Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:59

Rəsmi rəqəmlərə görə, ən çox işsiz Mingəçevirdədir, Naxçıvanda isə işsiz yoxdur


Məşğulluq idarəsinin bu mesajına cavab verməsəz...
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Məşğulluq idarəsinin bu mesajına cavab verməsəz...

Ölkə iqtisadiyyatının irəliləmə səviyyəsini qiymətləndirməyə imkan verən göstəricilər var. Məsələn, məşğul əhalinin iqtisadiyyatın ən çox hansı sahəsində çalışması. İrəliləmiş ölkələrdə insanlar daha çox xidmət sektorunda çalışır. Gəlişməkdə olanların çoxgəlirli qrupundakı əksər ölkələrdə məşğulluqda əsas payı sənaye tutur. Azgəlirli ölkələrdə isə çox vaxt insanların ən çox fəaliyyət göstərdikləri sahə kənd təsərrüfatı ilə bağlıdır. Başqa sözlə, bu ölkələrin, adətən, bəsit bir aqrar iqtisadiyyatı olur.

Dövlət Statistika Komitəsinin regionlarda məşğul əhalinin fəaliyyət istiqamətləri ilə bağlı açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanın əyalətlərində məşğul əhalinin hər iki nəfərindən biri kənd təsərrüfatında çalışır. Bu isə ölkənin regionlarında iqtisadi potensialını və iş yerlərinin məhdudluğunu üzə çıxaran əsas göstəricilərdən biridir. İnsanların yarıdan çoxunun aqrar sektorda çalışdığı və kənd təsərrüfatının toplam daxili məhsulda cəmi 5 faiz civarında paya sahib olduğu ölkədə, təbii ki, regionların iqtisadi inkişafından danışmaq yersizdir.

Aqrar sahədə işləyənlərin payına görə rayonlar arasında fərqlər də var. Məsələn, ölkədə məşğulluq strukturunda aqrar sektorun ən çox paya sahib olduğu dörd rayon Cəlilabad (61.5 faiz), Masallı (61.5 faiz), Zaqatala (59 faiz) və Xaçmazdır (58 faiz). Məşğulluqda kənd təsərrüfatının ən az payı olan rayonlarsa Xızı (29 faiz), Daşkəsən (42 faiz), Qax (43.5 faiz) və Siyəzəndir (45 faiz). Digər bütün rayonlarda bu göstərici 47-56 faiz arasında dəyişir.

Pay torpağın varsa, işsiz sayılmırsan

Regionlarda olduğu kimi, bütövlükdə ölkə iqtisadiyyatında da məşğulluqda kənd təsərrüfatının payı böyükdür. Azərbaycan iqtisadiyyatında iqtisadi fəal əhali qrupuna daxil şəxslərin sayı təxminən 5 milyon 300 min nəfərə yaxındır. Həmin əhalinin ortalama hər üç nəfərindən biri kənd təsərrüfatına bağlı sahələrdə çalışır. Amma burada diqqət çəkən məqam qanunvericiliklə də bağlıdır. "Məşğulluq haqqında" Qanuna görə, Azərbaycan vətəndaşının mülkiyyətində pay torpağı varsa, o bu torpaqdan istifadə etməsə də, məşğul sayılır.

Müstəqil ekspertlər uzun illərdir belə yanaşmanın əmək bazarındakı real mənzərəni görməyə imkan vermədiyini bildirir. Di gəl, hökumət hələ də gərəkən addımı atmayıb. Onu da nəzərə almaq lazımdır ki, həmin pay torpaqlarının sahəsi bəzi hallarda xeyli kiçik olur.

Deməli, vətəndaşlar həmin torpaqlardan istifadə etsə də, qazancları hətta minimum ehtiyaclarını qarşılamağa yetmir. Bu baxımdan, pay torpağından istifadə etməyənlərin uçotunun aparılmaması və pay torpağının həcminin nəzərə alınmaması, təbii ki, ölkədə real işsizliyin də səviyyəsinin bilinməz qalmasına imkan yaradır.

Respublika tabeli şəhərlərdə işsizlik daha çoxdur

Ayrı-ayrı rayon və şəhərlər üzrə işsizlik göstəricisi də regionlardakı iqtisadi durumu bilmək baxımından önəmli sayılır. Bu ilin əvvəlində Azərbaycanda ölkə üzrə işsizlik göstəricisi 7.2 faiz idi. İşsizliyi ayrı-ayrı rayon və şəhərlər üzrə gözdən keçirərkən aydın olur ki, ölkədə işsizlik səviyyəsinin ən yüksək olduğu region ölkənin dördüncü ən böyük şəhəri Mingəçevirdədir. Burada işsizlik göstəricisi ölkə ortalamasından, az qala, iki dəfə çox - 13.6 faizdir. Naftalan (13.2 faiz), Şirvan (9.6 faiz), Sumqayıt (9.1 faiz) və Gəncə (8.9 faiz), Siyəzən kimi şəhər və rayonlarda da işsizlik səviyyəsi nisbətən yüksəkdir. Bakıda isə işsizlik göstəricisi ilin əvvəlində 8.6 faiz olub.

Ölkədə, rəsmi rəqəmlərə görə, işsizlik səviyyəsinin ən az olduğu rayon Şəkidir. Burada işsizlik göstəricisi cəmi 5.4 faizdir. Saatlı (5.8 faiz), Abşeron və Xızı (5.9 faiz) rayonları da işsizlik səviyyəsinin nisbətən aşağı olması ilə seçilir.

İşsizliyin olmadığı muxtar respublika

İşsizlik göstəricisi ilə bağlı ən maraqlı məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Muxtar respublikanın rəsmi statistika orqanı buranın ayrı-ayrı rayon və şəhərləri üzrə göstəriciləri açıqlamasa da, ümumi rəqəmlərdən aydın olur ki, Naxçıvan MR-də, demək olar, işsizlik yoxdur. Ötən ilin rəsmi nəticələrinə görə, Naxçıvan MR-də 251 min 600 nəfər iqtisadi fəal əhali olub. Bu əhalinin 251 min 300 nəfəri məşğul əhaliyə aid edilib. Başqa deyimlə, muxtar respublikada rəsmi işsizlərin sayı cəmi 300 nəfərə yaxındır. Əslində, bu rəqəmin özü də Naxçıvan üçün çox sayıla bilər, axı 2011-2018-ci illərdə muxtar respublikada iqtisadi fəal əhali və məşğul əhalinin sayı, ümumiyyətlə, bir-birinə bərabər olub, yəni işsizlik olmayıb. İlk dəfə 2019-cu ildə işsizlərin sayı 100-ə yaxınlaşıb. Son rəsmi rəqəmlərə görə, pandemiya ilində muxtar respublikada işsizlərin sayı 200 nəfərədək artıb.

XS
SM
MD
LG