Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:46

Əliyev ailəsinin Londonda 700 milyon dollarlıq mülkləri (Virtual tur)


Əliyevlər ailəsi BMT Baş Assambleyasında
Əliyevlər ailəsi BMT Baş Assambleyasında

Ofşor şirkətlərə dair "Pandora Sənədləri" adlı sızdırılmış fayllarda 35 indiki və keçmiş liderin, eləcə də 300-dən çox məmurun adları çəkilir.

Azərbaycan və Ukrayna prezidentləri, eləcə də dünya üzrə yüzlərlə siyasətçi və milyarder sərvətlərini ofşor vergi cənnətlərində gizlətməkdən ötrü şirkətlərdən istifadə ediblər. Bunu yeni sızmış maliyyə sənədləri ortaya qoyub.

Oşfor şirkətlərə dair "Pandora Sənədləri" adlı sızdırılmış fayllarda 35 indiki və keçmiş liderin, eləcə də 300-dən çox məmurun adları çəkilir.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) sözügedən sənədləri oktyabrın 3-də yayıb.

700 milyon dollara 17 mülk

Araşdırmaya görə, Azərbaycan Prezidenti İlham Əliyev və yaxınları ofşor şirkətlər vasitəsilə Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər. Bunu BAJK tərəfdaşı olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi bildirir.

Əmlakların çoxunun nağda alındığı qeyd edilir.

BBC sənədlərə istinadla Əliyevlərin 17 mülk əldə etdiyini xəbər verir.

Əliyevin oğlu Heydər hələ 11 yaşı olanda Londonun Meyfer səmtində dörd binaya sahiblənib. 44.7 milyon dollarlıq blok prezidentin ailə dostuna məxsus şirkət tərəfindən alınıb və bir ay sonra Heydərin adına keçirilib.

Əliyev administrasiyası, ailə üzvləri iddiaları şərh etməyiblər.

Zelenski və ortaqları

Gizli sənədlər Ukrayna Prezidenti Volodimir Zelenski və onun yaxın ətrafının da ofşor şirkətlər şəbəkəsinin benefisiarı olduğunu üzə çıxarıb. Bəzi şirkətlər Londonda bahalı əmlak sahibidirlər, -OCCRP bildirir.

Araşdırmaya görə, Zelenski "Kvartal 95" adlı prodakşn şirkətindəki tərəfdaşları ilə birlikdə azı 2012-ci ildən ofşor şirkətlər şəbəkəsi qurub. Zelenskinin yaxınları bu ofşorlar vasitəsilə Britaniya paytaxtında üç böyük əmlaka yiyələnib.

Sənədlərdən o da aydın olur ki, Zelenski 2019-cu ildə prezident seçilməzdən az öncə gizli ofşor şirkətdəki payını biznes ortağına ötürüb, o isə sonradan prezidentin əsas müşaviri olub.

Az sonra əldə olunmuş razılaşmada isə ofşor şirkətin Zelenskinin arvadına məxsus şirkətə divident ödəməsi nəzərdə tutulub.

Zelenskinin sözçüsü məsələni şərh etməyib.

Nazarbayev

OCCRP digər ofşor sənədlərə istinadla yazır ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin “qeyri-rəsmi üçüncü arvadı” “demək olar ki, heç nəyə görə” 30 milyon dollar əldə edib.

Assel Kurmanbayeva bu pulu hamısı Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş altı ofşor şirkətin səhm transferindən sonra alıb. Vircin adaları ofşorların məşhur sığınacağıdır.

Nazarbayev iddiaları şərh etməyib.

Putinin “gizli qızı”

Sənədlərdə Rusiya Prezidenti Vladimir Putinin Monakoda gizli sərvətlə əlaqəsindən də söz açılır.

Araşdırmaçı konsorsiumun tərkibində olan “The Washington Post” Svetlana Krivonogix adlı rusiyalı qadının ofşor şirkət vasitəsilə Monakoda mənzil sahibi olmasından yazır. Bu, qadının 2003-cü ildə dünyaya qız övladı gətirməsindən bir neçə həftə sonra baş verib.

Qəzet Rusiyanın “Proyekt” araşdırmaçı portalına istinadla qadının Putinlə gizli münasibətinin illərlə davam etdiyini yazır.

Krivonoqix, onun artıq 18 yaşında olan qızı və Kreml məsələyə şərh verməyiblər.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 4-də deyib ki, Pandora Sənədlərində yazılanlara “əsassız iddialar yığınıdır”.

'Panama sənədləri' - prezidentin ailə şirkətlərinə dair qalmaqal nələri dəyişə bildi
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Qanunsuz olmasa da...

Sənədlərdə Pakistanın Baş naziri İmran Xanın yaxın ətrafının, nazirlərinin və ailə üzvlərinin milyonlarla dollarlıq şirkətlərə, holdinqlərə sahib olduğu yazılır. Fayllarda İordaniya Kralı II Abdulla, Çexiyanın Baş naziri Andrey Babiş, Britaniyanın keçmiş baş naziri Toni Blerin ofşor sövdələşmələrindən, eləcə də Rusiya, Türkiyə, Birləşmiş Ştatlar, Türkiyə və digər ölkələrdən 130-dan çox milyarderin maliyyə fəaliyyətindən detallı söz açılır.

Bu tranzaksiyaların çoxu qanunsuz deyil. Amma BAJK-dan Ferqus Şiel deyir ki, sızdırılmış sənədlər “ofşor şirkətlərin adamların şübhəli pulların gizlətməyə, yaxud vergidən yayınmağa kömək etdiyini göstərir”.

“Onlar həmin ofşor hesablar vasitəsilə digər ölkələrdə yüzmilyonlarla dollarlıq mülkiyyət alır, ailələrini öz vətəndaşlarının hesabına varlandırırlar”, – o deyib.

“Panama Sənədləri”

Beş il öncə, 2016-cı ildə “Panama Sənədləri” adlı araşdırma yayılmışdı. O zaman 14 maliyyə xidməti şirkətinin 12 milyona yaxın gizli sənədi əldə olunmuşdu. Şirkətlər Vircin adalarında, Panamada, Belizdə, Kipr, BƏƏ, Sinqapur, İsveçrədə qeydiyyatdan keçmişdilər.

150 media orqanından 600-dən çox jurnalist iki il ərzində sənədləri araşdırmış, mənbələrin, məhkəmə fayllarının izinə düşmüşdülər.

“Panama sənədləri”ndə Prezident İlham Əliyev ailəsinə məxsus şirkətlərlə bağlı bir neçə araşdırma vardı.

İndiyədək hakim ailənin ofşor sərvətilə bağlı rəsmi açıqlama verilməyib. Prezident Əliyev isə dəfələrlə məmurları “çirkin əməlllərindən əl çəkməyə” çağırıb, əks halda aqibətlərinin eyni olacağıyla hədələyib. Bir neçə keçmiş icra başçısı korrupsiya ittihamları ilə həbs olunub, bəziləri haqda artıq hökm çıxarılıb.

Hakimiyyət ölkədə korrupsiya ilə sistematik mübarizə aparıldığını desə də, tənqidçilər bunun görüntü xarakterli olduğunu iddia edirlər.

XS
SM
MD
LG