Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:08

Reuters: Erdoğan Baydenin bəyanatından sonra niyə çox da dərinə getmədi?


Reuters müxbirləri Dominik EvansOrhan Coşkun yazırlar ki, ABŞ prezidenti Co Baydenin Osmanlı Türkiyəsində baş vermiş erməni qətliamlarını “soyqırım” adlandırmasından bütün qəzəbinə rəğmən Ankara indilik Birləşmiş Ştatlarla kəskin qarşıdurmadan yan keçməyə çalışır.

Müxbirlərin fikrincə, belə bir qarşıdurma Türkiyənin kövrək iqtiadiyyatını daha da çətin duruma salar, onun ABŞ-a müttəfiq ərəb dövlətləri ilə daha yaxşı münasibətlərə olan ümidlərinin üstündən xətt çəkərdi.

Reuters-in məqaləsində deyilir ki, prezident Recep Tayyip Erdoğan Co Baydenin bir əsr bundan əvvəl baş vermiş hadisələri qiymətləndirməsindən narazı olsa da, Amerika hindularının taleyinə işarə ilə ABŞ prezidentinə “güzgüyə baxmağı” məsləhət görsə də, indilik çox dərinə getməyib.

Özünün davakar xasiyyəti və belə epizodlardan daxili auditoriyada nüfuzunun qaldırılması üçün istifadə etməsi ilə tanınan Türkiyə lideri qarşıdan gələn seçki ərəfəsində diqqətini daha çox iqtisadiyyatın dirçəldilməsinə yönəldib.

O Baydenə kifayət qədər təmkinli reaksiya verib, heç bir konkret addım atmayıb və ABŞ prezidentinin bəyanatından sonra ikinci dəfə bu məsələnin üstünə qayıtmayıb.

Reuters yazır ki, Baydenə reaksiya verdiyi həmin çıxışında da Erdoğan onunla NATO sammitində görüşəcəyini və ölkələr arasında “yeni başlanğıcı” müzakirə edəcəyini deyib.

Müxbirlərin fikrincə nisbətən belə yumşaq ton Erdoğanın “soyqırım” məsələsindən qəzəbilə Vaşinqtonla münasibətləri korlamaq istəməməsi arasında qaldğı məqamın incəliyini əks etdirir.

Məqalədə deyilir ki, əslində Türkiyə ötən ilin sonlarından bəri Qərb və Ərəb dünyası ilə daha yaxşı münasibətlərə yönəlik siyasət yeritməyə çalışır. Türkiyə illərlə davam edən hərbi müdaxilələrindən sonra Aralıq dənizi və Yaxın Şərqdəki mübahisələrdə tək qaldığını dərk edib.

Ankara üçün “xoşagəlməz” olsa da…

ABŞ və Türkiyə arasındakı münasibətlər Ankaranın Moskvadan hava hücumundan müdafiə sistemləri almasına, Suriyadakı kürd qüvvələri barədə ABŞ-dan fərqli mövqe tutmasına görə onsuz da mürəkkəb idi.

Erdoğanla daha yaxşı və rəğbətli münasibətləri olan keçmiş prezidnet Donald Trampdan fərqli olaraq, Bayden və onun administrasiyası Türkiyə ilə məsafə saxlayır və onu insan haqlarının vəziyyətinə görə tənqid edir.

Bunu belə bir fakt da isbat edir ki, Bayden Erdoğanla Ağ Evə gələndən üç ay sonra, o da çıxışında “soyqırım” sözünü işlədəcəyinə dair xəbərdarlıq etmək üçün danışıb.

Vəzifəli Türkiyə rəsmilərindən biri Reuters müxbirlərinə deyib ki, Baydenin bu bəyanatı, həm də bunu prezidentliyinin ilk ilində etməsi Ankara üçün “xoşagəlməz” olub.

Amma həmin rəsmi bunu da deyib ki, Baydenin telefon zəngi iki NATO müttəfiqi arasında gələcək əməkdaşlığın təməli kimi qiymətləndirilməlidir.

Adlarının çəkilməsini istəməyən başqa iki rəsmi də bildiriblər ki, Türkiyə ən azı indilik ABŞ-la münasibətlərindəki gərginliyi artırmaq istəməyəcək.

Erdoğanın sözçüsü Ibrahim Kalın Baydenin bəyantından bir gün sonra Reuters agentliyinə demişdi ki, Türkiyə bu bəyanata qarşıdan gələn aylarda müxtəlif üsullarla cavab verəcək.

Keçmiş amerikalı diplomat: "Səbəb erməni lobbisinin Baydenə təzyiqi deyildi..."
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Erdoğanı “nəzakətli” edən vəziyyət

Reuters müxbirləri yazırlar ki, 18 illik hakimiyyətdən sonra Erdoğanın hakim AK partiyasına dəstək aşılanıb və Türkiyənin bir vaxtlar əldə etdiyi iqtisadi yüksəliş dalana dirənib.

Məqalədə deyilir ki, Erdoğanın 2023-cü il seçkisindən sonra da hakimiyyətdə qalması ölkə iqtisadiyyatının dirçəlməsindən asılı olacaq.

Müxalifət hökuməti COVID-19 pandemiyası ilə yarıtmaz mübarizədə, lirəni dəyərdə saxlamaq üçün 128 milyard dolları itirməkdə ittiham edir.

Mərkəz millətçi İyi partiyasının lideri Meral Akşener bildirib ki, Baydenin bəyanatı və Erdoğanın ona layiqli cavab verə bilməməsi Türkiyə prezidentinin zəifliyini ortaya qoyub.

Siyasətçi deyib ki, “onu qəzəbləndirənləri yerində oturtması ilə fəxr edən dünya lideri indi çox nəzakətli, tərbiyəli cənab Erdoğana çevrilib”.

“Gözləyək-görək” taktikası

Rəsmilərsə bildirirlər ki, lirənin dollara nisbətdə rekord aşağı həddə yaxın olduğu, koronavirus epidemiyasının tüğyan etdiyi bir vaxtda Erdoğanın prioriteti ona daha çox ziyan dəyməsindən qorunmaq olmalıdır.

Ankara hazırda Avropa İttifaqı və ABŞ, o cümlədən onun müttəfiqləri Misir və Səudiyyə ilə yaxşı münasibətlər qurmağa can atır.

Həmin hökumət rəsmisi Reuters müxbirlərinə deyib ki, iki prezident iyunda görüşənədək Türkiyənin siyasəti “gözləyək-görək” olacaq.

İstanbulda mənzillənmiş İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin başçısı Sinan Ülgen deyib ki, iyun görüşü Türkiyənin Baydenlə münasibətlərinin gələcəyi üçün həlledici əhəmiyyətə malikdfir.

Politoloqun fikrincə, Türkiyənin qarşıdakı illər üçün xarici siyasətinin istiqaməti bu görüşün gətirəcəyi nəhəng dəyişikliklərdən asılı oalcaq.

XS
SM
MD
LG