Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:07

İlham Əliyev bununla nə demək istəyir?


Prezident İ.Əliyev Hərbi Qənimətlər Parkının açılışında
Prezident İ.Əliyev Hərbi Qənimətlər Parkının açılışında

"Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı çoxlu suallar qalmaqdadır". Bunu aprelin 13-də prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında bildirib.

"Hələ də vəziyyətin gərginləşməsinə xidmət edə biləcək tendensiyalar var"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, həmin konfransda prezident post-müharibə dövrü ilə bağlı bir sıra olduqca mühüm məsələləri diqqət mərkəzində saxlayıb: "Bunlardan biri müharibədən sonrakı dövrdə mövcud narahatlıqlarla bağlı məsələdir. Bəli, bu gün atəşkəsdir, müharibə bitib, amma hələ də vəziyyətin gərginləşməsinə xidmət edə biləcək tendensiyalar var və cənab prezident buna diqqəti cəlb etdi. O, xüsusilə vurğuladı ki, Ermənistanda revanşist qüvvələr var. Onlar razılaşmaları həzm edə bilmirlər və revanşizm duyğusu ilə yaşayırlar".

E.Nəsirov
E.Nəsirov

Deputatın sözlərinə görə, bu kontekstdə Azərbaycan prezidenti Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi və Ermənistan hərbi qüvvələrinin modernləşdirilməsi məsələsini diqqət mərkəzində saxlayıb: "Belə bir addımların atılması, nəticə etibarilə, revanşizm hisslərini gücləndirir. Ermənistan silahlı qüvvələrinin müasir silahlarla təchiz edilməsi və bu sahədə Rusiya ilə əməkdaşlıq, nəticə etibarilə, regiondakı vəziyyətə mənfi təsir göstərir və ağır nəticələrə gətirib çıxara bilər".

E.Nəsirov vurğulayıb ki, bu vəziyyətdə Azərbaycan heç bir məsuliyyət daşımır: "Cənab prezident dəfələrlə öz çıxışlarında bildirib ki, biz əməkdaşlıq mühitinə sadiqik, Ermənistanla siyasi dialoq və iqtisadi əməkdaşlıq məsələlərinə yeni baxış ortaya qoymuşuq. Amma bu baş tutmadığı və bizə qarşı yenə təxribata əl atacaqları təqdirdə dəmir yumruq yerindədir".

İlham Əliyev: "İskəndər" raketi ilə bağlı Rusiyadan cavab gözləyirik
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

"Ermənistan Azərbaycana mina xəritələrini vermir"

Komitə üzvü əlavə edib ki, dövlət başçısı Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması məsələsini qabardıb: "Bu o deməkdir ki, Ermənistanla müharibə bitib, amma Ermənistan Azərbaycana mina xəritələrini vermir və, deməli, Ermənistan hələ də mina müharibəsini aparmaqdadır".

Deputatın fikrincə, digər narahatlıq doğuran məsələ onunla bağlıdır ki, Ermənistan tərəfi hər dəfə 62 nəfər diversantın qaytarılması məsələsini gündəmə gətirir: "Halbuki, onlar heç bir halda hərbçi sayıla bilməz, onlar diversantdır və müharibə bitdikdən sonra Azərbaycan ərazisinə basqı ediblər, mülki və hərbi şəxslərimizin qətlinə səbəb olublar. Həmin şəxslər yerli və beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşıyırlar".

E.Şahinoğlu
E.Şahinoğlu

"Laçın dəhlizinin nəzarətdən kənarda qalması, Xocalı..."

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, həmin suallar açıqdır: "Laçın dəhlizinin nəzarətdən kənarda qalması, Xocalı və Şuşanın bəzi kəndlərinin hələ də işğalın altında qalması, Xankəndinə azərbaycanlıların qayıtması məsələsi – bütün bunlar hələ də həll olunmayıb. Bəli, biz müharibədə qələbə çalmışıq, amma bəzi məsələlər hələ də həllini tapmayıb... Bölgədə əlisilahlı separatçılar var və Rusiya sülhməramlıları onları tərksilah etməyiblər. Rusiya sülhməramlılarının özləri ilə bağlı da xeyli suallar var. Modul tipli yerləşim yerlərini artırırlar, halbuki, 10 noyabr bəyanatına görə, onların sayı 1960 nəfər olmalıdır".

Politoloqun sözlərinə görə, dövlət başçısı sualları cavablandırarkən bildirib ki, problemləri həll etmək üçün Qarabağda növbəti müharibə gözlənilmir: "Amma bu o demək deyil ki, antiterror əməliyyatı olmayacaq. Müharibədən sonra Azərbaycan ordusu iki antiterror əməliyyatını həyata keçirtdi. Yəni bu, istisna deyil".

Şuşaya atılan "İskander"lə bağlı açıq qalan suallar
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

"Rusiya ilə münasibətlərdə ciddi suallar var"

E.Şahinoğlu vurğulayıb ki, prezident İ.Əliyev çıxışında "İskəndər" raketləri ilə bağlı maraqlı fikirlər söyləyib: "Prezident bunu ilk dəfə idi deyirdi ki, bu mövzunu Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib və İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyi fotolarla birlikdə sübutları rəsmi Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb".

Politoloqun fikrincə, Azərbaycan prezidenti demək istədi ki, Rusiya prezidenti ona tutarlı cavab verməyib: "Hərbi Qənimətlər Parkının açılışında da prezident Rusiyanı nəzərdə tutaraq "Ermənistanda bu raketlər haradandır, axı bunlar onlarda olmamalı idi" sualı verdi. İki gün ərzində İlham Əliyev Rusiyanın adını çəkmədən çox sərt tənqid etdi. Rusiyanın cavabı olacaq, amma böyük ehtimalla bu cavablar da bizi qane etməyəcək. Prezidentin çıxışlarından mən onu anladım ki, Rusiya ilə münasibətlərdə ciddi suallar var".

Aprelin 2-də Bakıda İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisinə atıldığı deyilən "İskəndər" raketlərinin qalıqları nümayiş etdirilib. Həmin qalıqları martın 15-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Şuşada aşkarladığı vurğulanır.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG