Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Kosovo onu tanımayan Rusiyanın iki diplomatını ölkədən qovur


 Kosovo prezidenti Vyosa Osmani
Kosovo prezidenti Vyosa Osmani

Rusiya Kosovonun Serbiyadan müstəqilliyini tanımayıb və bu səbəbdən də onunla diplomatik münasibətləri yoxdur

Müstəqilliyi qismən tanınan Kosovo Respublikası Rusiyanın iki diplomatını ölkədən qovur.

Bu məlumatı Kosovo prezidenti Vyosa Osmani özünün Facebook səhifəsində verib.

O yazır ki, Kosovonun Xarici İşlər Nazirliyi Rusiya diplomatlarını “arzuolunmaz şəxs” elan edib.

Bundan əvvəl prezident rusiyalıların “ziyanlı fəaliyyəti” ilə bağlı onların persona non grata elan edilməsinə dair hökumətə sorğu göndərmişdi.

Söhbətin hansı “ziyanlı fəaliyyətdən” getdiyi aydınlaşdırılmır.

Osmani habelə Facebook postunda Rusiya və onun “bölgədəki agentlərini” Kosovo, ABŞ və Avropa İttuifaqının regiondakı nailiyyətlərini sarsıtmaq cəhdində ittiham edib.

Osmaninin sözlərinə görə, Kosovo amerikalı və avropalı müttəfiqləri ilə birlikdə Rusiyanın bu regionu sabitsizləşdirmək cəhdlərinə qarşı çıxmaqda davam edəcək.

Rusiya Kosovonun qərarını tanımadığını deyir

Rusiya Kosovonun Serbiyadan müstəqilliyini tanımayıb və bu səbəbdən də onunla diplomatik münasibətləri yoxdur.

Buna baxmayaraq Rusiyanın Serbiyadakı səfirliyinin dəftərxanası Kosovonun mərkəzi şəhəri Priştinada fəaliyyət göstərir.

Kosovo hökuməti bu dəftərxananı “Rusiya Federasiyasının Kosovodakı rabitə şöbəsi” adlandırır.

Rusiyanın Serbiyadakı səfirliyi Kosovonun addımını “təxribat” adlandırıb.

Səfirliyin bəyanatında deyilir ki, Priştinanın qərarı Rusiya üçün heç bir qüvvəyə malik deyil və sözü gedən diplomatlara gəlincə isə, Rusiya BMT-nin Kosovodakı müvəqqəti inzibati missiyası ilə əməkldaşlıq edir.

Son həftələrdə Kosovonun əsasən etnik serblər yaşayan şimal bölgələrində vəziyyət gərginləşib.

Orada yerli əhali ilə Kosovonun xüsusi təyinatlı polisi arasında toqquşmalar baş verir.

BMT üzvü olan ölkələrin əksəriyyəti Kosovonun müstəqilliyini tanıyıb.

Lakin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü – Rusiya və Çin Kosovonun müstəqilliyini tanımır.

Avropa İttifaqının bir sıra ölkələri, habelə Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan imtina edirlər.

XS
SM
MD
LG