Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:14

Markes epidemiya haqda nə bilirdi


Qabriel Qarsia Markes
Qabriel Qarsia Markes

Britaniyanın "Prospect" jurnalı yazır ki, Kolumbiyanın Karib dənizi sahilləri bütün XIX əsr boyu sarı qızdırma və vəba kimi epidemiyalara sinə gərməli olub. Qabriel Qarsia Markesin 1927-ci ildə doğulduğu Arakataka şəhəri epidemiyalara öyrəşmişdi. Markes uşaqlıqdan daşa dönən çəyirtkələr, anasının kiçik yaşlarında malyariya keçirməsi, xalasının qarın yatalağından ölməsi haqda hekayələr eşidib.

Bu tarixin xeyli hissəsi Qarsia Markesin əsərlərinə də köçüb. Markesin əsərlərində hadisələr, əsasən, Kolumbiyanın Karib dənizi sahilboyunda cərəyan edir. Markes epidemiyaları "az qala metafizik miqyaslı", "nəzarət oluna bilməyən" təhlükə adlandırır.

Varla yox arasındakı uçurum

"Qabriel Qarsia Markes öz əsərlərində xəstəlikdən sevgi, güc və tənhalıq kimi sevimli mövzularına işıq salmaq, onları daha parlaq göstərmək üçün istifadə edir. Xəstəliklər sevgini daha ehtiraslı edir, kəndi dünyanın qalan hissəsindən qoparıb varla yox arasındakı uçurumu qabardır", – yazıda deyilir.

Markesin xəstəliyi ən yaxından göstərdiyi əsəri "Vəba dövründə eşq" (1985) romanıdır. Burada hadisələr 1870-ci illərdən 1920-ci illərədək Kolumbiyanın Karib dənizi sahilindəki bir şəhərcikdə cərəyan edir. Qatır tacirinin qızı Fermina vəba epidemiyası başlayanda şəhərə gəlir. O, təhsilsiz teleqraf işçisi Florentinoya aşiq olur, ancaq atası Florentinonun təklifini rədd edir. O, sonradan Avropadan yeni qayıdan və ölkədə ictimai səhiyyəni yaxşılaşdırmaq kimi iddialı planları olan hörmətli həkim Xuvenal Urbinonun təklifini qəbul edir. Ferminanın həkimlə evlənməsi Florentinonu 50 illik sevgisizlik xəstəliyinə düçar edir.

Bir tərəfdən roman vəbanın fiziki simptomlarını cavabsız ehtirasın emosional simptomları ilə müqayisə edir. Ancaq Qarsia Markes bu ikisini eyniləşdirir. Florentinonun xəstəliyi də özünü ishal, qusma və qəfil bayılma kimi göstərir. Onun həm də loğman olan xaç atası belə nəticəyə gəlir ki, "sevginin simptomları vəbanın simptomları ilə eynidir".

Sarı bayraq

Florentinoya Ferminanı görmək qadağan edilir. O da Ferminaya serenada vermək qərarına gəlir. Mühafizəkar yerli hökumət buna görə onu liberallara sol major notu ilə kodlu mesajlar göndərməkdə suçlayaraq həbs edir. Florentino üç gecəni məhbəsdə öz sevgisi ilə təkbətək keçirir. O, qarşıdakı 50 ilini bu metaforik romantik tənhalıqda keçirir.

Doktor Urbinonun ölümü Florentinonun xəstəlikdən qurtulmasına kömək edir. O, ərinin dəfni zamanı Ferminaya yaxınlaşa bilir. Fermina onunla Maqdalena çayı boyunca gəmi səyahətinə razı olur. Onlar burada sevişərkən liman əməkdaşlarının onlara mane olmaması üçün Florentino kapitana gəmidən sarı bayraq asmağı xahiş edir. Sarı bayraq gəmidə xəstəliyi olan sərnişinlərin olmasına işarədir.

"Yüz ilin tənhalığı” (1967) romanında isə sevgi, əsasən, izolyasiya ilə yanaşı qoyulur. Ancaq bu dəfə xəstəlik vəba deyil, yuxusuzluqdur. Xəstəliyi Makondo kəndinə patriarx Xose Arkadio Buendianın qızlığı Rebeka gətirib. Xəstəliyin yayıldığını görən patriarx karantin elan edir. Karantin müvəqqəti də olsa, Makondo kəndinə kömək edir.

Taun siniflərə bölür

Qarsia Markesin "Taun ili" (1979) filmi üçün ssenarisi isə Daniel Defonun "Taun ili gündəliyi" əsərində 1660-cı illərdə Londonda cərəyan edən hadisələri 1970-ci illərin Mexikosuna köçürür. Prezident özünə dəbdəbəli ad günü mərasimi keçirdiyi zaman yoxsullar kütləvi qəbirlərə atılır. Burjuaziya isə özünə piano axşamları təşkil edir.

Filmin sonunda ailəsindən və sevgilisindən ayrı düşən həkim boşalmış küçələrdə gəzir. Epidemiya sevgi, güc və tənhalıq hisslərini artırır, ancaq ictimai quruluşu dəyişmir. Taun bərabərlik gətirmir, siniflərə bölür.

Filmdə Markesin elitanı - hökumət və medianın boz kardinallarını məsxərəyə qoyduğunu da görürük. Həkim özünütəcrid tədbirlərini təklif edəndə bir məmur belə tədbirlərin "epidemiyanın özündən betər" olduğunu deyir. Filmin sonuna yaxınsa prezident belə bir bəyanat verir: "Mənim dövrümdə heç vaxt epidemiya olmayacaq".

XS
SM
MD
LG