Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:19

Rusiyada real yoluxma 47 milyon ola bilər


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

Mayın 11-nə olan rəsmi statistikaya görə, Rusiyada koronavirusa 4 milyon 900 minə yaxın yoluxma və 114 minə yaxın ölüm qeydə alınıb. Ancaq bu rəqəmlərin reallığı çox az əks etdirdiyi bildirilir.

Rusiyanın dövlət statistika idarəsindən çıxarılmış demoqraf Aleksey Rakşa deyir ki, region rəsmiləri “ağıllarına gələn” pandemiya statistikasını uydururlar. O, Prezident Vladimir Putin hökumətini ictimai səhiyyəni siyasi məqsədlərlə riskə atmaqda suçlayıb.

Putin mayın 10-da pandemiya ilə bağlı ümidli danışıb. “Mütəxəssislər ölkədə virusla bağlı vəziyyəti sabit qiymətləndirirlər”, – deyən Putin rusiyalıları peyvənd vurdurmağa səsləyib.

Mayın 11-nə olan rəsmi statistikaya görə, Rusiyada koronavirusa 4 milyon 900 minə yaxın yoluxma və 114 minə yaxın ölüm qeydə alınıb.

Ancaq bu rəqəmlərin reallığı çox az əks etdirdiyi bildirilir.

Baş nazirin müavini Tatyana Qolikova dekabrda etiraf elədi ki, ölkənin datasıyla bağlı suallar var. O deyib ki, 2020-ci ilin ilk 11 ayı ərzində Rusiyada rəsmən qeydə alınmış 229 min 700 “əlavə ölüm”ün 81 faizi COVID-19-la əlaqələndirilə bilər. Bu isə o deməkdir ki, o zaman Rosstat pandemiyadan ölü sayını 57 min göstərdiyi halda, real rəqəm 186 mindən çox ola bilərdi.

Aleksey Rakşa
Aleksey Rakşa

47 milyon yoluxma?

Tanınmış demoqraf Aleksey Rakşa hətta bu rəqəmləri belə real saymır. “Sadəcə fakt budur ki, nə qədər yoluxmanın olduğunu bilmirik”, – o, AzadAvropa/AzadlıqRadiosuna deyib.

“Məncə, Rusiyada əhalinin azı üçdə biri virusa yoluxub. Moskva və Sankt Peterburqda isə bu rəqəm 40 faizə yaxındır”, – demoqraf bildirir.

Onun dediyinə əsasən, 2020-ci ilin əvvəlində pandemiya başlanandan Rusiyada yoluxma sayının 47 milyonu keçdiyini söyləmək olar.

Rakşanın fikrincə, hökumət pandemiya ilə mübarizədə siyasi məqsədləri önə çəkib. 2020-ci ilin yayında konstitusiyaya dəyişikliklər üzrə referendum keçirildi və Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol açıldı.

“Rusiyadakı problem nə qədər adamın öldüyündə deyil, yoluxmasındadır. Ona görə bu qədər adam yoluxdu ki, güclü propaqanda aparıldı, adamlar maymaq yerinə qoyuldu, çünki çar hakimiyyət müddətlərini sıfırlamalıydı”, – o deyib.

Dəyişikliklər nəticəsində Putinin 2024-cü ilədək hakimiyyətdə qaldığı dörd müddət sıfırlanıb. Yəni, o, yenidən prezidentliyə namizədliyini verə bilər.

“Havadan statistika”

Rakşa məhz hökumətin pandemiya statistikasını sual altına aldığı üçün işdən çıxarılıb. Hökumət COVID-19-dan ölü sayının 11 min 400 olduğunu deyəndə Rakşa bu rəqəmin “azı 30 min” olduğunu vurğulayırdı.

Onun fikrincə, Rosstat-ın təzyiqi altında regional rəsmilər “havadan statistika” düzəldirlər. Demoqraf gündəlik yoluxma rəqəmlərinin oxşarlığına diqqət çəkir. “Bunlar sadəcə kreativ rəqəmlərdir… bu aktyorların istedadı heyrət doğurur”, – o vurğulayıb.

Rakşanın fikrincə, koronavirus pandemiyası Putinin ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq hədəfində ciddi geriləmə yaradıb. 2006-2019-cu illərdə hökumət Rusiyada ömür uzunluğunu 8 il yarım uzada bilib. Pandemiya isə bunu 1.8 il qısaldaraq 2014-2015-ci illər həddinə salıb. Ən böyük zərbə isə qadınlara dəyib, çünki “təhsil və tibb, pərakəndə satış sahələrində çalışanların əksəriyyəti qadınlardır”.

“Onların yoluxma və ölüm şansları daha böyük olub”, – o vurğulayıb.

XS
SM
MD
LG