Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:44

Rusiya Qarabağda nə istəyir?


V.Putin
V.Putin

Ermənistan və Azərbaycan arasında davam edən çoxillik münaqişəni bəzən yaxından izləyən, bəzən də vasitəçilik edən ölkələrdən biri də Rusiyadır. Hətta Azərbaycanda bir sıra siyasətçilər onu qızışdırıcılıqda da günahlandırır. Rusiya həm ATƏT-in Minsk qrupunun tərkibində fəaliyyət göstərir, üç həmsədr ölkədən birdir, həm də ötən ilin sentyabrın 27-də başlayan 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistanla yanaşı, bəyanatı imzalayan ölkədir. Qarabağda məhz Rusiya sülhməramlıları yerləşdirilib və bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmadan sonra atəşkəs məhz yenə Rusiyanın təşəbbüsü ilə yenidən təyin olunub.

Bəs Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişə və postmünaqişə dövrlərdə marağı, istəyi nədir?

"Ölkəmiz (Rusiya) nəhəng səylər göstərir"

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova "İzvestiya" nəşrinə bildirib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin tənzimlənməsi üçün hər gün işlər aparılır: "Xarici işlər nazirləri ilə məsləhətləşmələr, danışıqlar aparılır. İstər Rusiya-Azərbaycan, istər Rusiya-Ermənistan xətti ilə xarici işlər nazirlikləri başçılarının telefon danışıqları haqqında məlumatlar dərc olunur... həm isti fazada, həm münaqişənin kəskin fazadan sonrakı dövrdə bu vəziyyətin həlli üçün ölkəmiz (Rusiya) nəhəng səylər göstərir".

A.Mirzəzadə
A.Mirzəzadə

"Artıq bu münaqişə yoxdur, ərazi bütövlüyümüz..."

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə "Turan"a bildirib ki, Azərbaycan bu gün post-Dağlıq Qarabağ dövründə yaşayır: "Artıq bu münaqişə yoxdur, ərazi bütövlüyümüz təmin edilib. Üçtərəfli iki sazişə uyğun olaraq Azərbaycan addım-addım özünün quruculuq işlərini davam etdirir".

Onun sözlərinə görə, baxmayaraq ki, bu ilin iyununda Ermənistanda parlament seçkilərində revanşist qüvvələr məğlub oldular, elə hakimiyyətin özündə də revanşist əhval-ruhiyyə var: "Sərhəddə bizim mövqelərimizi atəşə tutması onun heç də xoş olmayan niyyətindən baş verir".

A.Mirzəzadə qeyd edib ki, Rusiya münaqişə tərəfi deyil: "Biz ondan hər hansı bir məsələni tələb edə bilmərik. Amma arzu edə bilərik ki, Rusiya sülhyaratma prosesində daha aktiv iştirak edəydi".

"Ermənistan tədricən Rusiyadan uzaqlaşmağa çalışır"

Deputat vurğulayıb ki, Rusiya-Ermənistan münasibətlərində son dövrlərdə xeyli gərginlik var: "Bir sıra məsələlərdə Ermənistan artıq tədricən Rusiyadan uzaqlaşmağa çalışır. Bu baxımından "Ermənistandakı vəziyyəti Rusiya tam idarə edir, yaxud da ciddi təsir mexanizmə malikdir" demək düzgün olmazdı".

Ermənistanda ehtiyatda olan hərbçiləri təlimə çağırırlar
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Ancaq onun fikrincə, bununla belə Rusiya bu məsələlərə vaxtaşırı daha aktiv münasibət bildirə bilərdi: "O, birbaşa münaqişəni törədən tərəfə çağırış etməklə bunu edə bilərdi".

A.Mirzəzadə qeyd edib ki, Rusiyanın ictimai fikrində də indi Ermənistanın yenə də regionda mənfi rol oynadığı əhval-ruhiyyəsi görünməlidir: "Təəssüf ki, Rusiya mediasında erməni əsilli media kapitanlarının çoxluğu bu əhval-ruhiyyənin yaranmasına və yaxud da görünməsinə mane olur. Əksinə, Ermənistan tərəfinə haqq qazandırmağa çalışır. Arada isə Vladimir Jirinovski kimi məsuliyyətsiz və eyni zamanda təxribatçı bir insanı dövriyyəyə buraxmağa çalışırlar".

O deyib ki, V.Jirinovskinin Azərbaycanla bağlı təhqiredici son bəyanatı heç də təsadüfi deyil: "Orada erməni dairələrinin əli olmamış deyil".

"Rusiya Qafqaz proseslərinin birbaşa iştirakçısıdır"

Deputat vurğulayıb ki, dünya və ilk növbədə Rusiya bu gün regionda sülhün olmasında maraqlı olmalıdır: "Bu bölgə Rusiyanın cənub sərhədidir. Rusiya Qafqaz proseslərinin birbaşa iştirakçısıdır və bu məsələlərə Rusiya tərəfinin biz vaxtaşırı siyasi münasibət bildirməsini istəyərdik. Təxribatlara cavabı isə Azərbaycan verir və verəcək".

İ.İsmayıl
İ.İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın isə AzadlıqRadiosuna bildirməsinə görə, Rusiya öz istək və məqsədini 200 ildir ki, Cənubi Qafqazda yeridir: "Yəni ki, niyyəti Cənubi Qafqazı təsiri altında saxlamaq, bununla Qərbin və Türkiyənin hər hansı hərəkətinin qarşısını almaqdır".

"...Qarabağ Rusiyanın hərbi təsiri altında qalsın"

Ekspertin fikrincə, Rusiya bu məqsədlərə sona qədər nail ola bilmir: "Artıq Gürcüstan onların təsir dairəsindən çıxıb. Ermənistanda antirusiya əhval-ruhiyyəsi xeyli artıb. Qarabağda isə onun istəyi budur ki, Qarabağ Rusiyanın hərbi təsiri altında qalsın".

Onun fikrincə, məhz ona görə də müharibənin doqquz aydır bitməyinə baxmayaraq, heç bir sülhməramlı addım atılmayıb: "Azərbaycan və erməni millətləri arasında hər hansı münasibətlərin yaranması, normallaşması istiqamətində heç bir addım atılmayıb. Əksinə, Rusiya birtərəfli qaydada - Qarabağ separatçılarının tərəfindədir. Ermənistan rəhbərliyi nə qədər onları qane etməsə də, yenə də Qarabağın müstəqilliyi ilə bağlı ritorikalarına şərait yaradır. Özləri də Qarabağda hərbi kontingentini artırırlar".

O sonda da deyib: "10 noyabr bəyanatının müddəalarını – məcburi köçkünlərimizin geri qayıtması, erməni silahlı birləşmələrinin oradan çıxarılması, yolların açılması və onların təhlükəsizliyinin təmin olunması icra olunmur".

V.Jirinovski
V.Jirinovski

"Komsomolskaya Pravda" radiosunun 30 iyul buraxılışında Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin fikirlərinə yer verilib. Müxbirlə söhbət zamanı Jirinovskiyə həm də Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı Rusiya hərbçilərinin iki ölkənin sərhədinə göndərilməsi ilə bağlı suallar verilib. Jirinovski Cənubi Qafqazın Rusiyanın təsir dairəsi olduğunu deyib və Azərbaycan prezidentindən də bəhs edib. "...O, yaxşı bilir ki, postunu itirə bilər, onda orda diktaturadır, orda müxalif qüvvələri doludur, əgər Bayden istəsə, onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik...", -rusiyalı deputat bildirib.

Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə nota verib. V.Jirinovski isə Azərbaycandan olan təpkilərlə razilaşmır.

Xatırlatma

2020-ci ildə Azərbaycan 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG