Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:05

Avroparlament rəsmisi: ‘Azərbaycan Qarabağı müzakirə etmək istəmir’


Marina Kalyurand
Marina Kalyurand

Avropa diplomatı Lyuk Divin: "Şərq Tərəfdaşlığı sülhün bərqərar edilməsi və ya münaqişələrin çözülməsi üçün platforma deyildir"

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri İsveçdə daha bir görüş keçirəcəklər.

Bu barədə məlumatı dekabrın 1-də Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində keçirilən müzakirədə Avropa İttifaqı Xarici Fəaliyyət Departamentinin nümayəndəsi Lyuk Devin verib.

Azatutyun yazır ki, Avropa millət vəkilləri parlament müzakirəsinə Avropa İttifaqının Cənubi Qafqazla məşğul olan iki yüksək vəzifəli rəsmisini dəvət etmişdilər.

Avropa Komissiyasının Şərq Tərəfdaşlığı məsələlərinə baxan nümayəndəsi Lourens Meredit Cənubi Qafqazda Şərq Tərəfdaşlığının iki üzvü – Azərbaycan və Ermənistan arasında 9 noyabr 2020-ci il atəşkəsindən sonra yaranmış vəziyyət barədə məlumat verib:

“Vəziyyət gərgin olaraq qalır. Bir neçə həftə bundan əvvəl mən qonşuluq məsələləri üzrə komissar Oliver Varheylə üç Qafqaz ölkəsinin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdim. Bu elə Ermənistan və Azərbaycan arasında faciəli toqquşmaların baş verdiyi vaxt və ya bundan bir qədər əvvəl idi. Mən öz tərəfimizdən qəti şəkildə vurğulamaq istəyirəm ki, Avropa Komissiyası Qafqazın bütün ölkələrinin naminə möhkəm sülhün bərqərar edilməsi üçün mümkün olan hər şeyi etməyə son dərəcə hazırdır”.

Nəzarət əlində silah olanındır

Daha sonra Meredit bölgəyə 17 milyard avro ayrıldığını, xüsusilə də münaqişədən ziyan çəkmiş bölgələrə investisiyalar yatırılmasının müzakirə olunduğunu deyib.

Avropa İttifaqı Xarici Fəaliyyət Departmenti başçısının Şərq Tərəfdaşlığı və Rusiya üzrə müavini Lyuk Devin deyib:

“Brüssel regionda sabitlik və təhlükəsizliyə dəstək verməyə tam hazırdır. Amma bizim imkanlarımız məhduddur. Aydındır ki, vəziyyətə nəzarət əhəmiyyətli dərəcədə hərbçilərin, hərbi gücü olanların, indiki halda yalnız Rusiyanın əlindədir”.

Azatutyun yazır ki, belə diplomatik izahat Avropa Parlamentində heç də hamını qane etməyib. Bir saatədək davam edən müzakirələr zamanı müxtəlif siyasi partiyaların və ölkələrin nümayəndələri eyni sualı verirdilər: Brüssel toqquşmaların qarışısını almaq, əsirləri qaytarmaq və təşəbbüsü öz əlinə almaq üçün mümkün olan hər şeyi edibmi?”

Ermənistan "Şimal-Cənub" yolunun tikintisinə maliyyə mənbəyi axtarır
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

“Avropa İttifaqı bundan artıq nə edə bilər ki?”

Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Estoniya nümayəndəsi Marina Kalyurand deyib:

“Mən razılaşıram ki, güc - əlində silah olanlarda, qoşunu olanlardadır. Amma bu, Avropa İttifaqının daha fəal iştirakının olmamasına haqq qazandıra bilməz. Əldə olunmuş razılaşmalar, əsirlərin mübadiləsi, atəşkəs sazişinin imzalanması – bütün bunlar Rusiyanın vasitəçiliyi ilə həyata keçirilib”.

Daha sonra xanım Kalyurand mövcud çətinliklərdən danışıb:

“Məni yeni meyl görürəm. Azərbaycan gündəliyə Dağlıq Qarabağ məsələsinin salınmasından imtina edir. Onlar deyirlər ki, bu, Ermənistan və Azərbaycan arasında olan münaqişədir. Kommunikasiyaların açılmasına gəlincə isə, burada müsbərt dəyişikliklər var. Mən “dəhliz” sözünü işlətmək istəmirəm, amma bu ərazi ciddi gərginlik yaradır. Ermənistan keçmişdə, sovet illərində istifadə olunmuş yollara qayıtmaq istədiyi halda , Azərbaycan yeni yollar istəyir. Mənim bu məqamda bir sualım var: Avropa İttifaqı nə edə bilər? Öz siyasətini necə təkmilləşdirə bilər?”

Lyuk Devin
Lyuk Devin

Bu sualın cavabında Lyuk Devin deyib ki, Avropa İttifaqı imkanında olan hər şeydən istifadə edir. Diplomat bu istiqamətdə kifayət qədər iş görülmədiyinə dair tənqidləri rədd edib:

“Hərbi gücünün olmadığı bir şəraitdə Avropa İttifaqı bundan artıq nə edə bilər ki? Yeri gəlmişkən ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkcə Fransa deyil, ABŞ-ın da orada qoşunları yoxdur. Ötən il olduğu kimi tüfənglər atanda, diplomatlar üçün bunun qarşısını almaq və ya dayandırmaq çox çətin olur”.

Avropa İttifaqı xarici siyasət idarəsinin rəsmisi Bakıdan tez-tez səslənən “dəhliz” bəyanatları məsələsinə də toxunub. O deyib ki, 9 noyabr üçtərəfli bəyanatında söhbət dəhlizdən yox, bütün iqtisadi bağların blokdan çıxarılmasından gedir.

Azatutyun qeyd edir ki, Avropa rəsmisi Ermənistanın bu “dəhliz”dən olan narahatlığı məsələsinə toxunmayıb.

Yerevan gözlədiyi dəstəyi ala bilməyib

Azatutyun bunu da yazır ki, Avropa diplomatı əsirlərin qaytarılmasına və iqtisadi bərpaya Brüsselin daha çox dəstək verə biləcəyinə dair nə isə vəd edən reaksiya verməyib:

“Biz bir yandan tərəfləri minalardan təmizləmə üçün xəritələri təqdim etməyə, digər yandan əsirləri və saxlananları azad etməyə çağırır, etimadın möhkəmləndirilməsinin vacib olduğuna inandırmağa çalışırıq. Amma hər iki tərəf razılaşmır. Erməni tərəfi deyir ki, artıq bütün xəritələri verib, Azərbaycan isə bəyan edir ki, bu tələb adekvat deyil, çünki saxlananlar hərbi əsir deyillər. Odur ki, bu, mürəkkəb məsələdir. Biz iqtisadi sağlamlaşdırma üçün daha çox iş görə bilərik. Amma bunun üçün sülh olmalıdır. Növbəti toqquşmaların və ya partlayışın nə vaxt olacağı bilinməyən regiona özəl sektordan kim investisitya yatırar?”

Avropa diplomatı Şərq Tərəfdaşlığının iki üzvü arasında davam edən münaqişənin həyəcan yaratdığını etiraf etsə də, bildirib ki, Şərq Tərəfdaşlığı sülhün bərqərar edilməsi və ya münaqişələrin çözülməsi üçün platforma deyildir.

Bununla belə Lyuk Devin Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşündən ümidləndiyini qeyd edib.

Azatutyun yazır ki, Yerevanın fikrincə, beynəlxalq birlik Azərbaycan və Ermənistan arasında son toqquşmaları sərhəd insidenti yox, Azərbaycanın Ermənistanın suveren ərazisinə müdaxiləsi kimi qiymətləndirməlidir.

Dekabrın 1-də buna cavab olaraq həm Avropa deputatları, həm də diplomatlar bildiriblər ki, söhbət beynəlxalq birlik tərəfindən tanınmış sərhəddə zorakılığın qeydə alınmasından gedir.

Deputatlar və diplomatlar demarkasiya və delimitasiyaya dair Soçi görüşündə əldə olunmuş razılaşmaları dəstəklədiklərini bildiriblər.

XS
SM
MD
LG