Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:58

CDC 12-15 yaşlılar üçün buster dozanı tövsiyə edir


Britaniyada buster doza növbəsi
Britaniyada buster doza növbəsi

Tövsiyə yalnız Pfizer/BioNTech vaksininə aiddir

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 12-15 yaşlılar üçün buster dozanı tövsiyə edib. Məqsəd koronavirusun sürətlə yayılan omikron ştammı ilə mübarizəni gücləndirməkdir.

Rəsmilərin yanvarın 5-də bildirdiyinə görə, ölkədə yoluxmalarda indiki kəskin sıçrayış fonunda 12-15 yaşlılara buster dozaların vurulması məntiqidir. Yoluxmalar məktəblərin bağlanması, xəstəxanaların dolmasıyla nəticələnir.

Yalnız Pfizer/BioNTech

“COVID xəstəxanaların, uşaq xəstəxanalarının yükünü artırır. Bu bizim uşaqlara pandemiya dövründə kömək üçün istifadə etməli olduğumuz alətdir”, – Wake Forest Tibb Məktəbinin professoru və CDC-nin məşvərətçi qurumunun üzvü Ketrin Poelinq deyib.

Tövsiyə yalnız Pfizer/BioNTech vaksininə aiddir.

Qurum İsrailin səhiyyə Nazirliyindən əldə olunan datanı nəzərdən keçirib. Dataya görə, 12-15 yaşlı uşaqlar Pfizer/BioNTech peyvəndinin ikinci dozasından 5-6 ay keçəndən sonra omikrona peyvənd olunmayan uşaqlar kimi sürətlə yoluxurlar. Amma buster doza vurulandan sonra yoluxma səviyyəsi kəskin azalıb.

Miokardit riski

Bəzi alimlər buster dozaların özəlliklə gənc kişilərdə nadir ürək iltihabı yaratması hallarından narahatlıq bildiriblər. Belə hallar həm Pfizer/BioNTech, həm də Moderna vaksinləri ilə baş verib.

Amma FDA (Qida və Dərman Administrasiyası) ABŞ və İsraildən alınan dəlillərə əsasən bildirir ki, 18-40 yaşlı kişilərdə buster dozalardan sonra miokardit riski ikinci dozadan sonrakı səviyyədən xeyli aşağı olub. 12-15 yaşlılarla bağlı belə data məhduddur.

İsraildə Pfizer/BioNTech vaksininin üçüncü dozası vurulan 12-15 yaş arası 44 min yeniyetmə üzrə cəmi iki miokardit halı müşahidə olunub, onlar da sağalıblar. Məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.

Yeni Zelandiyanın vaksin monitorinqi qurumu bu yaxınlarda 26 yaşlı bir kişinin miokarditdən öldüyünü bildirib. Pfizer ötən ay bu ölümdən xəbərdar olduğunu, mümkün pis təsirləri monitorinq etdiyini açıqlayıb. Şirkət vaksininin fayda-risk əmsalının müsbət olmasına inandığını bəyan edib.

Çin

Çinin Henan vilayətində yeni yoluxmalar yayıldıqca daha çox şəhərdə qadağalar sərtləşdirilir. Hakimiyyət Pekin Qış Olimpiadası ərəfəsində yoluxma zəncirini önləməyə çalışır.

İndiyədək Henanda yüksək yoluxucu omikrona yoluxma qeydə alınmayıb. Ancaq bir sıra şəhərlər səyahətə və iqtisadi fəaliyyətə yeni məhdudiyyətlər tətbiq edirlər.

Qış Olimpiya oyunları fevralın 4-də başlamalıdır.

Tailand

Tailand isə yanvarın 6-da COVID-19-la bağlı həyəcan səviyyəsini qaldırıb. Aparıcı səhiyyə rəsmisi bunu omikronun yayılması ilə izah edib.

3-dən 4-ə qaldırılan səviyyə mümkün tədbirlərə yol açır. Belə ki, yüksək risk əraziləri bağlana, daxili səyahətə, ictimai toplantılara məhdudiyyət qoyula bilər.

“Tailand yoluxmaların yeni dalğasına daxil olur, yoluxmalar sürətlə artacaq”, – səhiyyə nazirliyinin daimi katibi Kiattifum Vongrajit deyib.

İlin əvvəlindən ölkədə yoluxma səviyyəsi kəskin artıb. Yanvarın 6-da Tailandda 5 min 775 yoluxma aşkarlanıb. Bu, öncəki gündən 48 faiz çox, yanvarın 1-dəkindən iki dəfəyə yaxın artıqdır.

XS
SM
MD
LG