Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:14

Ərdoğana 'Yerini bil' dedilər, həbs olunmadılar


R.T.Ərdoğan
R.T.Ərdoğan

Martın 1-də İstanbulda məhkəmə ifadə azadlığı fəallarının xeyrinə qərar çıxararaq prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə suçlanan iki aktyoru sərbəst buraxıb. Məhkəmənin ifadə azadlığı fəallarının xeyrinə qərar çıxarması Türkiyədə nadir hadisələrdəndir.

Aktyorlar Müjdat GəzənMətin Akpınarın hər ikisinin 80-ə yaxın yaşı var. Tərəfdarları Türkiyə televiziya və kinosunun veteranları sayılan bu aktyorlara qarşı açılan işi Ərdoğanın siyasi tənqidə dözümsüzlüyünün bariz nümunəsi kimi görürlər.

"Yerini bil"

Aktyorlara qarşı ittihama onların 2018-ci ildə "Halk TV"də şərhləri səbəb olub. Məhkəmə onların xeyrinə qərar çıxarmasaydı, 4 il 8 aylıq həbs cəzasına məhkum edilə bilərdilər.

Gəzən və Akpınar öz proqramlarında Ərdoğanın 2016-cı ildə baş vermiş çevriliş cəhdindən sonra başladığı təqiblərə qarşı çıxış edirdilər. Çevriliş cəhdindən bəri on minlərlə insan həbs edilib və hökumət işlərindən kənarlaşdırılıb.

"Əgər biz demokratiya olmasaq, axırda lider ya ayağından asılacaq, ya da kamerada zəhərlənəcək", – Akpınar efirdə deyib.

Gəzən isə Ərdoğana belə deyib: "Yerini bil".

"Növbədə kimdir"

Bundan başqa, Mətin Akpınar prezident Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinə toxunub. O, ölkənin bundan əvvəlki rəhbərləri arasında da Rusiya ilə yaxınlaşanların olduğunu, ancaq bunun onlar üçün pis nəticələndiyini söyləyib.

"Mustafa Kamal Atatürkdən başqa kim Rusiyaya üz tutubsa, hakimiyyətdən getməli olub. Adnan Menderes görüşdü, çevriliş oldu. Süleyman Dəmirəl də şimala üz tutanda çevriliş baş verdi. Baxaq görək növbədə kimdir", – o deyib.

Akpınar Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ölkədə qütbləşmə yaratdığını da vurğulayıb.

Məhkəməyə sədrlik edən hakim Gəzən və Akpınarın bu ittihamlar üzrə işinə xitam verilməli olduğu haqda hökm çıxarıb. Məhkəmə hökmündə buna səbəb kimi "təhqirin obyektiv elementlərinin görülməməsi" göstərilib.

Ərdoğanın qəzəbi

Ərdoğan aktyorların efirdə söylədiklərinə qəzəblənərək onlara ictimai şəkildə hücum edib və onları "üzdəniraq artistlər" adlandırıb. Bundan dərhal sonra aktyorlara qarşı cinayət işi açılıb və istintaq başlanıb.

"Onlar məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməlidir. Biz bu işi cavabsız qoya bilmərik. Onlar bunun əvəzini ödəməlidirlər", –Ərdoğan o zaman qəzəblə bildirmişdi.

Həm Gəzən, həm də Akpınar risk qrupunda olduqları üçün koronavirusdan qorunmaq məqsədilə evdən çıxmırdılar. Buna görə onlar məhkəməyə də gəlməyiblər.

Ancaq Gəzən AFP-yə telefonla verdiyi müsahibədə deyib ki, işə xitam verildiyinə görə özünü bəraət almış kimi hiss etmir.

"Bu iş elə ilk gündən açılmamalı idi. Əgər prezident "yerini bil" dediyinizə görə sizə qarşı iş açdırırsa, – bu isə onun, demək olar, hər gün işlətdiyi sözdür – demək Türkiyədə demokratiyadan danışmaq söhbət mövzusu ola bilməz", – Gəzən deyib.

Siyasətin məhkəmə üzərindəki kölgəsi

Eyni zamanda həm şair, həm də teatr aktyoru olan Gəzənin karyerası çox uğurlu olub. O, həm də BMT Uşaq Fondu olan UNICEF-in Türkiyədə xoşməramlı səfiri işləyib.

Akpınar isə Türkiyədə ilk kabare teatrının əsasını qoyub. O, onlarla türk filmində komik rollar oynayıb.

Ancaq aktyorların işinə xitam verilməsi "Türkiyədə hər şeyin gül-çiçək içində olduğu demək deyil. Siyasətin məhkəmə sistemi üzərindəki kölgəsi hələ qalmaqdadır", – Gəzənin vəkili Cəlal Ülgən jurnalistlərə deyib.

"Təəssüf ki, Damokl qılıncı hələ də opponentlər, ziyalılar və fikir liderləri üzərində asılı qalmaqdadır", – deyə o əlavə edib.

Ölkənin aparıcı müxalifət partiyası olan CHP-dən millət vəkili Səzgin Tanrıqulu vəkilin fikri ilə razı olduğunu deyib.

"Siyasətçilər, xüsusən də prezident tənqidə daha dözümlü olmalıdır. Bu, bəsit qaydadır", – o, jurnalistlərə deyib.

XS
SM
MD
LG