Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:43

Omikron sürətlə yayılır, amma daha zəifdir


Nyu York
Nyu York

Omikron COVID-19-un daha yumşaq simptomları ilə müşahidə edilsə də, sürətlə yayılaraq daha çox mutasiyaya səbəb olar

İlkin dəlillər koronavirusun Omikron ştammının əvvəlkilərdən daha sürətlə yayıldığını, ancaq daha zəif olduğunu göstərir. Bu açıqlama ilə ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti çıxış edib.

Entoni Fauçi dekabrın 7-də Ağ evdə brifinqdə jurnalistlərə deyib ki, yeni ştammın kəskinliyini müəyyənləşdirmək bir neçə həftə çəkəcək. Mövcud vaksinlərin bu ştamma qarşı effektivliyi üzrə data isə bu həftəyə gözlənir.

Deltanı əvəzləyəcək

Bir neçə həftəyə Omikron hazırda dominant Delta ştammını üstələyəcək. Bunu isə Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbindən Stefen Kisler başqa bir brifinqdə deyib.

“Omikronin növbəti həftələrdə Deltanı əvəzləyəcəyini gözləyirəm”, – Kisler vurğulayıb.

O, Omikronun daha zəif olması haqda ilkin məlumatlara çox nikbin yanaşmamağa çağırıb. Çünki onun yüksək yoluxuculuğu onsuz da artan yoluxmalar fonunda səhiyyə sistemlərinin əlavə yüklənməsi deməkdir.

“Hətta indiyədək gördüyümüzdən çox zəif olsa belə, – baxmayaraq ki, mən bunun belə olmadığını düşünürəm, – məncə, bu ştamm yenə də səhiyyə sisteminin yükünü artıracaq, gələn aylarda onunla mübarizə aparmalı olacağıq”, – Kisler deyib.

Sürətlə yayıldıqca...

Pfizer şirkətinin Baş icraçı direktoru Albert Burla “The Wall Street Journal”a deyib ki, Omikron COVID-19-un daha yumşaq simptomları ilə müşahidə edilsə də, sürətlə yayılaraq daha çox mutasiyaya səbəb olar.

“Düşünürəm ki, sürətlə yayılan ştamm yaxşı şey deyil. Sürətlə yayılan ştamm milyonlarla insanı yoluxdurar və yeni ştamm meydana gələ bilər. Bunu istəmirsiz”, – Burla söyləyib.

Omikron son aylar Delta ştammının qlobal infeksiyaları, hospitalizasiya və ölümləri artırdığı bir vaxtda yayılır.

Ötən ay cənubi Afrikada aşkarlanmış Omikron ştammı dünyada yoluxmalarda artıma və səyahət qadağalarına səbəb olub.

Moderna, Johnson & Johnson, Pfizer və digər şirkətlərin vaksinlərinin yeni ştamma təsiri haqda əhəmiyyətli data mövcud deyil. Bir neçə həftəyə bütün şirkətlərin öz datalarını açıqlayacağı gözlənir.

XS
SM
MD
LG