Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:58

İsrail-Fələstin münaqişəsindən kim qazanır – Qərb mediası


İsrail əsgərləri toqquşmalar zamanı, 11 may, 2021-ci il il
İsrail əsgərləri toqquşmalar zamanı, 11 may, 2021-ci il il

Münaqişə qızışdıqca Demokrat Partiyasından Baydenə daha fəal rol oynamaq çağırışları səslənir. Bəzi liberallar onu İsrailin məskunlaşma fəaliyyətinə qarşı qətiyyətli mövqe tutmağa çağırırlar

İsraillə Fələstin arasında toqquşmaların qızışması Qərb mediasında ən çox şərh olunan mövzulardandır. “The Washington Post” qəzeti münaqişənin ən ağır formada püskürməsini təəccüblü hesab etmir və bunu son bir ayda hər iki tərəfdə siyasi sistemlərin acı dalana dirənməsi ilə izah edir.

Hər şey Yerusəlimdə (Qüds) küçədə iğtişaşdan başladı. Ramazan bayramı günlərində fələstinlilər evlərindən çıxarılmağa etiraz edir, israillilər isə şəhərin şərq hissəsinin tutulmasını bayram edirdilər. Normal halda, qarşıdurmadan yayınmaq olardı.

Həmasın, Netanyahunun uduşu

“İslamçı Həmas qrupu ötən ay Fələstin hərəkatına rəhbərliyi ələ ala bilməmişdi, dünyəvi baxışlı rəqibi Mahmud Abbas vəd olunan seçkini təxirə salmışdı. Beləliklə, Həmas məqsədinə başqa yollarla nail olmağa baş vurdu – Yerusəlimə raket ataraq bilərəkdən İsrailin qırmızı xəttini keçdi”, – qəzetin redaksiya heyəti rəyində yazır.

İsrailin Baş naziri Bencamin Netanyahu isə mart seçkilərindən sonra hökuməti qura bilməyib, 12 illik hakimiyyətdən sonra vəzifəsini itirmək riskiylə üzləşib. O da dərhal cavab zərbəsi vəd elədi, Həmasın və İslam Cihadının Qəzzədəki gizli məkanları və arsenallarını bombaladı.

Qəzet yazır ki, tərəflərdən heç biri bu döyüşü qazanmayacaq, ancaq siyasi liderlər faydalanacaq. Həmas 85 yaşlı Abbası gözdən salacağına və vəzifədən getməyə məcbur edəcəyinə ümid bəsləyir.

“O həm də müttəfiqi İranın əsas niyyətinə xidmət edir, İsraillə sünni ərəb ölkələrinin yenicə formalaşmış münasibətlərini pozmaq istəyir. Netanyahu isə öz növbəsində siyasi rəqiblərinin yeni hökuməti formalaşdırmaqla bağlı danışıqlarını qəlizləşdirə bilər. Axı, danışıqlar uğurlu olarsa, o, korrupsiya ittihamlarından yayına bilməyəcək”, – qəzet yazır.

Bayden neyləsin

“The New York Times” qəzeti isə ABŞ Prezidenti Co Bayden administrasiyasının münaqişənin həllində mümkün rolundan yazır.

Qəzetin əməkdaşı Maykl Krauli qeyd edir ki, Bayden yanvarda vəzifə başına keçəndə anlaşılan səbəblərdən İsrail-Fələstin sülh razılaşmasına elə də böyük maraq göstərməmişdi. Heç sələfləri də bu yöndə elə bir uğura imza ata bilməmişdilər. Təhlilçilər belə bir fikirlə razılaşırdılar ki, tərəflərdən heç biri digərinə güzəştə getməyə hazır olmadığından yaxın perspektivdə danışıqlarda uğur gözlənilmir.

Amma münaqişə qızışdıqca Demokrat Partiyasından Baydenə daha fəal rol oynamaq çağırışları səslənir. Bəzi liberallar onu İsrailin məskunlaşma fəaliyyətinə qarşı qətiyyətli mövqe tutmağa çağırırlar. Məhz bu məsələ fələstinlilərlə sülhün əldə olunmasını çətinləşdirir.

“Yaxın Şərqlə problem ondadır ki, ona arxanı çevirə bilərsən, amma o sənə arxasını çevirməyəcək”, – ABŞ-ın İsraildə keçmiş səfiri, İsrail-Fələstin danışıqları üzrə keçmiş elçi Martin S.İndık deyib.

Konsulluğu açmaq

Bayden administrasiyası rəsmiləri mayın 11-də tərəflərə təmkinli davranmaq çağırışı ediblər. ABŞ rəsmilər son günlər İsrail və Fələstin tərəfi ilə özəl söhbətlərdə onları gərginliyi qızışdırmaqdan yayınmağa səsləyib.

Cənab İndık deyir ki, “konfliktin həllindənsə, onu idarə etmək” yanaşmasına görə Baydeni suçlamır. Axı, keçmiş prezident Donald Tramp ötən il tam bir israilpərəst sülh planı açıqladı, fələstinlilər isə onu rədd elədi. Ancaq keçmiş səfir düşünür ki, Bayden daha fəal olmalı, Yerusəlimdəki ABŞ səfiri postuna təcili təyinat etməlidir.

Bayden hələlik, Fələstin lideri Mahmud Abbasla da danışmayıb. İndıkın fikrincə, administrasiya Şərqi Yerusəlimdə konsulluğu yenidən açmalıdır. Tramp konsulluğu bağlayanadək Birləşmiş Ştatların fələstinlilərlə əsas ünsiyyət nöqtəsi idi.

“Fələstinlilərlə dialoq qurmalıdırlar”, – İndık vurğulayıb.

Son günlərin toqquşmalarında onlarla insan öldürülüb və yaralanıb.

XS
SM
MD
LG