Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:42

Saakaşvili tibbi yardıma razılıq verir


Saakaşviliyə dəstək aksiyası
Saakaşviliyə dəstək aksiyası

Oktyabrın 19-da, aclıq aksiyasının 19-cu günündə Saakaşvilini altı həkim müayinə edib.

Gürcüstanın üç həftədir aclıq aksiyası keçirən keçmiş prezidenti Mixeil Saakaşvili tibb müdaxiləyə icazə versə də aksiyanı davam etdirəcəyini deyib.

Vəkili Dito Sadzaqlişvili oktyabrın 20-də müvəkkilinin jurnalistlərə məktubunu oxuyub. Saakaşvili məqsədi uğrunda “ölməyə hazır” olduğunu yazır.

“Ancaq işi sona çatdırmaq üçün şüurumu və iş qabiliyyətimi qoruyub saxlamaq istəyirəm. Ona görə də həkimlərin məhdud çərçivədə tibbi müdaxiləsinə icazə verirəm”, – məktubda deyilir.

***

Gürcüstanın həbsdə aclıq aksiyası keçirdiyi bildirilən keçmiş prezidenti Mixeil Saakaşvilini müayinə edən həkimlər onu həbsxanadan xəstəxanaya köçürməyi tövsiyə ediblər.

Oktyabrın 19-da, aclıq aksiyasının 19-cu günündə Saakaşvilini altı həkim müayinə edib. 53 yaşlı keçmiş prezident mühacirətdən Gürcüstana qayıdan kimi həbs olunub. Özü həbsini siyasi motivli adlandırır.

“Saakaşvilinin sağlıq durumu istənilən an pisləşə bilər, ağırlaşmaların qarşısını almaq üçün hospitalizasiyanı tövsiyə etdik”, – həkimlərdən biri Zurab Paqava “Interfax”a deyib.

Özü razılıq verməsə...

Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze də ona baş çəkib və keçmiş prezidentin oktyabrın 23-də, yaxud 24-də xəstəxanaya köçürülə biləcəyini deyib.

Kipşidzenin sözlərinə görə, Saakaşvili hospitalizasiyaya razılıq verməlidir. O, Saakaşvilinin indiki durumunun sabit olduğunu, bir gün öncəylə müqayisədə dəyişmədiyini deyib. Həkim deyir ki, keçmiş liderin “qan dövranındakı pozuntu onun aclıq aksiyasını xüsusilə təhlükəli edir”.

Gürcüstan qanunvericiliyi xəstənin razılığı olmadan tibbi müdaxiləyə icazə vermir. Yalnız “şəxs huşsuzdursa və həyatına risk varsa”, müdaxilə mümkündür, Saakaşvilinin vəkili Dito Sadzaqlişvili AFP-yə deyib.

Ədliyyə naziri Rati Breqadze isə jurnalistlərə bildirib: “Bizim yeganə marağımız onun hüquqlarının qorunması, sağlıq durumunun sabit qalmasıdır”.

Siyasi böhran dərinləşib

Saakaşvilinin Rustavidə həbsxanada saxlanması Gürcüstanda siyasi böhranı daha da dərinləşdirib. Avropalı parlamentarilər, keçmiş və indiki siyasətçilərin bir qrupu onun azadlığa buraxılmasına çağırıb.

Keçmiş prezident oktyabrın 1-də səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtdığını elan edib və bundan bir neçə saat sonra saxlanıb. Ötən həftə onminlərlə tərəfdarı Tbilisidə küçələrə çıxaraq bu həbsə etiraz ediblər.

Ölkənin hüquq-mühafizə orqanları Saakaşvilini sərhədi qanunsuz keçməkdə ittiham edirlər.

Saakaşvili 2004-2013-cü illərdə prezident olub. O, 2018-ci ildə iki ayrı iş üzrə qiyabi olaraq üst-üstə 9 il həbsə məhkum edilib. Keçmiş prezident isə ittihamları siyasi motivli hesab edir.

XS
SM
MD
LG