Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:32

Covid Allaha inamı azaltmayıb – Qərb mediası


Nyu Yorkda Pasxa bayramı, aprel, 2021-ci il
Nyu Yorkda Pasxa bayramı, aprel, 2021-ci il

Vaxtilə əmək bazarında çatışmazlığı işsizlik müavinəti ilə əlaqələndirən respublikaçılar indi bu “tənbəllik yaradan” ödənişlərin müddətini uzadırlar – həm də peyvənd vurdurmaq istəməyənlər üçün

ABŞ-ın “Pew” tədqiqatlar mərkəzi koronavirus pandemiyasının amerikalıların inancına necə təsir göstərdiyini araşdırıb. Görəsən, çoxmu amerikalı pandemiyaya görə Allahı günahlandırıb? “The Washington Post” qəzetində Maykl Gerson Covid travmasının amerikalıların beynində çox az teoloji dramaya səbəb olduğunu yazır.

Araşdırma ABŞ-ın əsasən dini ölkə kimi qaldığını üzə çıxarıb. Dini institutlara bağlılıq azalsa da, amerikalıların tam 91 faizi Tanrının, yaxud ali qüvvənin mövcudluğunu təsdiqləyib. Yalnız 3 faiz deyib ki, dünyada baş verən pisliklərə görə Tanrıya qəzəblidirlər, 14 faiz bəzən qəzəbləndiyini söyləyib. 80 faizə yaxın respondent isə məşəqqətlərin çoxuna insanların öz hərəkətlərinin səbəb olduğunu vurğulayıb.

Əziyyətlərin mənbəyinə gəlincə, amerikalıların 86 faizi deyib ki, “bəzən sadəcə, pis şeylər baş verir”. 68 faiz isə “həyatda hər şeyin hansısa səbəbdən baş verdiyini” təsdiqləyib.

Peyvənd vurdurmayanlara müavinətlər verilir

“The Washington Post”un digər məqaləsində isə qırmızı, yəni respublikaçıları dəstəkləyən ştatlarda əhaliyə peyvənd olunmamaq üçün pul verilməsindən söz açılır.

Məqalədə deyilir ki, vaxtilə əmək bazarında çatışmazlığı işsizlik müavinəti ilə əlaqələndirən respublikaçılar indi bu “tənbəllik yaradan” ödənişlərin müddətini uzadırlar – həm də peyvənd vurdurmaq istəməyənlər üçün.

Azı dörd ştatda – Florida, Ayova, Kanzas və Tennessidə işəgötürənin vaksin tələbinə görə işdən çıxarılan, yaxud çıxanlar üçün müavinətlərin müddəti uzadılıb.

“Amerikalıları koronavirusa qarşı peyvənd vurdurmamağa həvəsləndirmək həyata xidmət eləmir. Bu, kiçik hökumət deyil. Artıma yönəlik deyil. Heç şəxsi məsuliyyətə də sığmır.

Onda respublikaçılar bunu niyə edirlər?

‘Axios’ bu yaxınlarda yazırdı ki, bu siyasət dəyişikliklərinin hədəfi əsasən “peyvənd olunmayanlar arasında sədaqət” formalaşdırmaqdır”, – məqalə müəllifi Katrin Rampel yazır.

Məqalədə bu qaydaların pandemiyanın nəzarətə alınmasına yönəlik federal cəhdlərə zərbə vurduğu vurğulanır. Sağ qüvvələr də sonradan Prezident Co Baydeni xəstəliyi nəzarətdə saxlaya bilməməkdə suçlayır.

İndiyədək 777 min amerikalı koronavirusdan dünyasını dəyişib.

XS
SM
MD
LG