Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

Tədqiqatçı seçkidə kütləvi saxtakarlıq olduğunu deyir


Sergey Şpilkin
Sergey Şpilkin

Bir qrup müstəqil bələdiyyə və region deputatı isə saysız pozuntulara görə  17-19 sentyabr seçkisinin nəticələrinin ləğvini tələb edən petisiyaya start verib

Ötən seçkiləri detallı təhlil etməsilə tanınan rusiyalı tədqiqatçı deyir ki, Dövlət Dumasına seçkidə hakim Vahid Rusiya partiyasının qələbəsi saxtakarlıq sayəsində mümkün olub.

Sergey Şpilkin təhlilini sentyabrın 21-də, seçki bitəndən iki gün sonra dərc edib. Onun sözlərinə görə, səsvermədə manipulyasiya olmasaydı, Kremlin dəstəklədiyi Vahid Rusiya partiya siyahısı üzrə 31-33 faizə yaxın səs yığardı, Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı kimi 50 faizə yaxın yox.

Həbsdə olan müxalifətçi Aleksey Navalnının təbliğ etdiyi alternativ səsvermə tətbiqinə hökumətin təzyiqi, onu şəbəkələrdən sildirməsi və digər məsələlər onsuz da Duma seçkisinin nəticələrinə şübhələri artırmışdı.

31-33 faiz

MSK Vahid Rusiya-nın Dumada üçdə iki çoxluğu qazandığını açıqlayıb ki, bu da hakim partiyaya böyük qanunvericilik aktlarını qəbul etdirmək imkan verəcək.

2020-ci ildə Duma Prezident Vladimir Putinin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra daha iki dəfə prezident olmasıa yol açan konstitusiya dəyişikliyinə səs verib.

İxtisası fizik olan Şpilkin Facebook-da dərc etdiyi təhlildə Vahid Rusiyaya real dəstəyin 31-33 faiz olduğunu hesablayıb. O həmçinin seçicilərin 38 faizinin səsverməyə getdiyini deyir, rəsmi rəqəm isə 52-dir.

Bu təhlil ölkədəki 97 min seçki məntəqəsinin datasına əsaslanır, seçici fəallığının yüksək olduğu, eləcə də Vahid Rusiyaya daha çox səs verildiyi deyilən məntəqələr nəzərdən keçirilir.

Elektron səsvermə

Seçkiyə kölgə salan məsələlərdən biri Moskvada və altı digər yerdə tətbiq olunan yeni elektron səsvermə sistemidir. Seçki rəsmiləri bu sistemdən istifadəni COVID-19 təhlükəsini azaltmaqla izah ediblər.

Bəzi müşahidəçilər və müstəqil seçki ekspertləri isə ilkin datanı dəyərləndirib təhlil etməyi mümkün saymırlar, bununla da manipulyasiya imkanı açıq qalır.

Ekspertlər Moskvanın bir neçə rayonunda nəticələrin qeyri-adi, əvvəlki seçkilərdən fərqli olduğunu müəyyənləşdirib. Sentyabrın 20-də həmin ərazilərdə ilkin nəticələrin açıqlanması bir neçə dəfə təxirə salınıb.

Moskvanın 15 təkmandatlı dairəsində ilkin olaraq müxalifət namizədləri öndə olsa da yekunda Vahid Rusiyanın namizədlərinin qalib gəldiyi açıqlanıb.

Petisiya

Bir qrup müstəqil bələdiyyə və region deputatı isə saysız pozuntulara görə 17-19 sentyabr seçkisinin nəticələrinin ləğvini tələb edən petisiyaya start verib.

Müstəqil Bələdiyyə və Region Deputatları Assosiasiyasının məlumatına görə, MSK sədri Ella Pamfilova “ədalətli və şəffaf” seçki təmin edə bilməyib.

“Ən parlaq müxalifətçilər saxta və ədalətsiz bəhanələrlə seçkiyə buraxılmadı”, – deyə müraciət müəllifləri “bir neçə günlük səsvermənin kütləvi saxtalaşdırma imkanlarını artırdığını” vurğulayırlar.

MSK sentyabrın 21-də bülletenlərin hamısının sayıldığını, Vahid Rusiya-nın 49.82, Kommunist Partiyasının 18.93 faiz səs yığdığını açıqlayıb.

XS
SM
MD
LG