Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Türkmənlər “Arxadağlı Xalq Erası”nda


Q.Berdiməhəmmədov Meridə səfərdə
Q.Berdiməhəmmədov Meridə səfərdə

Türkmənistanın işsizliyin 30-60 faiz arası olduğu bildirilir. Hətta işi olanlar belə vaxtlı-vaxtında maaş almadıqlarını deyirlər

Türkmənistanın simvolik sayılan parlamenti 2022-ci ili “Arxadağlı Xalq Erası” elan edib. Arxadağ (qoruyan, himayədar) ölkənin avtoritar prezidenti Qurbanqulu Berdiməhəmmədova verilən tituldur.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Farangiz Nacibulla bu addımın avtoritar liderin şəxsiyyətinə pərəstişin daha bir əlaməti olduğunu yazır.

Parlament və dövlət mediası ölkənin iqtisadiyyat, siyasət və həyatın digər aspektlərində “Qəhrəman-Himayədar”ın rəhbərliyi altında “böyük uğurlar” qazandığını iddia edir. Berdiməhəmmədovun idarəçiliyi 2006-cı ildə başlanıb.

Prezidentin Yeni il çıxışı

O, yeni ilə cənubdakı Meri regionuna işçi səfərlə başlayıb. Səfərdən az öncə Yeni il çıxışında isə Türkmənistanın “parlaq uğur və nailiyyət yolunu” davam etdirməsindən dəm vurub.

Prezident ölkədə geniş yayılmış işsizlik, ərzaq qıtlığı, bir çox türkməni yoxsulluq həddinə sürükləmiş inflyasiya və ölkəni tərk etmiş milyonlarla sakindən söz açmayıb.

“Ötən il davamlı iqtisadı artıma nail olmuş, bir sıra irimiqyaslı layihələri işə salmışıq”, – prezident deyib.

Prezident yeni şeirini də təqdim edib, orada ölkəni “uşaqların şən mahnı oxuduqları günəşli yer” kimi təsvir edib.

Türkmənistan qazı Azərbaycana niyə lazım olub?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Qiymət artımı

Amma sıravi türkmənlər gündəlik həyatlarının heç də xoş keçmədiyini deyirlər. Lebap vilayətində yeni ildə bir çox ərzaq məhsulları bahalanıb. Yerli sakinlərin radioya bildirdiyinə görə, çörək, un, bitki yağı, yumurtanın qiyməti 30-50 faiz artıb.

Məsələn, bitki yağının litri 10 dollardan 13.40 dollara, yumurta 0.80 dollardan 1.30 dollara qalxıb. Qiymət artımı həm bazarlarda, həm də dövlətə məxsus ərzaq mağazalarına baş verib.

Paytaxt Aşqabadda isə meyvə-tərəvəzin qiyməti bir gecənin içində bahalanıb. Təzə pomidorun kilosu 1.40 dollardan 2 dollara, xiyarın kilosu 2.30 dollardan 2.60 dollara qalxıb.


Sıravi türkmənlərin çoxu gəlirlərinin az qala hamısını ərzağa xərclədiklərini deyirlər, “çünki başqa heç nəyə pul xərcləməyi çatdırmırlar”, Aşqabaddan bir nəfər deyib.

“Çoxları çörək, düyü, qarabaşaq və göyərti ilə dolanır. Onlar dövlət mağazalarındakı toyuqdan başqa ət almırlar”, – adının çəkilməsini istəməyən bir qadın söyləyib.

Aşqabadda ətin qiyməti dəyişməz qalır, kilosu 20 dollaradır. Ət bu ölkədə “dəbdəbəli” məhsul hesab olunur. Dövlət qulluqçularının aylıq maaşı 370-430 dollara yaxındır.

İşsizlik

Türkmənistanın işsizliyin 30-60 faiz arası olduğu bildirilir. Hətta işi olanlar belə vaxtlı-vaxtında maaş almadıqlarını deyirlər.

Ölkədə ərzaq qıtlığı 2016-cı ildən, dünyada hidrokarbon ucuzlaşandan başlayıb.

COVID-19 pandemiyasının iqtisadi fəsadları problemi daha da dərinləşdirib, baxmayaraq ki, Aşqabadda koronavirusa bircə yoluxmanın belə aşkarlanmadığı bildirilir.

Ölkədə qiymət artımına rəsmi izahat verilmir, bu haqda açıq danışılmır.

Dövlət televiziyası isə hələ də Berdiməhəmmədovun Yeni ili ailəsi ilə birlikdə keçirdiyini göstərir. O, nəvəsinə son şeirini oxuyur, türkmən xalqı üçün son mahnısını ifa edir.

XS
SM
MD
LG