Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:11

Qardaşı: 'Saleh vəzifəyə keçəndən sonra bizə ticarəti qadağan elədi'


Saleh Rüstəmov
Saleh Rüstəmov

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun artıq 27-i gündür aclıq aksiyası keçirdiyi bildirilir. Yaxınlarının sözlərinə görə, aksiyaya səbəb icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkünün müsadirəsidir.

Dünən, dekabrın 1-də S.Rüstəmovun azadlığa buraxılması tələbi ilə Bakının mərkəzində aksiya keçirilib. Ayrı-ayrı məlumatlara görə, aksiyada 50 nəfərə yaxın adam saxlanıb. Bəzi aksiya iştirakçıları saxlanma zamanı və polis bölmələrində fiziki təzyiqə məruz qaldıqlarını bildirib. Amma Daxili İşlər Nazirliyi belə məlumatları təkzib edib, şikayətlərin araşdırıldığını bildirib. Saxlananların çoxu buraxılıb. Bəzilərinə isə sutkalıq həbs verilib.

Saleh Rüstəmov kimdir

S.Rüstəmovun 58 yaşı var. Bədən Tərbiyəsi İnstitutunu bitirib, güləş üzrə bir çox mükafatları var...

1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. 1993-cü ildə prezident Əbülfəz Elçibəy polkovnik Sürət Hüseynovun Gəncədə silahlı itaətsizliyindən və Bakıya doğru yürüşündən sonra paytaxtı tərk edib doğulduğu Kələki kəndinə gedən günlərdə o da istefa verib...

1998-ci ildən Rusiyada yaşayıb, bizneslə məşğul olub və həbsindən bir neçə gün öncə Azərbaycana qohumlarını ziyarətə gəldiyini açıqlayıb…

"Müharibədə ona görə əziyyət çəkmədik"

S.Rüstəmovun qardaşı Taleh Rüstəmov deyir ki, qardaşı icra başçısı olana qədər dostları ilə birlikdə Gədəbəydə özünümüdafiə batalyonlarının təməlini qoyanlardan olub: "Ağdamda Rusiyanin hərbi bazası var idi. O vaxt fəal cəbhəçilər həmin bazanı hərbçilərin əlindən almışdılar. Oradan biz maşınlarla hərbi sursat gətirdik. Müharibədə ona görə də heç bir əziyyət çəkmədik...".

"Cəmi bir kostyumu var idi"

O qeyd edib ki, S.Rüstəmov icra başçısı olan dövrdə çox kasıb yaşayıb: "Ondan əvvəl ailəmizin imkanı olub, ancaq Saleh vəzifəyə keçəndən sonra bizə ticarətlə məşğul olmağı qadağan elədi…".

Qardaşının vurğulamasına görə, heç kəs rayonda deyə bilməz ki, S.Rüstəmov icra başçısı olanda kimdənsə 1 manat rüşvət alıb: "O, icra başçısı təyin olunanda özünə bir kostyum alıb. Bakıya gedəndə onu geyinərdi. Cəmi bir kostyumu var idi. Müharibə vaxtı şəhidlər, əsgərlər üçün ianə toplanırdı, hər gün sənədləşdirilirdi və sonra da sərəncamla paylanırdı. Sənədlər hələ də durur. Orada bir dənə də olsun qeyri-qanuni heç nə yox idi. Moskvada yaşayanda da kimin həkimə ehtiyacı var idi, orada qarşılayırdı, həkimə aparırdı. İndi deyirlər ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə pul verirdi. Ona vermirdi, sadəcə onun vasitəsilə siyasi məhbuslara verirdi".

"Qardaşlarını sərhəd kəndlərinə göndərirdi"

T.Rüstəmovun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı S.Rüstəmov qardaşlarını, yaxın qohumlarını sərhəd kəndlərinə səngərə göndərirdi: "Deyirdi ki, siz orada olun, insanlar sizi orada görəndə qaçmayacaqlar…".

Gədəbəy rayonunun sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Pənah Verdiyev də deyir ki, S.Rüstəmovun torpaqların müdafiəsində böyük xidmətləri olub: "O işlədiyi dövrdə Gədəbəydə mən rüşvət görmədim. Heç kəs deyə bilməz ki, o, kabinetdə oturub, o, həmişə postlarda olub".

Z.Oruc
Z.Oruc

"Hədsiz siyasiləşmə..."

Hakimiyyət rəsmiləri, deputatlar isə S.Rüstəmovla bağlı bir elə də danışmaq istəmirlər. Amma bu günlər Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib ki, S.Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Komitə sədri əlavə edib ki, noyabrın 5-dən icrasına başlanan Zəfər amnistiyası S.Rüstəmova tətbiq edilə bilər…

"Çirkli pulları yuyub..."

Azərbaycanda məhkəmə S.Rüstəmovu çirkli pulların yuyulmasında ittiham edib. O, 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də AXCP-nin üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılıblar. AXCP ittihami yalanlamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG