Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:22

İran vaksinlərinin uğursuz taleyi


Fakhra vaksini
Fakhra vaksini

İran vaksinlərinin uğursuzluğu ictimai qəzəbə səbəb olub. Bəzi iranlılar sual edirlər ki, niyə hökumət xarici vaksin idxal etmək əvəzinə daxili vaksin istehsalına bu qədər resurs sərf edib

İran ötən il deyirdi ki, tezliklə dünyada COVID-19 vaksininin iri istehsalçısına çevriləcək. Ancaq AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Gülnaz İsfəndiyari Tehranın bu hədəfinə çatmadığını yazır.

İran istehsal etdiyi Faxra vaksinini noyabrda Tehran yaxınlığında qətlə yetirilmiş aparıcı nüvə alimi Möhsün Fəxrizadənin şərəfinə adlandırmış, onu böyük təmtəraqla təqdim etmişdi.

Faxra-nın ilk klinik sınaqlarından yeddi ay keçsə də, vaksinin istehsalı getmir, rəsmilər ona tələbatın olmadığını deyirlər.

Bu addım yerli vaksin proqramı üçün böyük geriləmə sayılır. Onsuz da əhali arasında peyvəndlərə böyük inamsızlıq var, yubanmalar və korrupsiya iddiaları adına xələl gətirib.

Üstəlik, İran xarici peyvəndlərin idxalını artırıb. İranlıların çoxu isə düşünür ki, ölkənin özünü vaksinlə təmin etmək istəyi, başqa sözlə, vaksin muxtariyyəti iddiası ölkə boyunca vaksinasiyanı yubadıb, minlərlə insanın ölümünü önləyə bilməyib.

Maliyyə marağı

İran Yaxın Şərqdə COVID-19-dan ən böyük zərbə yemiş ölkədir. Virusdan 125 minə yaxın ölüm rəsmən təsdiqlənib. Amma səhiyyə orqanları belə real rəqəmlərin iki dəfə yüksək ola biləcəyini etiraf edirlər.

Müşahidəçilərin fikrincə, ölkənin qeyri-şəffaf vaksinasiya kampaniyasının arxasında daha çox maliyyə marağı dayanıb, nəinki ictimai sağlamlıq üçün narahatçılıq.

“Ta başlanğıcdan bəlli idi, müxtəlif qruplar dövlət resurslarına çıxış əldə etməkdən ötrü ölkədə vaksin istehsalı üzrə rəqabətə başladılar”, – ABŞ-da yaşayan həkim Məhəmməd Kazım Əttari Radio Farda-ya deyib.

Attarinin sözlərinə görə, vaksin istehsalçıları onun barəsində məhdud informasiya verdiklərindən ictimai inamsızlıq da güclənib.

Ölkədə hazırlanan azı beş vaksinin yalnız biri kütləvi istehsal mərhələsinə çatıb.

“Barekat”

İndiyədək “Barekat” adlı vaksinin 4 milyona yaxın dozasının vurulduğu bildirilir.

Onu istehsal edən Barekat İnstitutu sentyabradək 50 milyon doza istehsal edəcəyini deyirdi.

Vaksini İranın Ali dini lideri Ayətulla Əli Xameneyinin ofisinin nəzarət etdiyi “Setad” adlı güclü təşkilat hazırlayıb. Xameneyi özü Barekat vaksini vurduraraq daxili peyvəndləməni “milli şərəf” məsələsi adlandırıb. Ali dini lider Qərb vaksinlərini “etibarsız” hesab edərək idxallını yasaqlayıb.

Amma iranlıların çoxu xarici vaksinlərə, Çindən, Rusiya və Hindistandan idxal olunanlara üstünlük verir.

“Peyvənd vurdurduğum mərkəzdə Barekat və Sinopharm təklif olunurdu. Barekat üçün növbə yox idi”, – Tehranda yaşayan bir nəfər radioya deyib.

Sinopharm Çin istehsalı olan vaksindir.

Fakhra və digər vaksinlər

Razi COV Pars və Noora adı digər iki vaksinin taleyi isə qaranlıqdır. Noora-nın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən hazırlandığı bildirilir.

Dövlət mediasının məlumatına görə, Razi Cov Pars rəsmən təsdiqlənməyib, Noora isə hələ kilinik sınaqla mərhələsindədir.

“Fakhra” vaksin proqramının başçısı oktyabrın 19-da ILNA xəbər agentliyinə deyib ki, vaksinin istehsalı dayandırılacaq.

Əhməd Kərimi Fakhra-nın bir milyon dozasının istehsal olunduğunu deyib. Onun sözlərinə görə, ölkədə vaksinə tələbat yoxdur.

Kərimi deyib ki. Fakhra vaksin proqramımı hazırlamış Müdafiə Nazirliyi onun sınaqları üçün könüllü tapa bilməyib.

İctimai qəzəb

Müəllif yazır ki, İran vaksinlərinin uğursuzluğu ictimai qəzəb yaradıb. Bəzi iranlılar sual edirlər ki, niyə hökumət xarici vaksin idxal etmək əvəzinə daxili vaksin istehsalına bu qədər resurs sərf edib.

Sosioloq Simin Kazıminin fikrincə, İranda ictimai sağlamlığın siyasiləşdirilməsi inamsızlıq və ümidsizliyə yol açıb.

“Effekti bəlli olmayan çoxsaylı yerli vaksin istehsalı cəmiyyətə belə bir mesaj ötürdü ki, ictimai sağlamlıq ən vacib məsələ deyil, buna görə cavabdehlik daşıyanlar öz maraqlarını güdürlər”, – Kazımi bu ayın əvvəlində “Şərq” qəzetinə deyib.

Hətta “onminlərlə vətəndaşın ölümündə” əli olan rəsmilərin mühakimə olunması çağırışları da səslənib.

XS
SM
MD
LG