Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:08

NATO: Rusiya Belarusa 30 min əsgər göndərib


Rusiya qüvvələri Belarusda
Rusiya qüvvələri Belarusda

Rusiyanın Belarusa göndərdikləri sırasında Speznaz xüsusi əməliyyat qüvvələri, SU-35 qırıcıları, ikili qabiliyyətli Iskander raketləri, S-400 havadan müdafiə sistemləri var

Moskva son günlər Belarusa 30 min əsgər, müasir silahlar göndərib, bu isə Soyuq Müharibə bitəndən Rusiyanın qonşu ölkənin ərazisinə ən böyük hərbi qüvvə yerləşdirməsidir. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyir.

Rusiya və Belarus bu ay birgə hərbi təlim keçirəcəklərini bildiriblər. Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığması isə onun hücuma hazırlaşması haqda ehtimallara yol açıb. Bu əsgərlərin və hərbi texnikanın bir hissəsi Ukrayna ilə həmsərhəd Belarusa yerləşdirilib.

Belarusa göndərilmiş qüvvələr

Fevralın 3-də Brüsseldə reportyorlarla danışan Stoltenberq deyib ki, Rusiyanın Belarusa göndərdikləri sırasında Speznaz xüsusi əməliyyat qüvvələri, SU-35 qırıcıları, ikili qabiliyyətli Iskander raketləri, S-400 havadan müdafiə sistemləri var.

“Bütün bunlar Rusiyanın illik nüvə qüvvələri təlimləri ilə birləşdiriləcək”, – Stoltenberq deyib.

“İkili qabiliyyətli” həm adi, həm də nüvə silahı mənasında işlənir.

NATO rəhbəri Rusiyanı vəziyyəti “de-eskalasiya etməyə” çağırıb və bir daha xəbərdarlıq edib ki, “Rusiyanın hər hansı əlavə təcavüzünün ağır hərbi nəticələri olar, buna görə ağır bədəl ödəyər”.

Rusiya isə Ukraynaya təcavüz niyyəti olmadığını deyir, amma Belarusa göndərdiyi kontingentin sayını da açıqlamır.

Vyana Sənədi

Müdafiə naziri Sergey Şoyqu təlimlər öncəsi, fevralın 3-də Belarusa gedib. O bildirib ki, təlimə qatılacaq əsgər sayı 2011-ci ildə ATƏT çərçivəsində razılaşdırılmış, Vyana Sənədi kimi tanınan qaydalara uyğun maksimum səviyyədən aşağıdır.

Vyana Sənədində nəzərdə tutulmuş maksimum səviyyə 13 minədək əsgər, 300 tank, 500 zirehli maşın, 3 min 500 paraşütçüdür. Bu səviyyə pozularsa, Rusiya əraziyə ATƏT müşahidəçilərini dəvət etməlidir.

Şoyqu Belarusu idarə edən Alyaksandr Lukaşenka ilə də görüşməlidir.

Birgə təlimlər fevralın 10-dan 20-dək keçiriləcək.

Belarusun Xarici İşlər Nazirliyi isə fevralın 3-də Ukraynanın səfirini çağıraraq, özünün dediyi kimi, hərbi dron buraxılmasına etirazını bildirib. Minsk yanvarın 24-də Ukraynadan buraxılmış dronun sərhədi pozduğunu, Belarusun hərbi təlim obyektilə bağlı casusluq etdiyini iddia edir.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü isə Belarusun etirazını provokasiya adlandırıb, ölkənin hər hansı drondan istifadə etmədiyini bildirib.

XS
SM
MD
LG