Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:51

Rusiya Avropada ortamənzilli raketlər yerləşdirə biləcəyini deyir


Sergey Ryabkov
Sergey Ryabkov

Moskva bildirir ki, bu addım NATO-nun Şərqi Avropada ortamənzilli raketlər yerləşdirmək niyyətinə cavab olaraq atıla bilər

Rusiya dekabrın 13-də bildirib ki, Avropada ortamənzilli raketlərin yerləşdirilməsinə məcbur ola bilər.

Moskva bildirir ki, bu addım NATO-nun Şərqi Avropada ortamənzilli raketlər yerləşdirmək niyyətinə cavab olaraq atıla bilər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın RIA agentliyinə müsahibəsində deyib ki, əgər NATO belə bir eskalasiyanın qarşısının alınmasına razılaşmasa, onda Rusiya da ortamənzilli raketlərin yerləşdirilməsinə məcbur olacaq.

Reuters yazır ki, Ryabkovun bəyanatı Şərq-Qərb qarşıdurmasının yeni mərhələyə yüksəldiyindən xəbər verir.

Qarşıdurma davam edir

Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təminat istəyir, Birləşmiş Ştatlar və onun müttəfiqləri isə Moskvaya onun Ukraynaya mümkün müdaxiləsi ilə bağlı sərt xəbərdarlıq verir.

Ryabkov müsahibədə Moskvanın Ukraynaya müdaxilə niyyətinin olmasına dair iddiaları bir daha rədd edib.

İngiliscə qısaldılmış adı ilə INF kimi tanınan Ortamənzilli Nüvə Qüvvələri müqaviləsi 1987-ci ildə ovaxtkı SSRİ prezidenti Mixail Qorbaçov və ovaxtkı ABŞ lideri Ronald Reyqan tərəfindən imzalanıb və Avropada ortamənzilli raketlərin yerləşdirilməsini qadağan edir.

Vaşiqnton bu müqavilədən birtərəfli qaydada 2019-cu ildə çıxıb və Rusiyanı həmin müqavilənin şərtlərini pozmaqda ittiham edir.

“Moskvanın NATO-ya etibarı yoxdur”

Ryabkov deyib ki, NATO-nun Avropada INF-ni yenidən yerləşdirməyə doğru hərəkətlər etdiyini göstərən əlamətlər var və bunlardan biri də Soyuq Müharibə illərində nüvə başlığı daşımağa qabil Pershing raketlərinin 56-cı artilleriya komandanlığının bərpa olunmasıdır:

"Yəni, bu tam bir qarşıdurma olacaq və bizim tərəfimizdən də eyni resurslardan istifadəyə yol açacaq. Hazırda bizim belə bir qüvvələrimiz yoxdur. Biz birtərəfli moratorium saxlayırıq. Biz NATO-nu və ABŞ-ı bu moratoriuma qoşulmağa çağırırıq”.

NATO isə bildirir ki, Avropada heç bir yeni raketlər yerləşdirilməyəcək, amma təşkilat Rusiyanı adi silahlardan istifadə etməklə və “ölçülüb-biçilmiş” tədbirlərlə belə bir niyyətdən çəkindirə bilər.

Amma Ryabkov deyib ki, Rusiyanın NATO-ya qətiyyən etibarı yoxdur:

"Onlar bizim təhlükəsizliyimizi gücləndirəcək hər hansı bir hərəkətə yol vermirlər. Onlar əmindirlər ki, öz xeyirlərinə nə istəsələr edə bilərlər və biz bunu udarıq. Amma bu belə davam edə bilməz”.

Rusiya və ABŞ prezidentləri Vladimir PutinCo Bayden ötən həftə iki saatlıq videobağlantı ərzində Moskvanın Qərbdən rəsmi təhlükəsizlik qarantiyası istəməsini müzakirə ediblər.

Ryabkov deyib ki, Moskva bu danışıqların ardınca yazılı təkliflərini yaxın həftələrdə ABŞ-a və ola bilsin həm də başqa NATO üzvlərinə təqdim edəcək.

XS
SM
MD
LG