Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:01

İsveçin pandemiyaya yanaşması araşdırılır – Qərb mediası


İsveç, arxiv fotosu
İsveç, arxiv fotosu

Dövlət komissiyası 2020-ci ilin əvvəlində pandemiyaya ləng reaksiyanı tənqid edib, İsveçin virusun digər Skandinaviya ölkələrindən daha sürətlə yayılmasına imkan verdiyini bildirib

İlkin mərhələdə pandemiyaya fərqli yanaşmasına görə tənqidlərlə üzləşən İsveç mövqeyini dəyişmiş kimi görünür.

Ölkənin baş epidemioloqu Anders Teqnel “Financial Times” qəzetinə deyir ki, Danimarka və Almaniya kimi qonşu ölkələrdə peyvənd olunmayanlar arasında yoluxmaların kəskin artması “narahatlıq yaradır və buna çox ciddi yanaşırıq”.

Teqnel rəsmi lokdaunsuz keçinmək siyasətinin memarı idi. O, İsveçin Avropada koronavirusdan əlavə ölüm səviyyəsinə görə aşağı yerlərdən tutduğunu vurğulayıb:

“İndi iki ildir bu böhranın içindəyik və İsveçin durumu digərlərindən fərqlənmir. Nə ən yaxşı vəziyyətdəyik, nə də ən pis. Belə bir sual eşidirəm ki, bu radikal tədbirlərin çoxmu faydası oldu?”

Komissiya araşdırma aparır

Qəzetin Teqnerlin böhranın ilkin mərhələsindəki strategiyasının İsveçdə getdikcə daha çox tənqid olunmasından yazır. Rəsmi komissiya 2020-ci ilin əvvəlində ölkənin pandemiyaya ləng reaksiyasını tənqid edib, İsveçin virusun digər Skandinaviya ölkələrindən daha sürətlə yayılmasına imkan verdiyini bildirib.

Komissiya rəsmi lokdaun elan olunmamasına dair rəyini gələn il açıqlayacaq.

Populist İsveç Demokratları partiyasının keçmiş lideri Mattia Katrlson FT-yə deyib ki, Teqnel bir sıra məsələlərdə “tamamilə yanlış” hərəkət edib, onunla bağlı hökm “çox sərt” olacaq.

Teqnel isə deyir ki, rəsmən lokdaun elan olunmamasına rəğmən əslində, “İsveçdə irimiqyaslı qapanma gerçəkləşib”. Onun sözlərinə görə, 2020-ci ilin böyük hissəsini küçələr boş idi, qripə, digər respirator xəstəliklərə yoluxma yox idi, adamlar evdən işləyir, səyahətdən, sosial ünsiyyətdən yayınırdılar.

Epidemioloq Covid-19-a vaksinasiyadan başqa hansı faktorların təsir göstərməsilə bağlı ümumi mövqe olmadığını deyir. “Bunu hələ də anlamağa çalışırıq. Bəzi yerlərdə bəzi tədbirlərin faydası olur, amma aydın bir nümunə yoxdur”, – o, sözlərinə əlavə edib.

Hədəfli tədbirlər

Hazırda İsveçdə yoluxma səviyyəsi mərkəzi və şərqi Avropanın çox hissəsindən az, Fransa, İspaniya və İtaliyadan isə yuxarıdır. Teqnel yoluxmaların İsveçə digər ölkələrdən gec qayıtdığını deyir. O, yoluxmaların bir neçə ay ərzində artacağına inanır.

Epidemioloqun fikrincə, hakimiyyət virusun qışda ən çox harada sürətlə yoluxduğunu öyrənməli, hədəfli tədbirlərə əl atmalıdır.

O, ölkəsinin pandemiya göstəricilərinin Skandinaviyanın digər ölkələrindən pis olmasını AB-nin xaricindən daha çox miqrantın və yoxsulların nisbətən çoxluğu ilə izah edib.

Avropada hazırda koronavirusa yoluxmalar artan xətt üzrə gedir. Hətta yetkin yaşlı əhalisinin 84 faizindən çoxunun tam peyvənd olunduğu Niderlandda belə yoluxmalar artır, hökumət qismən lokdauna getməyi nəzərdən keçirir.

XS
SM
MD
LG