Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Talibana görə ABŞ siyasəti tənqid olunur


Əfqanlar Kabil aeroportunda
Əfqanlar Kabil aeroportunda

Taliban təxminən 20 il öncə devriləndən Əfqanıstanda çox şey dəyişib. İndi bəzi təhlilçilər qadınların, hazarlar kimi azlıqların hüquqları üzrə əldə olunan uğurların sürətlə yoxa çıxacağında narahatdırlar

Kabilin Taliban silahlıları tərəfindən sürətlə tutulması ABŞ-ın Əfqanıstandakı siyasətini tənqid hədəfinə gətirib. Vaşinqton milyardlarla dollar xərcləməsinə, 20 il ərzində hərbi dəstək göstərməsinə baxmayaraq bu ölkədə silahlıları geri oturda biləcək demokratik hökumət qura bilmədiyinə görə tənqid olunur.

ABŞ Prezidenti Co Bayden hələlik, avqustun 15-də Kabilin tutulması və Əfqanıstan hökumətinin iflası haqda bəyanat verməyib. Amma onun administrasiyasının aparıcı üzvləri əfqan təhlükəsizlik qüvvələrinin belə sürətli çöküşünü gözləmədiklərini dilə gətiriblər.

“İflas və alçalma”

ABŞ hərbçiləri sentyabrın əvvəlinədək ölkədən tam çıxarılır. Bayden aylardır Talibanın bundan sonra nəzarəti ələ alacağı ehtimalını kiçildir. İndi isə tənqidçilər ölkənin qlobal güc imicinə ciddi ziyan dəydiyini deyirlər.

“Nəhəng iflasdır və alçalmadır”, – BMT-nin Əfqanıstanda keçmiş elçisi Piter Qalbreys avqustun 16-da deyib. Onun sözlərinə görə, bunun “Amerikanın dünyadakı mövqeyinə” necə təsir etdiyini gözləmək qalır.

Qalbreysin fikrincə, əfqan polisində və hökumətin bütün səviyyələrində kök salmış korrupsiya o deməkdir ki, Birləşmiş Ştatların yardım kimi ayırdığı pullar sonucda Talibanın cibinə gedirdi. Çünki yerli səhra komandirləri, hökumət rəsmiləri və polis bu silahlı qruplaşma ilə əməkdaşlıq edirdi.

ABŞ-ın etibarı

Avstraliya Milli Universitetinin fəxri professoru Uilyam Meyli deyir ki, Əfqanıstanda Qərbin dəstəklədiyi hökumətin çöküşünə bir sıra yanlış addımlar səbəb oldu. Amma “faciənin mərkəzində ABŞ-ın dəhşətli qərarı dayanıb”.

“Bu faciənin Baydenin etibarına zərbə vurmayacağını söyləmək çətindir, amma daha böyük itki Birləşmiş Ştatların etibarına dəyəcək, həm də getdikcə dünyada sönən gücə çevrildiyi bir vaxtda”, – o söyləyib. Professor ABŞ-ın Əfqanıstandan çıxmasını 1975-ci ildə Vyetnamdan çıxışı kölgədə qoyduğunu deyib.

Taliban təxminən 20 il öncə devriləndən Əfqanıstanda çox şey dəyişib. İndi bəzi təhlilçilər qadınların, hazarlar kimi azlıqların hüquqları üzrə əldə olunan uğurların sürətlə yoxa çıxacağında narahatdırlar.

1996-2001-ci illərdə Talibanın idarəçiliyi dövründə qadınlar işləyə bilmir, qızlar məktəbə getmirdilər. Qadınlar evdən çıxanda üzlərini bağlamalı, onları kişi qohumları müşayiət etməliydi.

“Beynəlxalq ictimaiyyətin iflası”

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan avqustun 16-da NBC-nin “Today show” proqramına deyib ki, Əfqanıstanda vəziyyət gözlənildiyindən daha tez pisləşib və Bayden bu ölkədə insan haqlarına görə beynəlxalq ictimaiyyəti səfərbər etməyə hazırdır.

“O, insan haqları məsələlərinə çılğınlıqla yanaşır və gələcəkdə də onları diqqətdə saxlayacağıq. Amma bu, Birləşmiş Ştatların başqa bir ölkədə daxili bir münaqişənin içində daha bir onilliyə qalmasına əsas vermirdi”, – Sallivan deyib.

Britaniyanın Müdafiə naziri Ben Vallas tənqidi Baydendən və Birləşmiş Ştatlardan yayındırmağa çalışaraq deyib ki, Talibanın hakimiyyətə gəlişi “beynəlxalq ictimaiyyətin iflası” idi.

O, ABŞ qüvvələrinin 20 illik müdaxiləsinin “boşuna getmədiyini” vurğulayaraq Qərb ölkələrini siyasi məsələlərdə uzaqgörən olmamaqda suçlayıb.

Nazir missiyanın yarısını "uğurlu" adlandırıb. 2001-ci ilin 11 sentyabr terrorundan sonra Taliban devrildi, Al-Qaeda lideri Osama bin Laden isə öldürüldü.

Amma “bu heç də 20 ilin eyni keçəcəyi anlamına gəlmir”, – deyən Vallas sərt xətt tərəfdarı olan qrupun yenidən baş qaldırmasının dünyada təhlükəsizliyə təsirindən narahatlığını da dilə gətirib.

XS
SM
MD
LG