Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:21

ABŞ komissiyası Azərbaycan və Türkiyəni ‘xüsusi nəzarət siyahısına’ saldı


Ağdam məscidi
Ağdam məscidi

Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası (The United States Commission on International Religious Freedom - USCIRF) Azərbaycan və Türkiyəni “din azadlıqlarının zorakı pozuntusuna” görə xüsusi nəzarət siyahısına daxil edib.

Komissiyanın 2021-ci il üçün hesabatında Dağlıq Qarabağda kilsələrə, monastrlara və başqa xristian abidələrinə Azərbaycan tərəfindən ziyan vurulması xəbərlərindən narahatlıq ifadə olunur.

Xəbər verilir ki, xüsusi nəzarət siyahısına Türkiyə də salınıb. Hesabatda deyilir ki, buna səbəblərdən biri də 1935-ci ildən bəri muzey kimi fəaliyyət göstərən Ayasofyanın məscidə çevrilməsidir.

Hesabatda Türkiyənin Suriyanın şimalında “kövrək əhalinin” yaşadığı ərazilərə hərbi müdaxiləsi, ABŞ-ın terrorçu hesab etdiyi PKK ilə Suriya kürdlərinin YPG təşkilatına fərq qoymaması, Türkiyənin özündə 2016-cı il çevriliş cəhdindən sonra kütləvi repressiyaların davam etməsi pislənir.

Azərbaycanda ötən ilin sonunda...

Hesabatda deyilir ki, Azərbaycanda ilin sonunda Dağlığ Qarabağ müharibəsinin alovlanmasını çıxmaq şərtilə 2020-ci il din azadlıqları baxımından sabit olub.

Bu da qeyd edilir ki, 2020-ci ildə Azərbaycan hökumətinin ikisi xristian olmaqla, 14 dini icmanı qeydiyyata alması xəbər verilib, lakin Yəhvanın şahidləri və lüteranların qeydiyyatından imtina olunub.

Hesabatda deyilir ki, hazırda həbsdə olan siyasi məhbusların 43-51 nəfərinin dini fəallar olduğu düşünülür.

Sənəddə deyilir ki, 2020-ci ildə, şiə imam Sərdar Babayev də daxil üç dindar azadlığa buraxılıb.

Hesabatda bildirilir ki, Müsəlman Birliyi Hərəkatının üzvləri il ərsində dindirilməyə çağırılmaqla, siyasi motiv və ya motivi şübhə doğuran zəmində saxlanma və həbslərlə təzyiqlərə məruz qaldıqlarını bildiriblər.

Qarşılıqlı ittihamlar

Hesabatda deyilir ki, Dağlıq Qarabağda və ətraf ərazilərdə fəal döyüşlərin bərpa olunması erməni ibadət yerlərinin qorunması və mühafizəsi ilə bağlı ciddi narahatlıq yaradıb.

Bu da vurğulanır ki, ötən oktyabrda Şuşa şəhərindəki Qazanketços kilsəsinin Azərbaycan qüvvələri tərəfindən iki dəfə artilleriya atəşinə tutulduğu və binaya böyük ziyan dəydiyi xəbər verilib.

Hesabatda deyilir ki, Azərbaycan da döyüşlər vaxtı Ermənistan qüvvələrinin müxtəlif dini və mədəniyyət obyektlərini atəşə tutmasını və onlara ziyan vurmasını iddia edib.

Sənəddə qeyd olunur ki, 10 noyabr atəşkəs razılaşmasından sonra media qurumları erməni qəbirstanlıqlarının və qəbir daşlarının “ehtimalən bu yaxınlarda” vandalizmə və dağıntıya məruz qalmasını “sənədləşdiriblər”.

Bildirilir ki, elə həmin ay Azərbaycan prezidenti İlham Əliyev xristian kilsələrinin qorunacağını və “Azərbaycan xristianlarının” orada ibadət etməsinə imkan yaradılacağını bəyan edib.

13 noyabr, 2020-ci il. Ermənilər Kəlbəcərdəki Xudavəng monastrından çıxırlar
13 noyabr, 2020-ci il. Ermənilər Kəlbəcərdəki Xudavəng monastrından çıxırlar

ABŞ Konqresinə tövsiyələr

Bütün bunları nəzərə alaraq Azərbaycanın ABŞ-ın Beynəlxalq Din Azadlığı qanununa uyğun olaraq xüsusi nəzarət siyahısına salınması tövsiyə olunub.

Hesabatda ABŞ hökumətinə Azərbaycanın 2009-cu il din qanununun beynəlxlaq normalara uyğunlaşdırılması üçün Azərbaycan hökuməti ilə işləmək tövsiyə edilir.

Tövsiyələrin arasında Dağlıq Qarabağ və ətraf ərazilərdə ibadət yerlərinin və başqa din və mədəniyyət məkanlarının bərpası, qorunması və mühafizəsi üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) və ABŞ-ın Bakıdakı səfirliyinə vəsaitlərin ayrılması da var.

Hesabat ABŞ Konqresinə Azərbaycanın Müsəlman Birliyi Hərəkatı ilə rəftar da daxil, din azadlığı və insan haqları sahəsində pozuntularını müzakirə etməyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və başqa rəsmilər qarşısında bununla bağlı məsələləri qaldırmağı və bütün vicdan məhbuslarının azad olunmasına çalışmağı tövsiyə edir.

Hesabatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsi əksərən ərazi üstündə və etnik təbiətli olsa da, münaqişənin birbaşa və ya dolayısı ilə təsirinə məruz qalmış bəziləri qarşıdurmanın qismən də dini fərqlərdən irəli gəldiyini deyirlər.

Azı iki əsgərin məsuliyyətə cəlb olunduğu bildirilib

Sənəddə qeyd olunur ki, hesabat dövrünün sonunda bəzi yerlərin, məsələn Hadrutdakı erməni kilsəsi məzarlığının vandalizm hücumuna məruz qaldığına dair iddialar vardır:

“İlin sonunda Azərbaycan hökuməti azı iki Azərbaycan əsgərinə – Arzu Hüseynov və Ümid Ağayevə qarşı Xocavəndin bir kəndində erməni qəbir daşlarını dağıtdıqlarına görə ittiham irəli sürüldüyünü bildirib”.

Hesabatda deyilir ki, ABŞ-ın Azərbaycanla münasibətlərində Avropanın enerji təhlükəsizliyi, ticarət və investisiya, habelə terrorizm və başqa transmilli hədələrə qarşı mübarizə səyləri prioritet təşkil edir.

Sənəddə xatıladılır ki, ABŞ Dövlət Departamenti bir sıra dini azadlıq məsələlərini Azərbaycan hökuməti ilə müzakirə edib:

“İyun ayında beynəlxalq din azadlığı üzrə xüsusi səfir Samuel D. Braunbek Rahim Axundovun dini mənsubiyyətinə görə (hesabatın başqa bir hissəsində söhbətin xristianlıqldan getdiyi qeyd olunur – red) parlamentdəki vəzifəsindən çıxarılması ilə bağlı xəbərlərə dair narahatlığını bildirib, Azərbaycan hökumətini bütün dini məhbusların azad edilməsinə və Dağlıq Qarabağdakı dini məkanların mühafizəsinə çağırıb”.

Komissiya üzvü Coni Murun xüsusi rəyi

Hesabatın sonunda komissiya üzvü Coni Murun xüsusi rəyinə də yer ayrılıb.

Cənab Mur bildirir ki, Azərbaycan sözü gedən siyahıya salınmamalı idi.

O qeyd edir ki, Azərbaycan şiələrin və sünnilərin birlikdə ibadət etdikləri ölkələrdən biridir, burada bütün xristian təriqətlərinin və yəhudilərin azadlığı və təhlükəsizliyi təmin olunur.

Mur yazır ki, Azərbaycan İranın şiə çoxluğuna malik qonşusu olmasına baxmayaraq İsrail dövləti ilə isti münasibətlərə malikdir:

“Mən narahatam ki, komissiyanın Azərbaycana dair baxışları bəziləri tərəfindən onun Ermənistan və Azərbaycan arasında müharibə siyasətinə müdaxiləsi kimi qiymətləndirilə bilər”.

Xüsusi rəydə qeyd olunur ki, iki ölkə arasında münaqişə dini yox, siyasi və coğrafi səciyyə daşıyır.

Murun fikrincə, bu məsələ həddən artıq bəsitləşdirilir, beləki buna İran, Türkiyə, Rusiya kimi ölkələrin maraqlarından əlahiddə baxıla bilməz.

Komissiya üzvü düşünür ki, “din ritorik silah və ya müharibənin qurbanı yox, görüş nöqtəsi olmalıdır”.

Murun fikrincə, bu proses xristianların və müsəlmanların müharibə vaxtı və ya ona qədər dağıntıya məruz qalmış müqəddəs yerlərinin qiymətləndirilməsindən və bilərəkdən və ya bilməyərəkdən ziyan dəymiş obyektlərin bərpasına yönəlmiş səylərdən başlamalıdır.

Hesabatın xüsusi nəzarət siyahısında Azərbaycandan başqa Əfqanıstan, Əlcəzair, Misir, İraq, İndoneziya, Qazaxıstan, Malayziya, Türkiyə və Özbəkistan var.

Nəzarət siyahısından daha pis sayılan Xüsusi Narahatlıq doğuran Ölkələrin siyahısında İran, Səudiyyə Ərəbistanı, Tacikistan, Pakistan və Türkmənistan kimi ölkələr var.

Son hesabatda Rusiya və Hindistan da bu siyahıya daxil ediliblər.

XS
SM
MD
LG