Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:56

COVID-lə bağlı ‘alın yazısı’ xəbərdarlığı


Kaliforniyada vaksin vurdurmaq üçün növbə
Kaliforniyada vaksin vurdurmaq üçün növbə

Mərkəzi və Şərqi Avropada yoluxmaların üçüncü dalğası vüsət alır. Ölkələr qadağaları sərtləşdirirlər

ABŞ-da vaksinasiyanın sürətlənməsinə baxmayaraq, yeni yoluxma dalğası xəbərdarlığı səslənir. Prezidenti Co Bayden və aparıcı səhiyyə rəsmisi koronavirus qadağalarının erkən qaldırılmasından narahatdırlar.

Bayden martın 29-da Ağ evdə deyib ki, aprelin 19-dək yetkin yaşlıların 90 faizi vaksin vurdura biləcək.

Artıq 93 milyondan çox insan, ABŞ əhalisinin 28 faizinə koronavirus vaksininin azı bir dozası vurulub. 15.5 faizə yaxın əhali tam peyvənd olunub, yaşı 65 və daha yuxarı olanların yarısı bu siyahıdadır.

10 faizədək artım

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Roçel Valenski isə deyib ki, bəzi ştatlar maska və digər qadağaları qaldırdıqca o, yeni bir dalğanın “alın yazısı” olduğunu düşünür.

Son bir həftədə Birləşmiş Ştatlarda virusa yoluxmalar 10 faizədək artıb, günə 60 minədək yoluxma qeydə alınır. Yanvarda isə bu rəqəm, 200 mindən çox idi. Kəskin şəkildə azalmış ölüm və xəstəxanaya yerləşdirilmə halları yenidən tədricən artır.

Valenski xəbərdarlıq edib ki, Avropa ölkələrinin ardınca ABŞ-a yeni yoluxma dalğası gələ bilər.

“Çox şey gözləyirik, bu qədər vəd var, ümidə əsas var. Amma indilik, qorxuram”, – o deyib.

Bayden də “Covid-19-la müharibənin bitmədiyi” vurğulayıb.

Bu arada CDC-nin tədqiqatı Pfizer və Moderna vaksinlərinin həm simptomatik, həm də asimptomatik yoluxmalarda 90 faiz effektli olduğunu üzə çıxarıb.

4 min tibb işçisi ilə bağlı nəticələrə görə, ikidozalı rejimin bircə dozası vurulandan iki həftə sonra 80 faizlik qoruma təmin edib.

Avropa

Avropada İngiltərə martın 29-dan karantini yumşaltmağa başlayıb. Baş nazir Boris Conson isə yoluxmaların arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Fransada reanimasiyada COVID-19-dan müalicə olunan xəstələrin sayı ötən payızdan bəri ən pis səviyyəyə çatıb.

Avropa boyunca səhiyyə rəsmiləri yeni ştammların daha yoluxucu və daha öldürücü olduğunu deyirlər. Virusun orijinal ştammından fərqli olaraq yeni variantlar daha gəncləri və sağlam şəxslərə təsir göstərir.

Mərkəzi və Şərqi Avropada yoluxmaların üçüncü dalğası vüsət alır. Ölkələr qadağaları sərtləşdirirlər.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da qadağaları sərtləşdirir. O, aprel-may aylarında müqəddəs Ramazan bayramı günlərində həftəsonları sərt karantin tətbiq olunacağını bildirib. Gecələr komendant saatı qüvvədə qalır.

XS
SM
MD
LG