Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:51

Əliyev 'Pandora sənədləri'ndən danışdı: 'Ola bilsin, 5 faiz həqiqətdir'


Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verib.

Müsahibə Azərbaycanın rəsmi AZƏRTAC saytında da dərc edilib.

Jurnalist ona "Pandora sənədləri" ilə də bağlı da sual verib: - "Pandora sənədləri"ni Sizdən soruşmaya bilmərəm. Bildiyiniz kimi, adınız orada çıxıb. Siz müdafiə olaraq "Pandora sənədləri" haqqında nə deyərdiniz?

İ.Əliyev cavab olaraq deyib ki, bu cür məsələlər onu çox illərdir müşayiət edir: "Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır".

"Bu, onların xoşuna gəlmədi"

Onun sözlərinə görə, ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib: "Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər".

Prezidentin deməsinə görə, onlar bunu gözləyirdilər: "Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır".

"Prezident seçiləndə mən kasıb insan deyildim"

İ.Əliyev xatırladıb ki, o, 18 ildir prezidentdir: "Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim".

"Bütün biznesimi uşaqlarıma ötürdüm"

O əlavə edib ki, prezident olduqdan sonra biznesdə birbaşa iştirakını dayandırıb və biznesi öz ailəsinə ötürüb: "Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz".

"Orada, ola bilsin, 5 faiz həqiqətdir"

Prezidentin sözlərinə görə, sənədlərdə nə yazılıbsa, onları oxumayıb: "Mənə məlumat verildi və orada, ola bilsin, 5 faiz həqiqətdir. Qalanı isə yalandır...".

Xatırlatma

Ofşor şirkətlərə dair "Pandora Sənədləri" adlı sızdırılmış fayllarda 35 indiki və keçmiş liderin, eləcə də 300-dən çox məmurun adları çəkilir.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (BAJK) sözügedən sənədləri oktyabrın 3-də yayıb. Araşdırmaya görə, Azərbaycan Prezidenti İlham Əliyev və yaxınları ofşor şirkətlər vasitəsilə Britaniyada, əsasən də Londonda təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər. Bunu BAJK tərəfdaşı olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi bildirir. Əmlakların çoxunun nağda alındığı qeyd edilir.

Orada vurğulanır ki, Əliyevlər 17 mülk əldə edib. Əliyevin oğlu Heydərin hələ 11 yaşı olanda Londonun Meyfer səmtində dörd binaya sahibləndiyi də qeyd edilir. Bildirildiyinə görə, 44.7 milyon dollarlıq blok prezidentin ailə dostuna məxsus şirkət tərəfindən alınıb və bir ay sonra Heydərin adına keçirilib.

Hələ 2013-cü il prezident seçkisində İ.Əliyevin opponentlərindən biri, Milli Şuranın namizədi Cəmil Həsənli ondan gəlir bəyannaməsini açıqlamağı tələb etmişdi. O, bunu seçki qanunvericiliyinin tələbi olduğunu qeyd edirdi. C.Həsənli "Pandora sənədləri" açıqlandıqdan sonra da həmin tələbini xatırladıb.

XS
SM
MD
LG