Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:25

Belarus: Atletlər qaçır. QHT-lər bağlanır


Yana Maksimava
Yana Maksimava

“Nasha Niva” qəzetinin avqustun 3-də yazmasına görə, “Vitsyaz” həndbol klubunun məşqçisi Konstantin Yakovlev Minskdən Ukraynaya qaçıb

Belaruslu heptatlet Yana Maksimava olimpiya medalçısı əri və övladı ilə Almaniyada qalmağa qərar verdiyini açıqlayıb. Səbəb Belarusda demokratik qruplara və hökumətin tənqidçilərinə təzyiqin güclənməsidir.

Maksimovanın həyat yoldaşı Andrey Kravçenko dekatlon üzrə ölkə rekorduna malikdir, 2008-ci il Pekin olimpiadasında gümüş medal qazanıb.

Maksimava avqustun 3-də Instagram-da yazıb ki, Belarusda vəziyyət pisləşir, beynəlxalq təcrid artır və “indi təkcə azadlığını deyil, həyatını da itirə bilərsən”.

Bu arada belaruslu olimpiya qaçışçısı Kristina Timanovskaya Tokiodan repatriasiya olunmaqdan canını qurtara bilib. Belarus komandası rəsmiləri Tokioda Timanovksyanı təyyarəyə zorla mindirə bilməyiblər. O, Polşadan sığınacaq istəyib.

Həndbol klubunun məşqçisi

Avqustun 3-də isə 26 yaşlı belaruslu fəal Vital Şişou Kiyevdə evinin yaxınlığındakı parkda asılmış vəziyyətdə tapılıb. Ukrayna polisi onun üzündə döyülmə izləri olduğunu açıqlayıb.

Alyaksandr Lukaşenka ötən ilin avqustunda prezident seçkisinin qalibi elan olunandan sonra ölkədə kütləvi etirazlar başlanıb. Təhlükəsizlik qüvvələri etirazçılara divan tutub.

Qərb Lukaşenkanı prezident kimi tanımayıb.

“Nasha Niva” qəzetinin avqustun 3-də yazmasına görə, “Vitsyaz” həndbol klubunun məşqçisi Konstantin Yakovlev Minskdən Ukraynaya qaçıb.

O, hökumətə qarşı icazəsiz yürüşdə iştirakına görə iyunda 15 günlüyə saxlanmışdı.

Azı 65 QHT

Belarusdan gələn daha bir xəbərdə dörd qeyri-hökumət təşkilatının bağlandığı deyilir. Beləliklə, İyulun ortasından məhkəmə qərarı olmadan qapadılan QHT-lərin sayı 65-i keçib.

Baş Prokurorluq təşkilatların fəaliyyətinin dayandırılmasını onların xartiyadan “fərqli” işlə məşğul olmasıyla izah edib.

QHT-lər “cəmiyyətdə destruktiv ideyalar yaymaqda, ölkəyə iqtisadi və siyasi təzyiqə çağırmaqda, milli təhlükəsizliyə ziyan vuran cəhdləri dəstəkləməkdə” ittiham olunur.

Daha 20 QHT-nin isə məhkəmələr vasitəsilə qapadılacağı gözlənir.

Hakimiyyət son bir ildə müxalifət liderlərini mühacirətə vadar edib, yaxud həbsə atdırıb, onminlərlə insan həbs olunub, jurnalistlərin akkreditəsindən imtina olunub.

XS
SM
MD
LG