Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:13

Almaniyadan qaytarılandan sonra həbs olunan azərbaycanlı: 'Zorlama ilə təhdid etdilər'


Almaniyadan deportasiya olunandan sonra həbs edilən Mütəllim Orucov və Cəfər Mirzəyev
Almaniyadan deportasiya olunandan sonra həbs edilən Mütəllim Orucov və Cəfər Mirzəyev

Almaniyadan deportasiya olunub Azərbaycana qaytarılandan az sonra narkotik suçlamasıyla həbs olunan və bu ittihamla hazırda da həbsdə saxlananlardan biri də Mütəllim Orucovdur. İddia olunur ki, onun üzərindən 7.8 qram heroin tapılıb. Amma yaxınları iddia edir ki, Orucov Quba Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb, hətta zorlanmaqla hədələnib. Yaxınlarının sözlərinə görə, o, işgəncələr üzündən məcbur qalıb özünə aidiyyəti olmayan narkotik maddə ilə bağlı etiraf ifadəsinə imza atıb.

"Dəhşətli işgəncələr verdilər"

Orucov Quba Rayon Polis Şöbəsində baş verənlərin araşdırılması üçün sonradan prokurorluğa şikayət edib. Amma prokurorluq işgəncə faktının təsdiqini tapmadığı nəticəsinə gəlib, cinayət işi başlanması rədd edilib. Orucovun vəkili prokurorluğun sözügedən qərarının ləğvindən ötrü məhkəməyə müraciət edib.

Məhkəməyə şikayətində göstərib ki, Almaniyadan Azərbaycana qaytarıldıqdan bir müddət sonra günorta saatlarında evdə olarkən kənd bələdiyyəsinin sədri və iki nəfər mülkigeyimli şəxs gəlib, onu Quba Rayon Polis Şöbəsinə aparıblar. Orada ona Almaniyada yaşadığı dövrlə bağlı müxtəlif suallar veriblər: "Mənə müxtəlif adamların şəkillərini göstərdilər. Dəhşətli işgəncələr verdilər. Zorlama ilə təhdid etdilər...".

Orucovun işgəncə ilə bağlı şikayətinə hazırda Quba Rayon Məhkəməsində baxılır.

"Hökuməti tənqid edən paylaşımlar edirdi"

Ailə üzvləri deyir ki, o, 2009-cu ildən müxalif Azərbaycan Xalq Cəbhəçi Partiyasının (AXCP) üzvüdür, siyasi proseslərdə yaxından iştirak edir: "2016-cı ildə təzyiqlərlə əlaqədar iki övladı ilə birlikdə ölkəni tərk elədi. Almaniyada olduğu müddətdə də siyasi fəallığından qalmırdı, orada keçirilən etiraz aksiyalarında iştirak edirdi. "Facebook" hesabından da hökuməti tənqid edən paylaşımlar edirdi. Görünür, bu da qıcıq yaradırdı. Azərbaycana deportasiya ediləndən az sonra narkotik ittihamıyla şərləndi...".

Mütəllim Orucov CM-in 234.4.3 maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Orucovla yanaşı, Almaniyadan deportasiya edilmiş daha bir neçə nəfər də narkotik ittihamıyla hazırda həbsdədir. Onlar da ittihamı rədd edir.

Azərbaycan rəsmiləri isə heç kimin siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qalmadığını bildirir.

XS
SM
MD
LG