkəsə nail olunca ona maraq azaldı. O vaxtacan Fransa, bu işdə xüsusi marağı olmayan dövlət katibi Mayk Pompeonun vasitəçiliyi ilə atəşkəs alınmamışdı”, – məqalədə deyilir.

O da vurğulanır ki, Bayden administrasiyasında erməni kökənli bir neçə aparıcı rəsmi var və administrasiya Azərbaycanın Dağlıq Qarabağda daha çox ərazini geri almasını önləyə bilər. “Amma mövcud durumu nəzərə alaraq Bayden komandasının münaqişədən sonrakı danışıqlarda güclü rol oynayacağını təsəvvür eləmək çətindir... Regiona 2 min sülhməramlı yerləşdirmiş Rusiya bu regional münaqişəni əlinə alıb”, – portal yazır.

Amerikaya yenidən inanmaq olarmı

“Project-Syndicate” portalında İsveçin keçmiş xarici işlər naziri Karl Bildt bu suala cavab axtarır.

Müəllif qeyd edir ki, Birləşmiş Ştatlarda yeni rəhbərlik transatlantik münasibətlərdə dörd illik pozuntudan sonra ikitərəfli və qlobal məsələlərdə konstruktiv əməkdaşlıq erasının başlanması deməkdir.

Dekabrın əvvəlində Avropa Komissiyası yaydığı sənəddə yenilənmiş AB-ABŞ əməkdaşlığının perspektivlərini müəyyənləşdirdi. Sənəddə deyilirdi ki, ABŞ administrasiyasında dəyişiklik baş verir, Avropa daha qətiyyətli mövqe sərgiləməlidir, postkorona dünyası yenidən çəkilməlidir.

Bayden və komandası iqlim dəyişikliyi, ictimai səhiyyəyə təhdidlər, Çinin yüksəlişi kimi qlobal məsələlərin həllindən ötrü dostlar və müttəfiqlərlə işləyəcəklərini bildiriblər.

Ancaq müəllif indi qitədə fərqli rüzgar əsdiyini yazır. AB-nin 11 üzvü arasında keçirilmiş sorğu Tramp erasında Avropanın ABŞ-a münasibətinin dəyişdiyini üzə çıxarıb. AB üzvlərində respondentlərin əksəriyyəti bu ölkədə siyasi sistemin parçalandığına inanır. Onların fikrincə, Avropa öz müdafiəsində Birləşmiş Ştatlara bel bağlaya bilməz; on il ərzində Çin ABŞ-dan daha güclü olacaq; Avropa bu iki supergücün münaqişəsində tərəf tutmamalıdır.

Respondentlərin 51 faizi Birləşmiş Ştatların daxili parçalanmanı yoluna qoya biləcəyini, Avropanın gələcəyinə bağlı qlobal məsələlərin həllinə sərmayə qoyacağını düşünmür.

XS
SM
MD
LG