Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilib


Ş.Hümbətova 2020-ci ildə ABŞ Dövlət Departamentinin "Cəsarətli qadınlar" mükafatına layiq görülüb.
Ş.Hümbətova 2020-ci ildə ABŞ Dövlət Departamentinin "Cəsarətli qadınlar" mükafatına layiq görülüb.

Vəkil Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarılıb. Bununla bağlı bu gün, martın 5-də Bakı İnzibatı Məhkəməsində qərar qəbul olunub.

Bu barədə AzadlıqRadiosuna Şəhla Hümbətovanın özü məlumat verib. Onun deməsinə görə, hakim Aytən Orucovanın sədrliyi ilə keçən prosesdə Vəkillər Kollegiyasının Ş.Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiası təmin edilib.

Ş.Hümbətova AzadlıqRadiosuna açıqlamasında qərarın gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, 2019-cu ildə verilmiş siyasi qərara bu gün, martın 5-də hakim, sadəcə, qol çəkib.

"Bu qərar ölkədə..."

Ş.Hümbətova qeyd edib ki, Vəkillər Kollegiyasından çıxarılması insan hüquqlarına basqıdır: "Bu qərar ölkədə insan hüquqları ilə bağlı durumun, siyasi motivlərlə həbs olunmuş, təzyiqlərə məruz qalmış insanların hüquqlarının müdafiəçilərinə qarşı münasibətin göstəricisidir".

O bildirib ki, bu fakt Azərbaycanda ilk belə hadisə deyil: "Məndən öncə Yalçın İmanov, Əlayif Həsənov, Xalid Bağırov da Vəkillər Kollegiyasından uzaqlaşdırılıblar. Xalid Bağırovun işində Avropa İnsan Hüquqları Məhkəməsi onun Kollegiyadan çıxarılmasının sırf vəkillik fəaliyyəti, insan hüquqlarının müdafiəçisi olması ilə bağlı olduğunu qeyd edib".

Ş.Hümbətova vurğulayıb ki, bir il qabaq -2020-ci il martın 4-də ona ABŞ Dövlət Departamentinin "Cəsarətli qadınlar" mükafatı verilib: "Bu da bir daha göstərir ki, mənimlə bağlı qərar fəaliyyətimə görə cəzadır".

Xatırlatma

2019-cu ilin noyabrında Vəkillər Kollegiyası Ş.Hümbətovanın bu qurumdan çıxarılması üçün məhkəməyə müraciət edib.

Vəkillər Kollegiyası Ş.Hümbətovanın bir vətəndaşın şikayəti əsasında, həmçinin, Kollegiyaya üzvlük haqqını gecikdirdiyinə görə cəzalandırıldığını açıqlayıb. Ş.Hümbətova bununla razı deyil.

Vəkillər Kollegiyası bu qurumdan sözügedən vəkillərin çıxarılmasını onların qanunçuluğun tələblərini pozması ilə izah edir. Hərçənd, həmin şəxslər tələbləri pozmadıqlarını deyirlər.

XS
SM
MD
LG