Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:10

Prezident: 'Sorosçuların məqsədi məhz gənclərdir'


Prezident İlham Əliyev Gənclər Forumunda. 2 fevral 2022
Prezident İlham Əliyev Gənclər Forumunda. 2 fevral 2022

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxış edib.

Prezident deyib ki, bu gün Azərbaycan inamla irəliyə baxır. Onun vurğulamasına görə, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapıb: "Mən, əlbəttə, Qarabağ məsələsini nəzərdə tuturam. Digər sahələrdə inamla addımlayırıq. Mən son illərin əsas hadisələrini sadalamağa başlasam, bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm, indiki gənclər üçün imkanlar, təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq".

Prezidentin vurğulamasına görə, "Vətən müharibəsində gənclərin rolu həlledici olub".

"O fondların xətti ilə..."

"Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir". Bu fikirləri isə Prezident İ.Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib. Prezident qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur: "Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir".

Prezident əlavə edib ki, ona görə fondlar yaradılır: "O fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".

Bu fikrilərə, hələlik, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, habelə Soros Fondunun təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanda Milli Şura və Müsavat Partiyası kimi müxalif qüvvələr hesab edirlər ki, ölkədə əsas azadlıqlar ciddi şəkildə pozulur.

‘İldə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək’

“Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik.”

AZƏRTACIN-ın xəbərinə görə, bunu fevralın 2-də prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən bildirib.

Dövlət başçısının sözlərinə görə, gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəblərinə ezam edilib və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib.

Prezident habelə vurğulamasına görə, “2016-cı ildə bu proqrama başlayanda Azərbaycanda vəziyyət elə idi ki, bir çoxları bəlkə də orada, xaricdə qalmağı seçə bilərdilər”.

Onun sözlərinə görə, ancaq buna baxmayaraq, dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb.

Prezident İlham Əliyev yeni proqramın artıq işlənildiyini və müvafiq sərəncamın keçən il verildiyini deyərək bildirib:

“Yəqin ki, bu ildən başlayaraq, biz bu proqramı bərpa edəcəyik, yeni formada bərpa edəcəyik. Yəni, əvvəl birinci proqramın tutaq ki, çatışmazlıqları nəzərə almaq şərtilə. İldə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcəkdir”.

“Feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib”

“Əminəm ki, Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq”.

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri də Prezident İlham Əliyev gənclərlə görüşdə bildirib.

Prezident deyib ki, hazırda da Azərbaycana qarşı informasiya təxribatları davam edir.

Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb.

Əliyev vurğulayıb ki, “bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib”.

Onun vurğulamasına görə, yalan məlumat ötürülür, ondan sonra bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir.

“İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları”, - deyən dövlət başçısı “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatların adını çəkərək hədəfin Azərbaycan olduğunu söyləyib.

Əliyev daha sonra deyib: “Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaqlar…”

Bu açıqlamaya, hələlik, sözü gedən beynəlxalq təşkilatlardan münasibət almaq mümkün olmayıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" olub.

Prezidentin 1 il əvvəl isə "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" sərəncam imzlayıb.

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir

İnşaat mühəndisi olmaq istəyən necə olur gedib marketdə işləyir?
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG