Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:53

Əhmədinejad yenə prezident olmaq istəyir


Mahmud Əhmədinejad, 12 may, 2021-ci il
Mahmud Əhmədinejad, 12 may, 2021-ci il

2013-cü ildə vəzifədən gedəndən sonra Əhmədinejad ictimaiyyət arasında və sosial mediada siyasi mövqeyini saxlamağa çalışıb

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad gələn ay keçiriləcək seçkiyə qatılmaq üçün namizədliyini verib.

Dövlət televiziyasının mayın 12-də yaydığı məlumata görə, Əhmədinejad tərəfdarları ilə birlikdə Daxili İşlər Nazirliyinə gedərək namizədlik üçün anketləri doldurub.

Vaxtilə ultramühafizəkar sayılan 64 yaşlı Əhmədinejad son illər isteblişmenti daha çox tənqid edir. Tehranın keçmiş meri 2017-ci ildə seçkiyə buraxılmamışdı.

2005-2013-cü illərdə iki müddət prezident olmuş Əhmədinejad İranı nüvə proqramından dolayı Qərblə açıq qarşıdurma vəziyyətinə gətirib. Onun 2009-cu ildə təkrar seçilməsi ölkədə 1979-cu ilin İslam İnqilabından bəri ən böyük etirazlara səbəb olub.

Mayın 11-də başlanmış qeydiyyat prosesi beş gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq. Sərt-xətt tərəfdarı olan konstitusiyanı Mühafizə Şurası əvvəlki seçkilərdə bir çox mötədil potensial namizədləri seçkiyə buraxmayıb.

Favorit kimdir

2017-ci ildə Ali dini lider Əli Xameneyi Əhmədinejadın seçkidə iştirakını qadağan etmişdi. O, sənədlərini təqdim etsə də Qəyyumlar Şurası sonucda onun namizədliyini təsdiqləmədi.

Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçki iyunun 18-nə planlaşdırılır.

Nisbətən mötədil sayılan Prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan təkrar namizədliyini verə bilməz. Məhz onun hökuməti Qərblə nüvə sazişini dirçəltmək üzrə danışıqlara qatılır.

Vaşinqton 2018-ci ildə nüvə sazişindən çıxandan sonra Tehrana sanksiyaları bərpa edib. Bir il sonra İran da nüvə sazişi öhdəliklərindən tədricən çəkilməyə başladı.

Vyanada nüvə danışıqlarının bir neçə raundu keçirilsə də böyük irəliləyiş əldə olunmayıb.

Seçkiyə təxminən bir ay qalmasına baxmayaraq, çox sayda potensial namizədlər içindən favoritin kimliyi bəlli deyil. Amma çoxlarının fikrincə, mühafizəkarlar üstün mövqedədirlər.

Seçici fəallığı

İstehlak qiymətlərinin, işsizliyin artması, koronavirus pandemiyası və ABŞ-ın iqtisadi sanksiyalarının iqtisadiyyata təsiri seçici fəallığında əks oluna bilər.

Ötən il mühafizəkarlar parlamentə nəzarəti ələ alıb. O zaman seçici iştirakı 42.5 faiz olmuşdu və bu, 1979-cu ilin İslam İnqilabından sonra ən aşağı göstərici idi.

Əhmədinejadın siyasi tərzi isə ölkənin beynəlxalq arenada təcrid olunmasına təsirini göstərib. O, İsrailə qarşı təhdidlər səsləndirib, Holokostu rədd edib, İranda homoseksual olmadığını deyib.

Ölkə daxilində isə populist davranışına görə rəğbət qazanıb, əhaliyə nağd pul yardımları edib, evtikmə proqramları həyata keçirib. Amma prezidentliyinin sonuna yaxın hətta mühafizəkar müttəfiqləri belə onu tərk edib.

2013-cü ildə vəzifədən gedəndən sonra Əhmədinejad ictimaiyyət arasında və sosial mediada siyasi mövqeyini saxlamağa çalışıb.

O, 2017-ci ildə “diktatura”nın mühafizəkar ədliyyə sistemini ittiham edib, onun Ali dini liderdən daha güclü olduğunu deyib. İranda dövlət məsələlərində son söz sahibi məhz Əli Xameneyidir.

XS
SM
MD
LG