Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Ata Abdullayev məhkəmədə ağladı: '8 aydır 6 kvadratmetrlik otaqda tək qalıram'


Ata Abdullayev
Ata Abdullayev

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev oktyabrın 19-da məhkəmə qarşısına çıxarılıb. O, dörd müxtəlif adamdan onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib almaqda suçlanır. CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunan Abdullayev isə özünü təqsirli bilmir.

"Mən günahımı bilirəm, aydındır ki, niyə buradayam. Amma ittiham aktında yazılanlar deyil. Mən buradan çıxmaq istəyirəm, Heydər Əliyevin, Zərifə xanımın, şəhidlərimizin, atamın məzarını ziyarət eləmək istəyirəm. 8 aydır 6 kvadratmetrlik otaqda tək qalıram. Düzdür, iki dəqiqədən bir təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, Sizdən ata kimi xahiş edirəm...", – deyən Abdullayev məhkəmədə bir neçə dəfə ağlayıb.

"Deyirdi ki, sən məmursan, dövlətin malını yeyirsən"

Prokuror ittiham aktını elan edəndə məlum olub ki, o, dörd nəfəri şantaj etməkdə suçlanır. Onların arasında Abşeronun icra başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Bakıda keçirilən beynəlxalq yarışlar zamanı Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsində mühasib kimi çalışan Elmar Əliyev, sahibkarlar Cəmil BabayevElçin Əliyev də var.

Adları çəkilən dörd nəfər zərərçəkmişdən yalnız Elmar Əliyev məhkəməyə gəlib. Zərərçəkmiş deyir ki, təqsirləndirilən şəxs ondan əvvəlcə 10 min manat tələb edib. Bu pulu verməyəndə sosial şəbəkələrdə canlı yayım vasitəsilə onun haqqında yalan məlumatlar yayıb. Əliyev iddia edir ki, bir müddət öncə ayrıldığı şərikinin sifarişi ilə şantaj olunub: "Aqressiv, tez-tez danışırdı, nə dediyini də başa düşmək olmurdu. Mənə deyirdi ki, sən məmursan, dövlətin malını yeyirsən, satırsan. Guya mən Avropa Oyunlarından sonra "Atletlər kəndi"ndə evlərdən mebelləri və başqa əşyaları götürüb satmışam. Əvvəl fikirləşdim ki, mən niyə pul verim, nə istəyir, eləsin. Bir müddət sonra canlı yayım açıb haqqımda böhtanlar dedi".

"Əvvəl 10 min demişdi, sonra "iPhone" istədi"

Zərərçəkmişin sözlərinə görə, canlı yayımdan qohumları vasitəsilə xəbər tutub. Elə qohumları da ona tövsiyə edib ki, Abdullayevin istədiyini versin, ondan əl çəksin: "Bu adamın pulla sifarişlər yerinə yetirdiyini hamı bilir. Əvvəl 10 min demişdi, sonra "iPhone" istədi. Dostumdan xahiş elədim, 2 min 400 manata aldı, aparıb Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi".

"Hamı bilir" ifadəsi Abdullayevin xoşuna gəlməyib, özünə təhqir hesab etdiyini vurğulayıb. Tələb edib ki, bir də onun haqqında belə ifadələr səsləndirilməsin.

Təqsirləndirilən şəxsin özü də, vəkili də zərərçəkəndən soruşub ki, niyə hadisədən iki il keçəndən sonra DTX-ya şikayət ərizəsi yazıb. Əliyev səbəbini belə izah edib: "Gözümün önündə polis idarəsinə vəsiqə təqdim eləmədən, yoxlanılmadan girən adam idi. Mən də o, həbs olunandan sonra şikayət ərizəsi verdim".

O, dindirmənin sonunda şikayətçi olduğunu, telefonu tələb etdiyini vurğulayıb.

"DTX-da məni qoruyurlar, Allah da onları qorusun"

Abdullayev isə iddia edir ki, zərərçəkmişin dedikləri yalandır, nə kimisə video ilə şantaj edib, nə də telefon alıb: "Mən bu gün fəxr edirəm ki, İlham Əliyev ideyalarına qulluq edirəm. Bu gün DTX-da məni qoruyurlar, Allah da onları qorusun. Ortada nə video var, nə başqa sübut, məni ittiham edir. Bəlkə müstəntiq Stiv Cobsdan arayış alıb?".

Məhkəmə oktyabrın 26-da digər zərərçəkmişlərin ifadələri ilə davam edəcək.

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. Onun ittiham olunduğu CM-in 182-ci maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Abdullayev bundan öncə də onlayn oğurluğa görə MTN əməkdaşları tərəfindən saxlanmış, son nəticədə ona şərti cəza verilmişdi.

XS
SM
MD
LG