Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:02

COVID-19 həbi bu ölkələrə ucuz başa gələcək


Arxiv fotosu
Arxiv fotosu

Pfizer ABŞ Ərzaq və Dərman Administrasiyasından Paxlovid, yaxud PF-07321332 kimi tanınan həbinin təsdiqlənməsini istəyib

ABŞ-ın Pfizer dərman şirkəti eksperimental COVID-19 həbinin inkişaf etməkdə olan ölkələrə daha ucuz başa gələcəyini bildirib. Bu haqda şirkət BMT-nin dəstəklədiyi təşkilatla razılaşma əldə edib.

Noyabrın 16-da açıqladığı bəyanatda Pfizer bildirir ki, BMT-nin Patent Fondu olan “Medicines Patent Pool”a (MPP) lisenziya verəcək. Qurum da virusa qarşı həbi digər şirkətlərlə istehsal edə biləcək.

89 faizlik effekt

Razılaşmaya görə, Pfizer həmin şirkətlərdən ödəniş almayacaq və bu da dərmanı ucuz edəcək.

Razılaşmanın 95 aşağı və orta gəlirli ölkəni, yəni dünya əhalisinin təxminən yarısını əhatələyəcəyi bildirilir.

Bu ayın əvvəlində Pfizer virusa qarşı həbin yüksək risk qrupunda olan yetkin yaşlıların COVID-19-dan hospitalizasiya və ölüm riskini 89 faiz azaltdığını bildirib.

Dərmanın sınaqları davam edir, hələ təsdiqlənməyib.

Həbin təsdiqlənməsi üçün müraciət olunub

Pfizer noyabrın 16-da onu da bildirib ki, ABŞ Ərzaq və Dərman Administrasiyasından Paxlovid, yaxud PF-07321332 kimi tanınan həbinin təsdiqlənməsini istəyib.

Pfizer-in bu həbinin tərkibində İİV-ə qarşı olan ritonavir preparatı da var.

“Bu lisenziya vacibdir, çünki təsdiqlənərsə, həb aşağı və ortagəlirli ölkələr üçün özəlliklə əlverişli olacaq, həyatların xilasında vacib rol oynayacaq, mövcud epidemiya ilə qlobal mübarizə cəhdlərinə töhfə verəcək”, – MPP-nin Baş İcraçı Direktoru Çarlz Qor deyib.

“Antivirus həblərinin COVID-19-dan ağırlaşmanın, tibb sistemlərimizə təzyiqin azalması və həyatların xilasında mühüm rol oynaya biləcəyinə inanırıq”, – Pfizer-in Baş İcraçı Direktoru Albert Burla söyləyib.

Pfizer Almaniyanın BioNTech şirkəti ilə birlikdə dünyada COVID-19-a qarşı ən çox vurulan vaksinlərdən birini də istehsal edir.

XS
SM
MD
LG