Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:46

Dünya iqtisadiyyatının 'Everqrand' qorxusu davam edir


 "Evergrande" dünyanın ən zəngin 122-ci şirkəti idi...
"Evergrande" dünyanın ən zəngin 122-ci şirkəti idi...

İkinci "Lehman Brothers" hadisəsi?

Dünyanın ən böyük ikinci iqtisadiyyatı sayılan Çinin "Evergrande" (Everqrand) şirkəti son zamanlar ciddi təlaş qaynağına çevrilib. Öz ölkəsinin nəhəng daşınmaz əmlak və tikinti sektoru qurumu olan "Evergrande" dünya iqtisadiyyatı tarixinin ən böyük maliyyə böhranlarından birini yaşayır. Məsələ burasındadır ki, əsasən, daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət borclarını ödəməkdə çətinlik çəkir və bu üzdən yeni vəsait də cəlb edə bilmir. Beləcə, durum daha da qəlizləşir. Şirkətin, nə az-nə çox, düz 300 milyard dollara yaxın borcu var. Bu, müqayisə üçün, Azərbaycanın ötənilki ümumi daxili məhsulunun təxminən səkkiz misli deməkdir.

"Evergrande"la bağlı təlaş yaradan əsas məqam şirkətin borc probleminin öncə Çin, ardınca da dünya iqtisadiyyatını böhrana sürükləmə ehtimalıdır. Bu baxımdan, son dövrlər həmin şirkətin üzləşdiyi korporativ böhran tez-tez Amerika bankı "Lehman Brothers"in 2008-ci ildəki iflasıyla müqayisə edilir. O böhran zamanı ABŞ-ın ən böyük banklarından sayılan "Lehman Brothers"in iflası böhranı daha da dərinləşdirmiş və qlobal maliyyə böhranı doğurmuşdu. İqtisadiyyatının miqyasından asılı olmayaraq, bütün ölkələr bu böhrandan təsirlənmişdi. Nüfuzlu beynəlxalq reytinq agentlikləri də şirkətin likvidlik problemlərini əsas gətirərək qiymətli kağızlarının kredit reytinqini aşağı salmışdılar.

"Global Fortune 500"ün son hesabatına görə, "Evergrande" dünyanın ən zəngin 122-ci şirkəti idi. Şirkət cəmi üç il öncə - 2018-ci ildə dünyanın ən dəyərli daşınmaz əmlak qurumu adını qazanmışdı. Çinin 280 şəhərində 1 min 300-dən artıq layihə icra edən şirkətin aktivlərinin dəyəri 360 milyard dollar civarındadır. Bu qurumun fəaliyyəti yalnız tikinti və daşınmaz əmlak sektoru ilə məhdudlaşmır, ona bağlı şirkətlər qrupu elektrikli avtomobil istehsalında və idman sənayesində də fəaliyyət göstərir. 200 min daimi işçisi olan şirkət, dolayısıyla, 3.8 milyon insana da iş imkanı verib.

"Evergrande"ın durumu niyə pisləşdi?

"Evergrande"ın böhran yaşamasına şirkətin uzun müddət sürən aqressiv böyümə siyasəti səbəb sayıla bilər. İllər ərzində böyük miqdarda borclanan bu şirkətin faiz və borc ödəmələri məbləği önəmli dərəcədə yüksəkdir. 300 milyarddan çox borcu olan "Evergrande" şirkəti 128 bank və 121 maliyyə qurumuyla əməkdaşlıq edir.

Koronavirus pandemiyası da şirkətin gəlirlərini azaldıb. Virusun birinci dalğası zamanı şirkətin satışlarının əhəmiyyətli dərəcədə azalması onun gəlirlərinə təsirsiz ötüşməyib. Növbəti mərhələdə hökumət qərarları da bu prosesə təsir edib. Belə ki, Çin hökuməti xarici borcların böhrandoğurma ehtimalına qarşı şirkətlərin borclanmaları ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edib. Həmin məhdudiyyətlər borclanma siyasətinə önəmli yer ayıran "Evergrande"ı daha da çətin duruma salıb. Sentyabr ayından bəri öhdəliklərini yerinə yetirə bilmədiyindən şirkətin səhmləri birjalarda 80 faizə yaxın dəyər itirib. Üstəlik, "Evergrande"ın maliyyə cəlb etmək alternativləri də yox olub. Artıq heç bir maliyyə qurumu "Evergrande"la əməkdaşlıqda maraqlı deyil.

Öhdəliklərini yerinə yetirə bilməyən "Evergrande"a artıq istər dövlət və maliyyə qurumları, istərsə müştərilər davamlı basqı qurur. İnsanlar mənzillərinin vaxtında təhvil verilməsini, əks halda dəymiş ziyanın tezcə ödənilməsini tələb edirlər. İnvestorların əsas narahatlığı vəsaitlərini geri ala bilməklə bağlıdır. Bundan ötrü şirkətlə yanaşı, Çin hökumətinə də ümid bəslənilir. "Evergrande"ın şirkət kimi miqyasının böyük olmasına görə ehtimal edilir ki, Çin hökuməti şirkəti batmağa qoymaz. Axı belə hadisələr investorların ölkə iqtisadiyyatına güvənib-güvənməməsində və investisiya yatırıb-yatırmamasında az rol oynamır.

Bu da danılmazdır ki, "Evergrande" böhranı çözülsə də, bu olayı Çin iqtisadiyyatına ciddi xəbərdarlıq saymaq olar. Çində əmlak sektoru uzun illər etibarlı investisiya sahəsi sayılıb. İqtisadi yüksəlişlə yanaşı, tikinti bumu olub və dolayısıyla, torpaqla mənzilin qiymətləri sürətlə artıb. Beləcə, əmlak bazarında spekulyativcəsinə "köpüklər" yaranıb. Sürətli qiymət artımına bir səbəb də hökumətə torpağa görə ödənən iriməbləğli vergi və rüsumlar olub. Bu baxımdan, Çinin daşınmaz əmlak bazarında ciddi islahatlar getməzsə, qarşıdakı illərdə tez-tez bənzər olaylar yaşana bilər. Çində ÜDM-in 29 faizinin tikinti və daşınmaz əmlak sektorunda formalaşması bu sektorda yaşana biləcək böhranın bütövlükdə dünya iqtisadiyyatına yayılma ehtimalını artırır.

XS
SM
MD
LG