Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:32

Erdoğanın səhhətindən narahatlıqmı var? – Qərb mediası


Məqalədə deyilir ki, son aylarda yayılmış bir çox videolarda Türkiyə liderinin o qədər də sağlam görünmədiyi diqqət çəkib

Foreign Policy məcmuəsi yazır ki, 2019-cu ildən bəri Türkiyə ekspertləri, jurnalistlər və ictimai rəyi öyrənənlər diqqətlərini 2023-cü ilə planlaşdırılan parlament seçkisinə yönəldiblər.

Məqalədə ehtimal olunur ki, bu, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 2019-cu ildə bələdiyyə seçkilərində, İstanbul da daxil ölkə boyunca məruz qaldığı məğlubiyyətlərlə bağlı ola bilər.

Bu da qeyd olunur ki, ölkənin siyasi təsisatları və mediası üzərindəki nüfuzuna baxmayaraq prezident Recep Tayyip Erdoğanın, xüsusilə də gənclər arasında populyarlığı azalıb.

Lakin Foreign policy yazır ki, Erdoğanın mövqeyi bir çoxlarının düşündüyü kimi yalnız bununla bağlı deyil. Onun son dərəcə xəstə olduğunu göstərən əlamətlər var.

Məqalədə deyilir ki, son aylarda yayılmış bir çox videolarda Türkiyə liderinin o qədər də sağlam görünmədiyi diqqət çəkib.

Məsələn videolardan birində onun bir neçə pilləni arvadının köməyi ilə qalxdığı görünür. Onun başqa bir videoada Mustafa Kemal Atatürkün məzarına baş çəkməsi zamanı yeriməkdə çətinlik çəkdiyi görünürdü.

Məqalədə deyilir ki, bu videolarla yanaşı prezidentin səhhəti ilə bağlı şayiələr də yayılır. Məsələn onun huşsuzluqdan, təngnəfəslikdən, ürək bulanmasından əziyyət çəkdiyini deyirlər. Bunu da deyirlər ki, Erdoğan ətrafındakı həkimlərin sayını artırsa da, media ilə təmaslarını azaldıb.

106-cı maddə

Məcmuə qeyd edir ki, bütün bu şayiələr daha çox ölkə xaricindən, həm də prezidentin yaxın çevrəsindən kənarda olanlardan gəlir. Üstəlik də bəzi başqa videolarda o gümrah və qıvraq görünür.

Məsələn, sentyabrın 26-da “Millətlə üz-üzə” çıxışında o, ola bilsin əvvəllər olduğu qədər enerjili görünmürdü, amma unutmaq olmaz ki, onun 67 yaşı var, bu çox deyil, amma az da deyil.

Məqalə müəllifi yazır ki, ələxüsus da həkim olmayanların kənardan tibbi hökmlər verməsi heç vaxt yaxşı bir ideya olmayıb.

Bununla belə Foreign Policy müəllifi fikir eksperimenti təklif edir: Əgər birdən Erdoğan həqiqətən də xeyli xəstədirsə, necə olsun? Əgər o, xəstəliyə və ya ölümə görə 2023-cü il seçkisində iştirak edə bilməsə, nə olacaq?

Türkiyə Konstitusiyasının 106-cı maddəsinə görə belə bir vəziyyətdə Erdoğanın səlahiyyətləri növbəti seçkiyə qədər 45 gün ərzində vitse-prezident Fuat Oktaya keçəcək.

Müxalifət hakimiyyətə gələ bilərmi?

Türkiyə təhlilçiləri düşünürlər ki, post-Erdoğan dövründə AKP parçalana və beləliklə də ölkənin aparıcı müxalifətçilərindən birinin qalib gələcəyi rəqabətli seçkiyə yol aça bilər.

Bunun hətta AKP baş nazirinə İastanbul seçkisində iki dəfə qalib gəlmiş Ekrem İmamoğlu ola biləcəyini deyənlər də var. AKP-nin Ankaradakı rəqibi Mansur Yavaş da güclü siyasətçidir. İyi partiyanın lideri Meral Akşenerin adını çəkənlər də var.

Bəziləri düşünürlər ki, İmamoğlu, Yavaş və ya Akşenerin hakimiyyətə gəlməsi siyasətin normala qayıtması ilə nəticələnəcək.

Lakin Foreign Policy burada şübhələrin də mövcud olduğunu yazır. Məqalədə deyilir ki, Erdoğan AKP vasitəsilə Türkiyənin siyasi təsisatlarını öz iradəsinə uyğun dəyişdirib və belə bir şəraitdə ədalətli seçki keçirməyin mümkünlüyü sual doğurur.

İkincisi, Erdoğanın 20 illik hakimiyyəti illərində AKP-nin iç çevrəsində varlanan və qüdrətlənən şəxslər yetişib. Belə olduqda rəsmilərin, media şəxsiyyətlərinin və başqalarının indiyədək qazandıqlarını rahatlıqlıa qeyri-müəyyənliyə riskə gedəcəklərini düşünmək çətindir.

Başqa bir avtoritar

Foreign Policy yazır ki, mümkün variantlardan biri də Erdoğandan sonra başqa bir avtoritarın hakimiyyətə gəlməsidir. Bu mənada Erdoğandan başqa qüdrətli olan şəxslərin arasında kəşfiyyat rəhbəri Hakan Fidanın, müdafiə naziri Hulusi Akarın, daxili işlər naziri Süleyman Soylunun adlarını çəkmək olar.

Məqalədə deyilir ki, bunların arasında Akar hakimiyyətə gəlmək üçün daha yaxşı şanslara malikdir. Türklər Fidanı yaxşı tanıyırlar, amma o əsasən öz nazirliyində, qapalı fəaliyyət göstərib. Soylu isə Türkiyənin mafiya başçılarından Sedat Pekerin iddiaları ilə nüfuzdan düşüb.

Həm də Akarın Fidan və Soyludan bir üstünlüyü də var: silahlı qüvvələr.

Foreign Policy yazır ki, silahlı qüvvələr 2003-2004-cü illərdə mülki hakimiyyətin tabeçiliyinə keçirildikdən sonra, Türkiyə təhlilçiləri ordunun rolunu o qədər də nəzərə almırlar. 2016-cı ilin çevriliş cəhdi zamanı əksər türklər siyasi mənsubiyyətlərindən asılı olmayaraq hərbiyyənin himayəsində olan sistemə qayıtmaq istəmədiklərini göstərdilər. Üstəlik sonrakı repressiyalar hərbi komandanların siyasi rol oynamaq həvəsini öldürdü.

Akar Akara dəstək ola bilər

Amma burası da var ki, çevriliş cəhdi zamanı və ondan sonra müdafiə naziri olan Akar 2016-cı ilin iyulundan sonra silahlı qüvvələrin formalaşmasında mərkəzi rol oynayıb.

Foreign Policy yazır ki, indi Akar silahlı qüvvələri “Akara dəstək olaraq” siyasi roluna qaytara bilər.

Məqalədə deyilir ki, 2016-cı ildən keçən 5 ildə Akar generallar da daxil zabit heyətinin 65 faizini vəzifələrə təyin edib.

Foreign Policy yazır ki, Türkiyə hərbiyyəsinin özünü siyasətdən uca tutduğu, lakin Kemalçı sistemin müdafiəsi üçün müdaxilə etdiyi vaxtlarda bu faktor o qədər də rol oynamaya bilərdi.

Məqalədə deyilir ki, əgər ordunun mülki hakimiyyətə tabeçiliyi AKP hakimiyyətinin ilk illərində olduğu kimi qanunlar, qaydalar və fərmanlar vasitəsilə həyata keçirilsə idi, Akarın ordu sıralarındakı nüfuzu nəzərə alınmaya da bilərdi.

Foreign Policy qeyd edir ki, indi silahlı qüvvələr mülki hakimiyyətə tabe olsa da, bu, siyasi sistem yox, Erdoğana və Akara loyallııq əsasında həyata keçirilir.

Məhz bu səbəbdən də Erdoğanın sıradan çıxması və yaxud vəfatı Akarı çox qüdrətli bir mövqeyə çıxarır.

Vaşinqton Akarı bəyənə bilər, amma…

Məcmuə yazır ki, Vaşinqton Akarın belə mövqeyindən razı qala bilər. O hər halda praqmatik şəxs təsiri bağışlayır. Lakin Akarın Birləşmiş Ştatlara dost olacağını da əminliklə demək olmaz. İdeoloji baxımdan o da Erdoğanın gəldiyi yerdən gəlir.

Məqalədə xatırladılır ki, Türkiyənin 2020-ci ildə Aralıq dənizindəki aqressiv davranışlarına görə Akar da məsuliyyət daşıyır. Türkiyənin məhz belə mövqeləri onu NATO müttəfiqləri olan Fransa və Yunanıstanla üz-üzə qoyub.

Foreign Policy yazır ki, əgər Erdoğan özünü 2023-cü ilin seçkisinə çatdıra bilməsə, başqa ssenarilər də baş verə, Türkiyə daha sabitsiz ola bilər.

Məqalə müəllifi Misiri misal gətirir: Xarici siyasət icması illərlə əmin idi ki, Misirdə hakimiyyət Hüsnü Mübarəkdən ya oğlu Qamal Mübarəkə, ya da kəşfiyyatın rəhbəri Ömər Süleymana keçəcək. Amma bunlardan heç biri baş vermədi.

XS
SM
MD
LG