Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

AB 300 milyard avroluq infrastruktur planı açıqlayır


Çinin Kəmər və Yol Təşəbbüsünün xəritəsi
Çinin Kəmər və Yol Təşəbbüsünün xəritəsi

Dekabrın 1-də açıqlanacaq plan çərçivəsində 2027-ci ilədək 340 milyard dollar sərmayə qoyulacaq. AB, Avropanın maliyyə qurumları, inkişaf bankları, bloka üzv ölkələrdən resurslar cəlb olunacaq

Avropa Birliyi (AB) “Global Gateway” (Qlobal Darvaza) planı çərçivəsində infrastruktura və digər layihələrə 300 milyard avro (340 milyard dollar) sərmayə qoyacaq.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Reyd Stendiş bu planın Çinin nəhəng Kəmər və Yol Təşəbbüsü (KYT) ilə rəqabət üçün hazırlandığını yazır.

Radio Avropa Komissiyasının hazırladığı planın layihəsi ilə tanış olub. Həm dövlət sərmayəsi, həm də özəl sektora əsaslanan bu ambisiyalı təşəbbüsün məqsədi dünyada “rəqəmsal, nəqliyyat və enerji şəbəkələrini gücləndirmək”, “yüksək standartlar, yaxşı idarəçilik və şəffaflıqla həyata keçirilməsi mümkün layihələrə” sərmayə qoymaqdır.

KYT-yə alternativ

Dekabrın 1-də açıqlanacaq plan çərçivəsində 2027-ci ilədək 340 milyard dollar sərmayə qoyulacaq. AB, Avropanın maliyyə qurumları, inkişaf bankları, bloka üzv ölkələrdən resurslar cəlb olunacaq.

2013-cü ildən start götürmüş KYT isə Pekinin təsir dairəsini gücləndirməsində üçün vacib strateji alətə çevrilib. Çin bu təşəbbüs çərçivəsində xarici infrastruktura yüzmilyardlarla dollar yatırıb, ticarəti gücləndirib, Latın Amerikasından Afrikaya və Orta Asiyaya qədər siyasi və iqtisadi əlaqələr yaradıb.

AB-nin planlarında KYT-nin adı çəkilməsə də, “Qlobal Darvaza” ona alternativ proqram kimi görülür. Təklif layihəsində deyilir ki, infrastrukturun maliyyələşdirilməsində “dəyərlərə”, ədalətli və açıq rəqabətə əsaslanan, “etik yanaşma” sərgilənəcək.

“Qlobal Darvaza beynəlxalq sabitliyə və əməkdaşlığa yatırım edəcək, demokratik dəyərlərin, müəyyənlik və ədalət, tərəfdaşlara davamlılıq, bütün dünyada insanlara uzunmüddətli fayda təklif etdiyini göstərəcək”, – sənəd layihəsində vurğulanır.

AB-nin imici

KYT-ni Çin Prezidenti Si Tsinpin işə salıb, onu beynəlxalq təşkilatlar, 150-dən çox ölkə dəstəkləyir. Bu təşəbbüsün miqyası liman, yol və kəmər tikintisindən rəqəmsal texnologiyaya, tibb xidməti, yaşıl enerjiyə qədər genişlənib.

Amma getdikcə tərəfdaş ölkələrdə yekun layihələrdən məyusluq artır, daha çox sərmayəyə tələb yaranır.

“Brüssel Çinin gördüyü işdən özününkünü fərqləndirməyə çalışır. Ətraf mühit, şəffaflıq, davamlılıq məsələlərində AB güclü və cəlbedici imicindən istifadə edə bilər”, – Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Conatan Hilman deyib.

Qalmaqallı layihələr

Son illər KYT-nin çoxsaylı layihələrinin kommersiya dəyəri ətrafında suallar yaranıb. Qaranlıq borcvermə qaydaları, bu təşəbbüsün Çinin nəzarət maşını olması sarıdan da narahatlıq artır.

Çinin Şri Lanka, Pakistan, Uqanda və Qırğızıstanda maliyyələşdirdiyi layihələr ətrafında borc və şəffaflıq məsələləri yaranıb.

Pekinin Macarıstanda dəstəklədiyi bəzi layihələrlə bağlı korrupsiya ittihamları ortaya çıxıb. Çin Budapeştdə universitet tikintisi üçün 1.5 milyard dollar kredit, Budapeştdən Belqrada dəmiryolu çəkilməsinə isə 1.9 milyard dollar borc ayırmışdı.

Naxçıvana çəkiləsi yol Bakı-Tbilisi-Qars layihəsini gündəmdən çıxara bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:56 0:00

Pekinin səhvlərinin verdiyi dərs

Avropa Komissiyasının rəsmisi “Qlobal Darvaza” layihəsinin Afrika və Asiyaya öncəlik verəcəyini deyib. Plan çərçivəsində rəqəmsallaşma, səhiyyə, iqlim, enerji və nəqliyyat sahələrinə sərmayə qoyulacaq.

“KYT riski artıraraq Qərb siyasətçiləri infrastrukturdan kənar qalmağın fəsadları sarıdan duyuq saldı. Pekin həmçinin öz səhvləri ilə daha keyfiyyətli alternativlərə fürsət verdi. KYT olmasaydı, Qlobal Darvazanı təsəvvür etmək çətin olardı”, – Hilman deyib.

İndi Brüssel və tərəfdaşları qarşısında əsas əngəl sərmayədə Pekinlə rəqabət aparmaqdır, Asiya-Sakit Okeanın öyrənilməsi üzrə Rumıniya İnstitutunun vitse-prezidenti Andria Brinza bildirir.

“Ön böyük əngəl layihələri yüksək standartlarla icra etməyin qiyməti ola bilər. İnkişaf etməkdə olan ölkələrə infrastruktur lazımdır. Amma çox bahalıdırsa, bunu əldə edə bilmirlər, üstəlik, mənfəət məsələləri də yaranır”, – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG