Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:46

Fərhadi İrani 'Oskar'da təmsil etməməklə hədələyir


Əsgər Fərhadi
Əsgər Fərhadi

İki dəfə "Oskar" mükafatı laureatı iranlı kinorejissor Əsgər Fərhadi Tehran rejiminə hücum çəkərək onları bu prestijli mükafatlandırma mərasimində İranı təmsil etməməklə hədələyib.

"Ekstremist mediası məni məhv etməyə son qoymayan, məni gözümçıxdıya salan və damğalayan hökumətlə necə assosiasiya oluna bilərəm?", – o, Instagram səhifəsində deyib.

Vaxtının bir hissəsini İranda, bir hissəsini isə xaricdə keçirən Fərhadi "A Hero" adlı son filmini İranın Şiraz şəhərində çəkib. Film bir məhbus haqqında dramdır.

"Mən dövlətin illərlə millətin başına gətirdiyi iztirab, …qadınlara qarşı qəddar ayrıseçkilik və …hökumətin COVID-19 pandemiyası ilə üzləşməsinə dair nöqteyi-nəzərimi açıq-aydın ifadə etmişəm", – Fərhadi 2017-ci ilin yanvar və 2019-cu ilin noyabr nümayişləri zamanı insanların məruz qoyulduğu repressiyaları nəzərdə tutaraq deyib.

"Bu qərarın üstündən xətt çəkmək"

"Əgər İranın mənim filmimi "Oskar" mükafatına təqdim etməsi insanların mənim sizin bayrağınız altında olmağımı düşünməsinə səbəb olubsa, açıq bildirirəm ki, mənim üçün bu qərarın üstündən xətt çəkmək problem deyil", –rejissor yazıb.

"Heç vaxt sizin yanaşmanız və geridə qalmış düşüncənizlə, bir az da olsa, yaxınlıq hiss etməmişəm. Ancaq bu günə qədər heç vaxt sizin məni məruz qoyduğunuz təqib haqqında danışmamışam. Siz bir neçə dəfə pasportumu hava limanında müsadirə etmisiniz və sorğu-suala çəkmisiniz", – Fərhadi rejimin rəsmilərinə xitabən yazıb.

Fərhadinin 2011-ci ildə çəkdiyi "The Separation" filmi "xarici dildə ən yaxşı film" nominasiyasında həm "Oskar", həm də "Qızıl Qlobus" mükafatına layiq görülüb. 2017-ci ildə isə rejissor "The Salesman" filminə görə eyni nominasiyada ikinci "Oskar"ını qazanıb.

Fərqli reaksiyalar

İran qəzetləri bu açıq məktuba fərqli reaksiyalar dərc ediblər.

"Deyəsən, festivallarda verilən mükafatlar və xarici sərmayələr Fərhadini dəyişdirib. [İndi o] İranı boz və kirli tonlarda təqdim edir", –ultramühafizəkar gündəlik "Kayhan" qəzeti yazıb.

İslahatyönlü "Şərq" qəzeti isə rejissoru müdafiə edib. "Fərhadinin imici nə onu tərifləyənlərə, nə də onun İrandakı tənqidçilərinə uyğun gəlmir. O, hər zaman ictimai-siyasi məsələlərlə bağlı mövqeyini aydın ifadə edib", –qəzet yazıb.

Rejissorun son işi olan "A Hero" filminin yanvarda ABŞ kinoteatrlarda nümayişinə başlanacağı gözlənilir. Film həmin ay "Amazon Prime" platformasında strim olunmağa başlanacaq. "Amazon Studios"un çəkdiyi bu film Kann film festivalının "Qran Pri"sinə layiq görülüb.

Əmir Cədidinin oynadığı Rəhim boşanmış iki uşaq atasıdır. O, borclular həbsxanasından iki günlük icazə ilə çıxır, qızıl dolu çanta tapır. Çantanı təhvil verməklə özünə müsbət diqqət cəlb edir. Ancaq bundan sonra hadisələr bir neçə dəfə dolaşır.

Təsadüfi anlar

Filmdə Fərhadi Şiraz şəhərinin insaniliyini göstərməyə çalışıb. O, "Deadline" platformasına müsahibəsində deyib ki, səhnələrin çoxu əvvəlcədən planlaşdırılmış və qurulmuş olsa da, bəzi səhnələr çəkiliş qrupunun şəhərdə xoş təsadüf nəticəsində rastlaşdığı anları əks etdirir.

Belə tapıntılardan biri şüşəli bazarın içindəki kiçik çap dükanıdır. Bu dükan filmin bir neçə səhnəsində əsas məkan kimi götürülüb. Fərhadinin sözlərinə görə, o, Rəhimin düşdüyü çətin və çıxılmaz vəziyyəti daha yaxşı göstərmək üçün akvariuma oxşayan, çoxlu şüşə ilə əhatə olunmuş dükan axtarırmış. Həmin çap dükanı ilə üzbəüz dükanda isə Çarli Çaplinin "The Kid" filmindəki obrazının şəkli asılıbmış və o şəkil düz çəkilişin getdiyi şüşəli məkana baxırmış. Fərhadi deyir ki, Çaplinin bu məşhur səfil qəhrəmanının şəkli də çox yerinə düşüb və filmə əlavə rəng qatıb.

XS
SM
MD
LG