Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:15

Vaxt öldürməkdən doğan kreativlik


İdeya
İdeya

İdeyalar insana onları elə də çox gözləməyəndə gəlir, kreativliyin tarixi bunu bizə öyrədir. Volfqanq Amadey Motsart yeni melodiyaların onu restoranda yemək yediyi, yeməkdən sonra gəzdiyi, yaxud gecə yatmağa hazırlaşdığı yerdə gəlib tapdığını yazır. "Xoşuma gələnləri saxlayır və hətta zümzümə edirəm… Mənə elə gəlir ki, onların gəlib məni necə tapdığını… demək qeyri-mümkündür. Bircə o dəqiqdir ki, mən kefim istəyəndən onları gətirə bilmirəm", – Motsart yazır.

Motsart bu fenomeni yaşayan yeganə adam deyil. Fransız riyaziyyatçısı Puankare ən böyük kəşflərini avtobusla səyahət edərkən, yaxud dəniz qırağında gəzərkən edib. Aqata Kristi isə yazır ki, cinayət hekayələrinin ideyaları ona yuyunduğu zaman gəlirmiş. "Mən düşünmürəm ki, zərurət ixtiranın anasıdır. Məncə, ixtira birbaşa boşluqdan, bəlkə hətta tənbəllikdən yaranır", – deyə o öz avtobioqrafiyasında yazır.

Şüursuz zehnin gücü

Psixoloqlar kreativ ideyaların müəyyən "inkubasiya" dövründən sonra meydana çıxması ilə bağlı dəlilləri inkar etmirlər. Gəzdiyiniz, ev işləri gördüyünüz, yaxud duş qəbul etdiyiniz zaman haqqında düşündüyünüz problemin həllini tapırsınız. Hətta işinizi təxirə salıb gülməli YouTube videoları izləyəndə belə bu ideyalar gəlib sizi tapa bilər.

BBC yazır ki, bunun bir neçə səbəbi var. Aparıcı nəzəriyyələrdən birinə görə, bu, şüursuz zehnin (unconscious mind) gücü ilə bağlıdır. Üzərində işlədiyimiz işdən ayrılanda belə beynimiz, şüurlu olmasa da, optimal həlli tapana qədər həll yolları axtarmağa davam edir.

Bir problem üzərində uzun zaman fokuslananda biz müəyyən həll yollarında ilişib qalırıq, yalnız onlar haqda düşünürük. İnkubasiya dövrü isə bizə mental fokusumuzu genişləndirmək, başqa ideyalarla rabitə quraraq problemin həllinə yeni baxış bucağı ilə qayıtmaq imkanı verir.

Əndazəni aşmamaq

Maraqlıdır ki, inkubasiya beynimiz nisbətən asan işlə məşğul olduğu zaman daha yaxşı işləyir. Bu zaman düşüncələrimizin sərbəst dolaşmasına yer qalır.

Bu, hər işi təxirə salanlar üçün yaxşı xəbərdir. Ancaq amerikalı menecment professorları Cihe Şin Adam Qrantın apardığı yeni araşdırmanın nəticələri göstərir ki, diqqətimizi yayındıran zaman əndazəni aşmamalıyıq.

Bəs kreativ vaxt öldürmə necə olur? Stenford Universitetinin tədqiqatçıları Marili OppetsoDaniel Şvarts müəyyən ediblər ki, gəzmək dağınıq düşüncəni gücləndirir və haqqında düşündüyümüz məsələlərə yeni perspektivlər açır. Maraqlıdır ki, evdə və çöldə gəzməyin effekti oxşardır. Bu isə o deməkdir ki, şirkət rəhbərləri işçilərin gəzməsinə şərait yaradan iş yerləri yaratmaq haqda düşünməlidirlər.

Gözlənilməz ideyaların yarandığı park

"Apple" şirkətinin 2017-ci ildə açılmış Kupertinodakı baş qərargahı buna ideal nümunədir. "Apple Park" uzunluğu 1.6 kilometr, diametri 461 metr olan çevrə şəklində dizayn olunub. Gözəl dizayn olunmuş 12 hektarlıq park işçilərin ixtiyarındadır. Onlar kafeyə, sağlamlıq mərkəzinə, yaxud teatra getməyəndə bu parkda gəzə bilərlər. İşçilər burada gəzərkən və həmkarları ilə söhbət edərkən gözlənilməz ideyalara tuş gəlirlər. Özü də, deyəsən, bu, işə yarayır: "Apple" dünyanın ən bahalı şirkətidir (2 trilyon ABŞ dolları). "Apple" həm də dünyanın ən innovativ şirkəti hesab olunur.

Əlbəttə, heç də bütün şirkətlərin "Apple" kimi yeni, iri və maraqlı ofisə köçmək imkanı yoxdur. Xüsusən də işçilərin evdən işlədiyi indiki dövrdə. Ancaq menecerlər hər zaman fasilələri təşviq edə bilərlər. Məsələn, görüşlər zamanı çay fasilələrinə çıxmaqla, yaxud "Google"ın ofislərindəki kimi yuxu otaqları yaratmaqla. Onlar, ən azı, əməkdaşlarını işdən yayındıqlarına görə danlamaya bilərlər.

Artan rəqabət mühitində bizim innovativ düşüncəyə həmişəkindən daha çox ehtiyacımız var. Daha bilirik ki, innovativ düşüncə yalnız şüurlu düşüncəmizə sərbəst dolaşmaq imkanı verdiyimiz zaman mümkündür.

XS
SM
MD
LG