Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:20

Sədr ilə zabitin 'üzəduran' ifadəsinə görə qalmaqalı


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev helikopter qəzası haqda dediklərinə görə 5 ay həbs cəzasına məhkum edilsə də, ona qarşı daha bir açıq məhkəmə iddiası var. Ona qarşı tam şəkildə bir-birinin eynisi olan iki ayrı məhkəmə iddiası qaldırılmışdı. Partiya sədri onların birləşdirilməsini istəsə də, onun bu haqda vəsatəti rədd edilmişdi.

Helikopter qəzasından sağ çıxdığı iddia olunan ikinci hərbçi Ramin Cəbrayılovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya fevralın 28-də Yasamal Rayon Məhkəməsində baxılıb. Cəbrayılov xahiş edib ki, bu işin məhkəmə araşdırması bir qədər təxirə salınsın. Çünki səhhətində problemlər var, uzun müddət əyləşə bilmir.

"Məqsəd... prosesi yubatmaqdır"

Xüsusi ittihamçının bu vəsatəti partiya sədrini qəzəbləndirib. Cəbrayılovu "üzəduran" adlandıran Əliyev onun məhkəmə prosesinin qəsdən yubatdığını vurğulayıb: "Səhhətində problem olduğunu təsdiqləyən sənəd qoysun masanın üstünə, sadəcə sözlə olmur. İndiyə qədər şikayəti yox idi, indi nə oldu? Özünün səhhətində problem varsa, nümayəndəsi iştirak edir, onun vasitəsilə təmsil oluna bilər? Deməli, bu üzəduran adamın məqsədi başqadır, prosesi yubatmaqdır".

Cəbrayılov və nümayəndəsi "üzəduran adam" ifadəsinə etiraz edib.

Partiya sədri və vəkillərinin etirazlarına baxmayaraq, hakim Rauf Daşdəmirov xüsusi ittihamçının istəyini nəzərə alıb. Əliyevin məhkəməsi aprelin 4-nə saxlanıb.

Xatırlatma

VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir. O, Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında CM-in 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinərək 5 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Partiya sədri noyabrın 30-da qəzaya uğramış helikopterdən sağ çıxdığı bildirilən iki zabitin hadisə vaxtı helikopterdə olduğuna inanmadığını deməklə onlara böhtan atmaqda təqsirli bilinib.

Cəfərovla yanaşı, DSX-nın digər zabiti, kapitan Ramin Cəbrayılov da Əliyevə qarşı eyni məzmunlu iddia qaldırıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub. Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı helikopterdə olduğuna inanmır.

Helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub. Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

XS
SM
MD
LG