Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:10

Prezident 'İskəndər' barədə deyilənlərə münasibət bildirdi


İlham Əliyev video mətbuat konfransında
İlham Əliyev video mətbuat konfransında

“Ermənistanın baş nazirinin “İskəndər” raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizdə də sual doğurdu.”

Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında Rusiyanın “Zvezda” media holdinqinin sualına cavabda deyib.

Azərbaycan prezidenti vurğulayıb ki, o bu mövzuda istehza ilə danışmaq istəmir:

“Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz “İskəndər” raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır."

Azərbaycan prezidentinin sözlərinə görə, belə yalanlar çox olub:

“Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim”.

Azərbaycan Prezidenti daha sonra sual edib:

“Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün məhz bu tragikomediya orada baş verənləri xarakterizə edir…”

Ermənistan Baş naziri "İskəndər" barədə nə demişdi?

Ermənistan baş naziri Nikol Paşinyan fevralın 23-də 1in.am portalına verdiyi müsahibədə Rusiya istehsalı "İskəndər" raket komplekslərinin "keyfiyyətsizliyindən" söz açmışdı. O iddia etmişdi ki, 44 günlük müharibədə atılmış "İskəndər" raketləri tam gücü ilə partlamayıb.

Paşinyan "İskəndər" barədə fikirlərini keçmiş prezident Serj Sarkisyanın tənqidinə cavab olaraq bəyan etmişdi.

Sarkisyan isə demişdi ki, o bu raketlərin niyə müharibənin üçüncü və dördüncü günündə, Azərbaycan Horadiz ətrafında, başqa yerlərdə böyük canlı qüvvə və hərbi texnika cəmləşdirəndə atılmadığını başa düşmür.

"Armnews" saytına müsahibəsində keçmiş prezident bunu da iddia etmişdi ki, onda "İskəndər” raketinin Şuşa istiqamətində istifadə olunduğuna dair mötəbər informasiya var. Şuşa uğrunda döyüşlər müharibənin son günlərinə təsadüf edirdi.

"İskəndər" raketlərini 2016-cı ildə Ermənistanın Rusiyadan aldığı bildirilir.

Bu zaman bu prosesin elə Rusiyadan verilən kredit hesabına gerçəkləşdirildiyi qeyd edilir.

Paşinyanın "İskəndər" barədə dedikləri Rusiyada ‘fırtına’ yaradıb- Azatutyun
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG