Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:39

MTN generalı və 'Azərsu'nun məxfi şöbəsinin müdiri məhkəmə qarşısında


Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının açılışında. 2012

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edən, hazırda isə həbsdə olan general-mayor Nizami Şirinov onun tabeliyində işləmiş üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Generalla birlikdə mühakimə olunanlar Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan AbdullayevElman Tahirov, eləcə də əməliyyat müvəkkili Nadir Nəzirovdur. Təqsirləndirilən şəxslərdən yalnız general Şirinov həbsdədir.

"Həmin dövrün sübutlarıdır"

Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. Sentyabrın 23-də məhkəmədə generalın vəkili onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil deyir ki, Şirinov 5 il öncə MTN-dəki işindən çıxarılıb, təqaüddə olub: "O, istintaqa çağırılanda Türkiyədə ürək əməliyyatı keçirib. İstintaqın çağırışıyla oradakı müalicəsini yarımçıq qoyaraq geri qayıdıb. Burada daimi yaşayış yeri var. Zərərçəkmişlərə, şahidlərə təzyiq göstərmək imkanı yoxdur".

Lakin hakimlər generalın həbsdən buraxılması vəsatətinə "yox" deyib.

Digər vəkil bildirib ki, xüsusi hallarda belə, istintaq 18 aydan çox çəkə bilməz. MTN olayları ilə bağlı istintaq araşdırmaları 2015-ci ilin oktyabrında başlayıb və 1 il 6 aylıq müddət 2017-ci ildə başa çatıb. Vəkilin sözlərinə görə, müvəkkili Nəzirov 2016-cı ildə də çağırılıb dindirilmişdi: "Dəyişən heç nə yoxdur. Həmin dövrün sübutlarıdır. O vaxt müvəkkilim ifadə versə də, cinayət məsuliyyətinə cəlb olunmayıb".

Müdafiəçi prosessual qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək cinayət işinin məhkəmə baxışına xitam verilməsini istəyib. Lakin bu vəsatət də təmin edilməyib.

315 min dollar və 300 min manatlıq iddia

General və keçmiş işçilərinin haqqındakı cinayət işində zərərçəkən qismində tanınanlar arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə sabiq MTN-çilərə qarşı 315 min dollar və 300 min manat ödənilməsi tələbi ilə mülki iddia qaldırıb.

Yusifov deyir ki, 315 min dollar general və işçilərinin ondan hədələyib aldıqları puldur. 300 min manatı isə ona vurulan mənəvi ziyanın əvəzi olaraq istəyir. Məhkəmə Yusifovun mülki iddiasını icraata götürüb. Amma onun təmin edilib-edilmədiyi məhkəmə prosesinin sonunda məlum olacaq.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Elman Tahirov hazırda "Azərsu"da məxfi şöbənin rəisidir.

Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olub.

Xatırlatma

Təqsirləndirilən sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələbetmə), 311 (rüşvət alma), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrlə ittihamlar verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin QuliyevTeymur Quliyev həbsdədir. Akif ÇovdarovSübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG