Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:07

Gəncə işi: 'Döşəyin altında qumbara nə gəzirdi?'


Qumbara
Qumbara

"Bu işə "dövlət çevrilişi" adını qoymaq üçün günahsız adamları tutublar".

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar həbsdə olanların yaxınları prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın bu işi nəzarətə götürməsini istəyir. Müraciətlərində də vurğulayıblar ki, Yunis Səfərov istisna olmaqla, digər təqsirləndirilən şəxslərin sui-qəsd olayına aidiyyəti yoxdur. Hadisənin gerçək səbəbini gizlətməkdən ötrü günahsız insanları da həbs ediblər.

"İki il yarımdır uşaqlarımız da zülm çəkir, özümüz də"

"Yunis Səfərov özü də bəyan etdi ki, Elmar Vəliyevi insanlara əziyyət verdiyinə, özbaşınalıqlarına görə öldürmək istəyib. Dövlət orqanları Elmar Vəliyevin özbaşınalıqlarının qarşısını almırdı, onun haqqındakı şikayətlərə baxmırdı, ona görə də başqa yol görməyib. Bu işə "dövlət çevrilişi", "terror" adı qoymaq üçün o qədər günahsız adamı tutub basıblar içəri. İki il yarımdır uşaqlarımız da zülm çəkir, özümüz də...", – Mahir Əzizovun anası Məhbubə Əzizova belə deyir.

Valideynlər müraciətlərini yanvarın 29-da Prezident Administrasiyasına göndəriblər. Bir gün öncə - yanvarın 28-də isə Bakı Ağır Cinayətlər Məhkəməsində "Gəncə işi" üzrə məhkəmə araşdırmaları davam edib. Məhkəmədə indiki mərhələdə əsasən polislər şahid qismində dindirilir. Onların arasında həm Gəncə, həm də Bakıda polis orqanlarında çalışanlar var.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslərin hamısının evlərindən axtarış zamanı silah-sursat, qumbara tapılıb. Onlar isə bu iddianın yalan olduğunu, o silahları axtarışa gələn polislərin özləri ilə gətirib qoyduqlarını deyirlər.

"Bəs nəyi bilirsiniz?"

Yasamal rayon Polis İdarəsinin əməkdaşı Seymur Səfərov təqsirləndirilən şəxslərdən Rasim Mustafayevin evindən silahların tapılması haqda ifadə verib. O bildirib ki, dəqiq yadında deyil, silahlar ya paltar dolabından tapıldı, ya da döşəklərin arasından. Polisin sözlərinə görə, həmin vaxt R.Mustafayev onlara deyib ki, silah-sursatı bazarda tanımadığı şəxsdən alıb.

Bu ifadədən sonra vəkillər maraqlanıb ki, bəs niyə sonradan bazarda silah satan adamın kimliyini araşdırmadılar?

"Bizim işimiz axtarışı aparıb, təhvil vermək idi. Sonrası haqda məlumatım yoxdur", – S.Səfərov belə deyib.

Kəpəz rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Şahin Musayevin məhkəmədə sualların əksəriyyətinə "bilmirəm", "yadımdan çıxıb" cavabları təqsirləndirilən şəxslər və onların vəkilləri ilə yanaşı, hakimi də narazı salıb: "Nə soruşurlar, "bilmirəm" deyirsiniz. Bəs nəyi bilirsiniz? Siz bilməlisiz, bu qədər adam həbs edilib, onların taleyi həll olunur...".

"Hamletin cibindən nəsə balaca bir şey çıxdı"

Təqsirləndirilən Hamlet Abdullayevin evindən silah-sursat tapıldığını iddia edən sahə müvəkkili Nicat Əvəzli iddia edib ki, qumbaranı yataqda döşəyin altından götürüblər.

"Döşəyin altında qumbara nə gəzirdi? Nə əcəb adamlar yaşadıqları evdə öz yataqlarına qumbara qoyublar. Bu, heç sizə qəribə görünmədi?", – vəkillərin sahə müvəkkilinə ünvanladığı bu sual da cavabsız qalıb.

H.Abdullayevin evindən qumbara, üstündən də narkotik tapıldığı iddia olunan protokolda Arif Əliyev adlı hal şahidinin də imza var. Amma o, məhkəmədə bildirib ki, nə oxuya, nə də yaza bilir: "Polis bölməsinin qarşısından keçəndə çağırıb dedilər ki, "gəl, şahidlik elə". Mənim yanımda Hamletin cibindən nəsə balaca bir şey çıxdı. Bilmirəm nə idi. Sonra dedilər ki, "dayan burada, evinə gedəcəyik, orada da şahidlik edəcəksən". Getdik, ya döşəyin, ya da divanın altından silahlar çıxdı. Mən görmədim. Elə dedilər...".

H.Abdullayev evində silah-sursat olmadığını vurğulayaraq hal şahidindən evini təsvir etməsini istəyib. Soruşub ki, həyat evi idi, yoxsa bina? Hal şahidinin "həyət evi idi, deyəsən..." cavabından sonra H.Abdullayev bildirib ki, onun mənzili 4-cü mərtəbədə yerləşir. Bu cavanın özü şahidin danışdıqlarının da, o evdə silah-sursat olması haqda yazılanların da yalan olduğunu sübut edir.

Məhkəmə fevralın 2-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyev və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs olunub. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Y.Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG