Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

İslam Respublikasının ‘sonu’ – Qərb mediası


İbrahim Rəisi Məşhəddə, 22 iyun, 2021-ci il
İbrahim Rəisi Məşhəddə, 22 iyun, 2021-ci il

Daha çətin məsələ isə sərt xətt tərəfdarlarının prezidentliyə qayıdışından İran cəmiyyətinin gözləntisidir

İranda prezident seçkisində Seyid İbrahim Rəisinin qələbəsi son onillər ərzində ilk dəfə olaraq ölkədə hakimiyyətin bütün səviyyələrini sərt xətt tərəfdarlarının əlinə cəmlədi. “Project Syndicate” portalında Abbas Milani yazır ki, hakimiyyətin bu cür aşkar konsolidasiyasına baxmayaraq üfüqdə ölkəiçi təlatümlər görünür.

Qəyyumlar Şurası tanınmış mötədilləri seçkiyə buraxmadı, cəmi 7 nəfərin namizədliyini təsdiqlədi. Onların da üçü seçki kampaniyasının son günü namizədliyini geri çəkdi.

Xameneyinin varisi

Müəllif 18 iyun seçkisini İsam rejimi tarixində ən məzhəkəli adlandırır, hətta “seçki çevrilişi” adlandırılan 2009-cu il seçkisindən belə.

Rəisi 30 il öncə 4 minədək dissidentin öldürülməsində roluna görə ittiham olunur. “Amnesty International” bu cinayətlərlə əlaqədar onun barəsində araşdırma aparılmasına çağırır.

İran həmişə müasir respublikadan çox ənənəvi islam dövlətinə daha yaxın olub. Amma müəllifin fikrincə, Rəisinin seçilməsindən sonra İranı heç rəqabətli avtoritar rejim adlandırmaq mümkün olmayacaq. Belə bir rejimdə fraksiyalar hakimiyyəti bölüşdürmək üçün idarə olunan seçkilərdə yarışırlar.

82 yaşlı Ali dini lider Əli Xameneyi xərçənglə mübarizə aparır. Bəzilərinin gümanına görə, o, oğlu Müctəbanın bu vəzifəyə keçməsini istəyir. Bu halda Rəisi ssenarinin gerçəkləşməsinə yarım edər. Digərləri isə elə Rəisinin özünün Xameneyinin varisi olacağını düşünür.

Avropa üçün başağrısı

Karnegi Fondunun saytında Kornelius Adebahr isə yazır ki, sərt xətt tərəfdarının İran prezidenti seçilməsi Tehranın tərəfdaş olacağına dair Avropanın səkkiz illik düşüncələrinin üstündən xətt çəkdi.

Məqalədə deyilir ki, Rəisi vəzifə başına keçəndən sonra avropalıların işi çətinləşəcək – istər hazırda gedən nüvə danışıqlarında olsun, istərsə də İranla ikitərəfli münasibətlərdə.

Nüvə danışıqlarının artıq yekun raundu gözlənir. Ən çətin məsələ isə İranın nüvə obyektlərində təftiş aparmaq məsələsidir. Aralıq razılaşmanın müddəti bu ayın sonu bitir və Beynəlxalq Atom Enerjisi Agentliyinin monitorinqi də məhdudlaşmış olur.

Daha çətin məsələ isə sərt xətt tərəfdarlarının prezidentliyə qayıdışından İran cəmiyyətinin gözləntisidir.

“Rəisi İran hökumətinin başına keçincə bəzilərinin daxildən islahatlara bəslədiyi ümidlər də puç olacaq. Geyim kodeksindən tutmuş, İnternetdən istifadəyə qədər sosial məsələlərdə onun baxışları mühafizəkardır. 2009-cu il etirazlarına yüzlərlə ölümün araşdıran zaman o, iddia qaldıranları suçlayıb”, – müəllif yazır.

Nüvə sazişini dirçəltmək

The Guardian isə yazır ki, Rəisinin təşkil olunmuş qələbəsi ölkənin içində və xaricində olanları ruhdan salır. Amma nüvə sazişinin dirçəldilməsi mümkündür və vacibdir.

“İslahatçılar indi yenidən qruplaşmaq üçün mübarizə aparacaqlar, onlara qarşı bu dərəcədə saxtalaşdırılmış sistemdə hansısa proqresin olub-olmayacağını sual edəcəklər… Ölkə rəhbərliyinin ictimai narazılığa repressiyanı gücləndirməklə reaksiya verəcək”, – qəzet yazır.

İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı sazişi nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa elədi. Bundan sonra Tehran da öhdəliklərinin icrasını azaltmağa başladı.

XS
SM
MD
LG