Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:18

ABŞ-da yoluxmalar azalır, İsraildə...


Moldova, 29 yanvar, 2021-ci il
Moldova, 29 yanvar, 2021-ci il

Çində isə Dünya Səhiyyə Təşkilatının (DST) ekspert qrupu COVID-19 pandemiyasının mənşəyini araşdırır. Fevralın 1-də qrup Hubey vilayətində görüşlər keçirir

Birləşmiş Ştatlarda koronavirusa yeni yoluxma hallarında azalma tendensiyası gedir. Ölkədə vaksinasiya proqramı da genişləndiyindən müəyyən ümid qığılcımları yaranıb.

Son iki həftə ərzində gündəlik ortalama yoluxma 30 faiz azalaraq 145 minə düşüb. Hazırda xəstəxanalarda 95 min nəfər müalicə alır. Yanvarda bu göstərici 130 min idi.

Bir aya 95 mindən çox ölüm

Yanvar Birləşmiş Ştatlarda pandemiyadan ən çox ölümün qeydə alındığı ay oldu, 95 mindən çox xəstə vəfat etdi.

Hakim orqanlar əhalinin peyvəndləməsini sürətləndirməyə çalışır, çünki yeni virus variantları pandemiyanın trayektoriyası sarıdan narahatlığı artırmaqdadır.

330 milyon əhalisi olan ölkədə son bir həftədə günə bir milyondan çox adama vaksinin birinci dozası vurulur. Artıq 25 milyondan çox insana ya bir, ya da hər iki doza vurulub.

Avropa Birliyi vaksin təchizatında müəyyən problemlərdən sonra “irəliləyiş”lə bağlı açıqlama verib.

AB Komissiyasının rəhbəri Ursula von der Leyen yanvarın 31-də bildirib ki, “AstraZeneca” şirkəti birinci rübdə çatdıracağı dozaların sayını 30 faiz artıracaq.

Şirkət ötən həftə bildirmişdi ki, birinci rüb üçün bloka vəd olunan dozaların yalnız 25 faizini çatdıra biləcək, çünki Avropadakı fabriklərin birində problemlər yaranıb.

İsrail, Çin

İsrail hökuməti isə infeksiyaların yeni dalğasını nəzarətə almağa çalışır, karantin azı beş günlüyə uzadılıb. Son bir ayda ölkədə üçüncü karantin çərçivəsində həyati əhəmiyyət daşımayan bizneslər və məktəblərin çoxu qapalı qalıb.

İsrail dünyada vaksinasiyanı uğurla və sürətlə həyata keçirən ölkələrdəndir, bir aya əhalinin üçdə birindən çoxuna peyvənd vurulub. Martın ortasınadək 9.3 milyonluq əhalinin əksər hissəsinə peyvəndin vurulması planlaşdırılır.

Ancaq bütün bunlara baxmayaraq peyvənd olunmayanlar arasında günə ortalama 6 minədək yeni yoluxma qeydə alınır ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Səhiyyə rəsmiləri bunu Britaniyada aşkarlanmış variantın sürətlə yayılması ilə əlaqələndirirlər.

COVID-19 qadağalarından yayınan ultra-pravoslav yəhudilər də yoluxmaların artmasına töhfə verən kimi görünürlər. Yanvarın 31-də Yerusəlimdə tanınmış ravvinin dəfninə 10 mindən çox adam qatılıb.

Çində isə Dünya Səhiyyə Təşkilatının (DST) ekspert qrupu COVID-19 pandemiyasının mənşəyini araşdırır. Fevralın 1-də qrup Hubey vilayətində görüşlər keçirir.

Koronavirus 2019-cu ilin sonunda Çinin məhz bu regionunda başlayıb.

Bir gün öncə DST ekspertləri virusun ilk dəfə peyda olduğu bildirilən Vuhan bazarında olublar.

Qrup aparılan təhqiqatla bağlı mediaya ətraflı informasiya verməyib.

XS
SM
MD
LG