Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Avropanın qaz sınağı – Qərb mediası


Mayeləşdirilmiş qaz (LNG) tankeri Tokio yaxınlığında, arxiv fotosu
Mayeləşdirilmiş qaz (LNG) tankeri Tokio yaxınlığında, arxiv fotosu

Qlobal bazarda qazın qiyməti artıb, 2008-ci ilin iyunundakı pik həddən bəri qeyri-qış mövsümündə heç vaxt olmadığı səviyyəyə çatıb

Kembric Universitetinin siyasi iqtisad üzrə professoru Helen Tompson “The Financial Times” qəzetində Avropanı gözləyən qaz böhranından yazır.

Müəllif yazın gəlişi ilə Avropada qaz böhranıyla bağlı qorxuların hiss olunduğunu qeyd edir. Qlobal bazarda qazın qiyməti artıb, 2008-ci ilin iyunundakı pik həddən bəri qeyri-qış mövsümündə heç vaxt olmadığı səviyyəyə çatıb.

440 faiz bahalanma

Məqalədə deyilir ki, Avropa Birliyinə təbii qaz idxalı bir il öncəylə müqayisədə 440 faiz bahalanıb. Avropanın bir çox ölkələrində qaz elektrik istehsalında əsas rolu oynadığından AB-də baza elektrik kontraktı bu ay rekord vurub.

Müəllif potensial qaz böhranının səbəbini Avropa ölkələrinin çoxunun təchizatda kənardan asılı olmasında görür. 1960-cı illərdə təchizat Norveç, Niderland və Britaniya tərəfindən ödənirdi. 1970-ci illərdə isə Sovet İttifaqından, 1990-cı illərin sonunda Rusiyadan getməyə başladı və beləliklə, qaz siyasi məsələyə çevrildi.

Qaz bazarının transformasiyası

“2009-cu ilin yanvarında Qazprom Ukrayna ərazisindən keçən qazı bir neçə günlüyə dayandıranda bircə xarici mənbədən belə asılılığın bədəli cənub-şərqi Avropa ölkələrinin çoxunu lərzəyə saldı”, – müəllif vurğulayır.

Məqalədə 2009-cu ildən bəri qlobal qaz bazarlarının Amerikanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracı hesabına dəyişdiyi qeyd edilir. 2016-2020-ci illərdə ABŞ Cənubi Koreyaya hər hansı Avropa ölkəsindən iki dəfədən çox qaz ixrac edib.

“Almaniyanın Amerikadan mayeləşdirilmiş qaz alacaq limanları yoxdur. Dənizdən mayeləşdirilmiş təbii qaz idxalı daha bahadır və Asiyada kəmərlərin olmaması isə Asiya ölkələrinin qiyməti bahalandırması deməkdir”, – məqalədə deyilir.

Putinin iradəsindən asılı

Nəticədə AB-nin böyük hissəsi Rusiya ixracından və geosiyasi baxımdan Prezident Vladimir Putinin iradəsindən asılı qalır, müəllif yazır.

Rusiyanın Gazprom şirkəti sentyabrın 10-da Şimal Axını 2 qaz kəməri tikintisinin başa çatdığını elan edib. 1230 kilometrlik kəmərin gücü ildə 55 milyard kubmetrdir və Rusiya qazını Baltık dənizinin dibi ilə birbaşa Almaniyaya nəql edəcək.

Kəmərin Rusiya qazı üçün əsas tranzit sayılan Ukraynadan yan keçməsi Kiyevi və bir sıra Avropa ölkələrini narahat edir. Onlar Moskvanın bu kəmərdən Ukrayna və Avropa üzərinə təzyiq vasitəsi kimi istifadə edə biləcəyini deyirlər.

XS
SM
MD
LG